15:14, 18 Fevral 2019 (Bazar ertəsi) 492

Ekspert: "Siqaretin qiyməti idxaldan asılıdır"

Ekspert:
Azərbaycanda siqaretlərin qiyməti qalxıb. 

Bu artım satış nöqtələrində qeydə alınıb. 

2 manata qədər olan siqaretlərin hər qutusunda 20 qəpik, 2 manatdan baha olan siqaretlərin qutusunda isə 30 qəpik artım müşahidə olunub.

Kənd təsərrüfatı üzrə mütəxəssis Vahid Məhərrəmli Toplum.Tv-yə deyib ki, Azərbaycanda tütünün qiymətinin qalxması gözlənilən haldır: "Bunun da əsas səbəbi Azərbaycanda siqaret istehsalının tamamilə idxaldan asılı olmasıdır. Yəni tütünün tərkibində istifadə olunan komponentləri Azərbaycan baha alır və baha da satmalı olur. Düzdür, Azərbaycan özü tütün istehsal edir, ancaq bu gün əldə olunan siqaretin tərkibində çoxlu sayda komponent var ki, bu, Azərbaycanda istehsal olmur. O komponentləri Azərbaycanda istehsal etmək mümkün deyil. Ölkənin əhalisi azdır, əgər o komponentlər Azərbaycanda istehsal olunarsa, gərək bizim üçün daha böyük bazara çıxmaq üçün şərait yaransın. Bu isə mümkün deyil.  Rusiya kimi nəhəng rəqib var, siqaret istehsal edir və Azərbaycana ixrac edir.  Bu komponentlərin qiyməti artanda  bu da Azərbaycanda yerli siqaretlərin qiymətinin artmasına təsir edir”.

Qiymətlərin qalxmasında digər bir amil də, aksiz vergilərinin artması ola bilər: "Azərbaycanda siqaret istehsalı tamamilə idxaldan asılıdır.  Yəni əvvəllər Azərbaycan təxminən 30 faiz tütün istehsal edirdisə, indi bu, təqribən 10 faizə enib. İdxaldan asılılıq artdıqca,  qiyməti stabil saxlamaq mümkün olmur. Digər tərəfdən, hökumət spirtli içkilər, siqaret üçün aksiz vergiləri təyin edib və bu, qiymətlərin artmasına səbəb ola biləcək amildir”.

Siqaretlərin qiyməti sonuncu dəfə 2018-ci ilin sentyabrın 29-da artıb. Həmin vaxtdan etibarən pərakəndə satış obyektlərində və siqaret köşklərində "LD" siqaretlərinin bir qutusu 30 qəpik, "Sobranie" markalı siqaretlər 50 qəpik (2,8 manatdan 3 manatadək), "Kent" siqareti mağazalardan asılı olaraq 30-40 qəpiyə satılırdı.

Əminə Məmmədova
Toplum.Tv