18:15, 25 Sentyabr 2019 (Çərşənbə) 72

Ekspert: “Neft-qaz olmasaydı, manatın məzənnəsi fantastik dərəcədə düşərdi”

Ekspert: “Neft-qaz olmasaydı, manatın məzənnəsi fantastik dərəcədə düşərdi”
"Rusiya bizim qeyri-neft sahəsi üzrə əsas tərəfdaşımızdır”.

Bu sözləri iqtisadçı Natiq Cəfərli Azərbaycanın Rusiya ilə ticarət dövriyyəsini artırmasına münasibət bildirərkən deyib.

Bu ilin yanvar-avqust ayları ərzində Azərbaycan və Rusiya arasında ümumi dəyəri 1 milyard 828 milyon 138 min ABŞ dolları olan ticarət dövriyyəsi həyata keçirilib.

Dövlət Gömrük Komitəsinə (DGK) verdiyi məlumata görə, bu ilin 8 ayında iki ölkə arasında həyata keçirilən ticarət dövriyyəsinin payı ümumi xarici ticarətin 7,98%-ə bərabər olub.

Azərbaycanın Rusiyaya ixracının həcmi 457 milyon 742 min dollar təşkil edib. Rusiyadan idxal isə 1 milyard 370 milyon 395 min dollara bərabər olub.

İxrac keçən illə müqayisədə 11,1% çoxdur. İdxal isə 28,67% artıb. 

İqtisadçı Natiq Cəfərli bunları Rusiyanı bizim qeyri-neft sahəsində tərəfdaşımız olması ilə əlaqələndirib. 

"Bizim ixracatın 90% enerji daşıyıcılarıdır, buna görə də ölkənin ümumi ticarət dövriyyəsində neft bahalaşan kimi, yəni 60 dollardan yuxarı olan kimi müsbət saldo yaranır. Bizim şanlı hökumətimiz bu müsbət saldonu özünün uğuru kimi təqdim edir”, - deyə ekspert qeyd edib.

Ekspert müsbət saldo yaranmasına səbəb kimi London Birjasındakı neft qiymətlərini göstərib və əlavə edir ki, "Rusiya isə bizim qeyri-neft sahəsi üzrə əsas tərəfdaşımızdır”.

İqtisadçıya görə, neft-qaz nəzərə alınmadıqda Azərbaycanın ticarət balansının vəziyyətini əks etdirən ölkə Rusiyadır.

Ticarət balansı ölkənin satdığı (ixrac etdiyi) və aldığı (idxal etdiyi) malların  cəminə deyilir. Əgər ölkənin satdığı məhsulun dəyəri aldığı məhsulun dəyərindən çox olarsa, o zaman balans müsbət olur. Əksinə olduqda isə balans mənfi olur.

DGK-nın rəqəmlərindən əsasən, Rusiyadan idxal etdiyimiz 1 milyard 370 milyon dollarlıq əmtəədən ixracımız olan 458 milyon dolları çıxdıqda ortada 912 milyon dollar mənfi saldo qalır. Yəni ticarət balansımızda mənfi saldo 912 milyon dollar təşkil edib. 

İqtisadçı deyir ki, neft qaz olmasaydı, 1 dolların 5-6 manata bərabər olardı:
"Yəni, Allahın verdiyi, YAP-ın dağıtdığı nemət olan neft-qaz olmasaydı, məmləkətin ticarət dövriyyəsi hər il bərbad mənfi saldo ilə yekunlaşardı və manatın məzənnəsi fantastik dərəcədə dəyərdən düşərdi”.

Ümumilikdə, Azərbaycan Rusiya ilə ticarət dövriyyəsini 24%-ə qədər artırıb. Ötən ilin yanvar-avqust ayları ilə müqayisədə 351 milyon 138 min dollar artım olub. 

Azərbaycanın şimal qonşusu ilə ixracdakı payı ümumi ixracın 3,39%-nə, idxaldakı payı isə ümumi idxalın 14,61%-nə bərabər olub.

Uğur Fərzəli