18:27, 23 İyul 2019 (Çərşənbə axşamı) 133

Ekspert: "Media mərhələli şəkildə sıradan çıxır"

Ekspert:
22 iyul Azərbaycanda Milli Mətbuat Günü kimi qeyd olunub. 

Amma ölkədə Mətbuat Günündən daha çox medianın reklam bazarı müzakirə edilir. Reklam bazarı müstəqil media institunun əsas maliyyə mənbəyi sayılır. 

Bəs bu sahədə hazırda vəziyyət necədir?

İqtisadçı Rəşad Həsənov mediadakı reklam gəlirləri ilə bağlı araşdırma aparıb.

Araşdırmaya görə, 2014-2017-ci illər əhatə edən dövr üçün reklam bazarı 34.1% azalaraq 67.3 milyon manatdan 44.3 milyon manata düşüb. 

Bu müddət ərzində kütləvi informasiya vasitələrinin reklam gəlirləri isə 5.4 dəfə azalıb. 

3 ildə televiziyada 84.8%, radioda 49%, internetdə 54.5%, qəzet və jurnalda isə 81.7% azalma müşahidə olunub.

2017-ci ildə televiziyaların reklam gəlirləri 3 milyon 450 min manat, radioların 702 min manat, qəzet və jurnalların 44.6 min manat olub. 

İnternet üzrə gəlirlər isə 353 min manat olub.

İqtisadçı bildirir ki, medianın reklam gəlirləri bütün seqmentlər üzrə bazarın kiçilməsi ilə müqayisədə daha kəskin azalıb: "Təbii ki, bu rəqəmlər bir az da inandırıcı görünmür. Amma yenə də trend dəyişməz qalır”.

Reklam gəlirlərinin azalmasına iqtisadi durğunluq, zəif rəqabət mühiti, reklam gəlirlərinin gizlədilməsi kimi faktorların təsir etdiyi deyilsə də, ekspertə görə, bunun ən vacib səbəbi inamsızlıqdır: "Medianın neqativ reputasiyası təbii ki, bu sahədə fəaliyyət göstərən subyektlərin reytinqlərinə mənfi təsir edir. Məsələn, hər hansı bir həvəskar "youtube”in canlı yayınını 5 min-6 min adam izlədiyi halda, elə TV-lərimiz var ki, verlişlərini 200-300 nəfər baxır, ya baxmır. Yaxud bəzi saytların xəbərlərini 25-30 nəfərdən artıq oxuyan olmur. Bu isə məntiqi olaraq daha böyük kütlələrə müraciət etmək istəyən biznesin maraqlarına uyğun deyil. Nəticədə reklam sifarişləri sosial şəbəkələr kimi fərqli platformalara yönəlir”. 

İqtisadçı mediada reklam gəlirlərinin azalmasının müstəqillik kimi təməl prinsipin sarsılmasına səbəb oluduğunu deyir. 

O deyir ki, bu media üzərində himayədarlıq institutunun təsirini daha da artırır və mərhələli şəkildə media sıradan çıxır. 

Ekspert bu vəziyyətdən çıxış yolunun rəqabətli mühit olduğunu deyib: "Rəqabətli mühitdə reklam bazarından daha çox pay almaq üçün media subyektləri öz aralarında ciddi rəqabət aparır. Bu zaman əsas indikator təbii ki, reputasiyadır. Reputasiya media əxlaqının səviyyəsindən, ictimai maraqları müdafiə etmək təşəbbüsündən asılıdır. Unutmaq olmaz ki, media ictimai maraqların əsas müdafiəçisi olmalıdır”.

Dövlət Statistika Komitəsinin məlumatına görə, 2018-ci ildə Azərbaycanın çap mediasının reklam büdcəsi yüz manat olub.

Uğur Fərzəli