18:57, 18 Sentyabr 2019 (Çərşənbə) 901

Ekspert: “Korrupsionerlərdən savayı hamı onun zəhərli meyvələrindən dadır”

Ekspert: “Korrupsionerlərdən savayı hamı onun zəhərli meyvələrindən dadır”
"Bir işi keyfiyyətli bacarmırıqsa, bacaranların xidmətindən, məsləhətindən istifadə edək”.

Bu sözləri iqtisadçı Rövşən Ağayev "Papanin" adlanan ərazidə açılması gözlənilən yeni metro xəttinin tikintisi ilə bağlı deyib.

Bakının "Papanin" adlanan ərazisində, Hərbi Hospitalın qarşısında açılışı nəzərdə tutulan metro stansiyasına görə həmin küçə 7 ildir bağlıdır.

Rövşən Ağayev orda görüləcək işlərin çox olmadığını, ümumi olaraq 3-5 km-lik metro xəttinin çəkilişinin nəzərdə tutulduğunu deyib: "Ondan əvvəl uzunluğu heç 2 km-ə çatmayan "Avtovağzal" stansiyasının da çəkilişi az qala 7-8 il davam elədi. Yəni Bakıda 1 km metro xəttinin çəkilməsi orta hesabla ən yaxşı halda 3-4 ilə başa gəlir”.

Rövşən Ağayev İstanbulda çəkiləcək yeni metro xətti ilə Azərbaycanda çəkilən metro xətlərini müqayisə edib. Belə ki, Türkiyə mediasından yayılan xəbərə görə, İstanbul Böyük Şəhər Bələdiyyəsi 4 rayonu əhatə edəcək 18.6 km uzunluğunda metro xəttinin çəkilişi üçün Çevrə və Şəhərsalma Nazirliyindən icazə alıb.

18.6 km-lik xətt 46 aya çəkiləcək. Bu, hər 2.5 ay üçün 1 km metro xətti edir. Hər km üçün isə 43.5 milyon dollar xərclənməsi nəzərdə tutulub. Layihənin ümumi dəyəri cəmi 850 milyon dollar olacaq: "İndi bizim hökumətimiz açıqlasın görün hər km-i 3-5 ilə başa gələn metro xətlərinin çəkilişində smeta dəyəri necədir”.

"Şəffaf, hesabatlı, seçkili və iştirakçı idarəetmənin yoxluğunun fəsadları... Korrupsionerlərdən savayı hamı onun zəhərli meyvələrindən dadır”, - deyə ekspert qeyd edib.

Həmin ərazidə yaşayan sakinlər metro tikintisi ilə bağlı yolların bağlanmasına görə bir neçə dəfə etiraz aksiyası keçiriblər. Sonuncu dəfə 16 sentyabrda yenidən toplaşan sakinlər 7 ildir ki, bağlanmış yollarının bərpa edilib ictimaiyyətə qaytarılmasını tələb edirlər. 

Bu barədə danışan "Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov yeni stansiyanın 2020-ci ildə açılacağını deyib: "Təbii, texniki və digər məsələlər ortaya çıxmasa, gələn ilin axırlarına qədər yeni metro stansiyası açılacaq. Biz də yeni stansiyaların açılmasını istəyirik”.

Yeni açılacaq metrostansiya ilə bağlı çox müzakirə olunan məqamlardan biri də stansiyaya hansı adın qoyulması ilə bağlıdı. Sosial şəbəkələrdə metrostansiyaya hansı adın qoyulması ilə bağlı müzakirələr aparılıb. İstifadəçilər, əsasən, Məmməd Əmin Rəsulzadə və Mübariz İbrahimovun adının qoyulmasını istəyib. 

Bəxtiyar Məmmədov yeni metrostansiyaya ad qoyulması səlahiyyətinin Nazirlər Kabinetinə məxsus olduğunu deyib: "Biz təkliflərimizi həmin komissiyaya veririk, onlar nəzərdən keçirib Baş nazirə təqdim edir, o da imzalayır”.

"Bənövşəyi xətt”in üçüncü stansiyası, Nəsimi rayonu, Ceyhun Səlimov küçəsi, "Papanin” kimi tanınan ərazidə yerləşir. 

Uğur Fərzəli