17:23, 30 Aprel 2019 (Çərşənbə axşamı) 421

Ekspert: Mərkəzi Bank ötən ili zərərlə başa vurub

Ekspert: Mərkəzi Bank ötən ili zərərlə başa vurub
Mərkəzi Bank 2018-ci ili 60 milyon 316 min manat zərərlə başa vurub.

2018-ci il üçün maliyyə hesabatında göstərilir ki, Mərkəzi Bankın cəmi aktivləri bu il yanvarın 1-nə 22 068,979 milyon manat təşkil edib.

Bankın 2017-ci ildə 3 milyard 513 milyon manat mənfəət etməsinin səbəbi isə Neft Fondundan 3 milyard 949 milyon manat  köçürmə olması idi.

AMB-nin aktivlərinin 16 milyard 337 milyon 898 min manatını borc qiymətli kağızları (1 il bundan əvvəl olmayıb), 4 milyard 894 milyon 585 min manatını pul vəsaitləri və onların ekvivalentləri (illik müqayisədə 9,2% az), 361 milyon 778 min manatını Beynəlxalq Valyuta Fondu ilə hesablaşmalar (2,4% az), 310 milyon 867 min. manatını isə banklara verilmiş kreditlər (22,45% az) təşkil edib.

Ekspert Rövşən Ağayevə görə, əvvəlki illərdə Mərkəzi Bankın 6.6 mlrd. manatlıq böyük məbləğdə mənfəətinin yaranması 2 mənbə hesabına formalaşmışdı: "Devalvasiya nəticəsində valyuta aktivlərinin yenidən qiymətləndirilməsi və Neft Fondundan köçürmələr. 2016-2017-ci illərdə mənfəəti hesabına 6.6 mlrd. manat dövlət büdcəsinə (əsasən dövlət şirkətlərinin ödənilməyən borclarının qaytarılmasına) köçürən MB 2018-ci ildə dövlət büdcəsinə köçürmə etməyib. Səbəb odur ki, artıq mənfəət yoxdur. Təəssüf ki, iqtisadiyyat və bank sektoru keçən ildəki izafi resursdan inkişaf üçün bəhrələnə bilmədi, səmərəli və şəffaf xərclənməsi ciddi suallar doğuran nəhəng şirkət borcları bu vəsaitləri uddu”.

Hesabatda diqqəti çəkən məqamlardan biri Beynəlxalq Banka görə "Aqrarkredit"ə qiymətli kağızların alınması yolu ilə 2015-2016-cı illərdə verilmiş 10 milyard manat borcdur. 

Ekspertə bildirir ki, bu kağızlar açıq bazarda alınıb satıla bilməz: "Verilmiş borc Mərkəzi Bankın ümumi aktivlərinin 40%-ni təşkil edir. Razılaşmaya görə, 2040-cı ilədək MB qiymətli kağızları geri qaytarmaqla borcunu geri almalıdır. 2017-ci ildə "Aqrarkredit" 518 mln. manatlıq qiymətli kağızı geri almışdı və borcun ümumi məbləği 9.482 mln. manata enmişdi. Hesabatdan görünür ki, 2018-ci ildə hər hansı geri ödəmə olmayıb və borcun məbləği dəyişməz qalıb”.

Rövşən Ağayev bu məsələdə qeyri-şəffaflıq olduğunu bildirib: "Nə Mərkəzi Bank, nə də hökumət borcun 2040-cı ilədək hansı qrafiklə qaytarılmalı olduğunu açıqlayır - hər il hansısa məbləğ geri dönməlidirmi, yoxsa bununla bağlı hər hansı öhdəlik ümumiyyətlə yoxdur”.

Azərbaycan Mərkəzi Bankı əvvəlki ili 3 milyard 513 milyon 453 min  manat mənfəətlə başa vurub. 

Qurumun maliyyə hesabatına görə, bu, 2018-ci il yanvarın 1-i ilə müqayisədə 2,5% çoxdur.

Uğur Fərzəli
Toplum Tv