19:43, 15 Yanvar 2020 (Çərşənbə) 409

Ekspert: “Şimaldan gələn hava Azərbaycan siyasətinə də təsir edə bilər”

Ekspert: “Şimaldan gələn hava Azərbaycan siyasətinə də təsir edə bilər”
Rusiya Prezidenti Vladimir Putin rusiyalıları onun ölkə Konstitusiyasına dəyişikliklər edilməsi ilə bağlı təkliflərinə səs verməyə çağırıb.

"Tass”xəbər agentliyin məlumatına görə, o, bu barədə Federal Məclisə mesajında bildirib.

Onun sözlərinə görə, Konstitusiyada vahid dövlət hakimiyyəti sisteminin prinsiplərini möhkəmləndirmək, Rusiya Konstitusiya Məhkəməsinin rolunu gücləndirmək və ona prezidentin sorğusu əsasında qanun layihələrinin və digər sənədlərin Konstitusiyaya uyğunluğunu yoxlamaq hüququ vermək lazımdır.

Putin əlavə olaraq bildirib ki, Rusiyada vacib vəzifələr tutan şəxslərin, o cümlədən Baş nazir, nazirlər və qubernatorların xarici vətəndaşlığı və yaşayış icazəsi olmaması vacibdir.

Siyasi şərhçi Şahin Cəfərli Toplum Tv-yə deyib ki, Putininin çıxışından Rusiyanın parlament-prezident üsul-idarəsinə keçiriləcəyi anlaşılır: "Rusiya prezident respublikası olaraq qalır, amma ölkənin idarəetmə sistemində qanunverici orqanın rolu gücləndirilir. Bu məqsədlə Dövlət Duması və Federasiya Şurasının səlahiyyətləri artırılacaq. Hökuməti artıq prezident yox, parlament formalaşdıracaq, Baş naziri də prezident təyin etməyəcək, parlament seçəcək”.

Ekspertin sözlərinə görə, Rusiyada da ABŞ-da olduğu kimi, bir şəxs yalnız iki dəfə prezident ola biləcək. Yəni 2 dəfə ardıcıl prezident vəzifəsini tutub, sonra növbəti müddət namizəd olmayıb, ondan sonra təkrar prezidentliyə namizəd olmağın önü kəsilir.

Konstitusiya Məhkəməsinin qanunvercilik prosesinə nəzarəti təmin ediləcək: "Putinə inansaq, hazırda kağız üzərində mövcud olan federalizmin də idarəçilikdə real olaraq əksini tapması, ədəmi mərkəziyyətin (desentralizasiya) təmin olunaraq yerli hakimiyyətlərin (qubernatorlar, bələdiyyələr) səlahiyyətlərinin genişləndirilməsi nəzərdə tutulur”,- ekspert belə hesab edir.

Ekspert referenduma çıxarılacaq bu təkliflərə şübhəsiz ki, "2024-cü il problemi” kontekstində yanaşmaq lazım olduğunu bildirir: "Bilirsiniz ki, 2024-cü ildə Putinin səlahiyyət müddəti başa çatır və o, prezidentliyə namizəd ola bilməyəcək. Putinin hakimiyyətdən tamamilə əl çəkib, təqaüdçü kimi öz köşəsinə çəkilməsini gözləmək sadəlövhlük olar. Putinin prezidentlikdən getsə də, hakimiyyətdə qalmasının formulunu axtarırdı. Belə görünür ki, tapıblar”, - deyə ekspert bildirir.

Ş.Cəfərli iki mümkün variantın olduğunu bildirir: 
"1. Putinin yenidən Baş nazir olması, amma bu dəfə real səlahiyyətlərlə
2. Dövlət Şurasına sədr seçilməsi.

Bugünkü çıxışında Putin Dövlət Şurasının rolunun və statusunun Konstitusiyada təsbit olunması təklifi ilə çıxış etdi. Hazırda Şura konstitusion orqan deyil, prezident yanında məşvərətçi orqandır. Şuraya prezident sədrlik edir, Federasiya Şurasının sədri, Dövlət Dumasının sədri, ali vəzifəli şəxslər (ali icra orqanlarının rəhbərləri), Dumadakı fraksiyaların rəhbərləri, federasiya subyektlərinin başçıları Şuranın üzvləridir. Əgər Konstitusiya dəyişikliyi ilə bu orqan prezidentin tabeliyindən çıxarılaraq, səlahiyyətli və prezident üstü dövlət institutuna çevrilərsə, onda Nazarbayev modelinə oxşar şəkildə Putin Dövlət Şurasının sədri - həm icra, həm də qanunverici hakimiyyət qollarının fəaliyyətini əlaqələndirən, onlara rəhbərlik edən ali lider qismində Rusiya dövlət idarəçiliyi sistemində öz yerini ala bilər".

Ekspert birinci variantın daha ağlabatan olduğunu söyləyir: "Putin Dövlət Şurasına sədrlik variantını da ehtiyatda saxlamaq istəyir”.

"Rusiyada baş verən siyasi dəyişikliklər postsovet məkanına da təsir edir və presedent yaradır. Ona görə də şimaldakı havanın Azərbaycana və hazırda aparılan siyasətə təsirləri də mümkün ehtimaldır”, - ekspert bildirib.

Roza Məmmədova