13:30, 15 Yanvar 2020 (Çərşənbə) 342

Ekspert Təhsil Nazirliyinə təklif verdi

Ekspert  Təhsil Nazirliyinə təklif verdi
Azərbaycan Demokratiya və Rifah (ADR) Hərəkatının sədri, iqtisadçı Qubad İbadoğlu valideynlər və abituriyentlərin ixtisas seçimində yaşadıqları problemlərin həlli yollarını göstərib.

Bu barədə özünün feysbuk hesabında yazan iqtisadçının sözlərinə görə, məktəblər və universitetlər arasında fərqi nümayiş etdirən reytinq cədvəlləri tərtib olunsa, valideynlər və abituriyentlər seçim qarşısında çətinlik yaşamazlar: "Hansı orta, ali məktəb daha yaxşıdır, hansı ixtisasi seçməli, hansı peşəni öyrənməli sualları ilə tez-tez qaşılaşırıq. Mənə də çoxlu sayda bu və digər suallar ünvanlananda, çalışıram ki, cavabsız buraxmayım. Amma istinadlarım yalnız müşahidələrə və təcrübəyə əsaslanır. Belə sualları cavablandırmağın ən asan yolu məktəblər və universitetlər arasında fərqi nümayiş etdirən reytinq cədvəllərinin tərtibi ola bilər. Azərbaycanda belə reytinqlər tərtib olunmadığından valideynlər və abituriyentlər seçim qarşısında qalanda qərarlarını öz müşahidələri və başqalarının subyektiv rəyləri əsasında verirlər. Odur ki, Təhsil Nazirliyinə təklif edərdim ki, ölkədə fəaliyyət göstərən bütün (səhv etmirəmsə onların sayı 4500 ətrafındadır) dövlət məktəblərinin respublika və rayonlar üzrə reytinqinin qurulması layihəsini reallaşdırsın”.

Ekspert bildirib ki, ibtidai, orta və tam orta məktəblərin reytinq sıralaması digər ölkələrdə çoxdan tərtib edilir. Azərbaycanda bu işi görmək çox da böyük resurs tələb etmir: "Ən başlıcası, reytinq metodologiyası əsaslı olmalı və gerçək informasiyalara istinad edilməlidir. Bu zaman müəllim/şagird nisbəti, 1 sinif otağına düşən şagirdlərin sayı, buraxılış imtahanlarından əla, yaxşı, kafi, qeyri-kafi qiymət alanların cəmi imtahanda iştirak edənlərdə xüsusi çəkisi, məzun olanların sayında 1-ci ildə və sonrakı illərdə universitetlərə qəbul olanların payı, universitetə 200-300 balla, 300-400 balla, 400-500 balla, 500-600 balla, 600-650, 650-700 balla qəbul olanların cəmi qəbul olanlarda xüsusi çəkisi, xaricdə təhsil üçün müraciət edən abituriyentlərin İELTS/TOEFL/SAT imtahanlarında əldə etdiyi nəticələr də qiymətləndirmə indikatorları kimi istifadə oluna bilər. Hesab edirəm ki, belə bir metodologiya əsasında reytinq cədvəlini qarışıq və ya ayrıca olaraq dövlət və özəl məktəblər arasında ibtidai, natamam orta və tam orta səviyyələrdə, rayonlar və respublika, eləcə də azərbaycan və rus bölmələri üzrə tərtib etmək məktəblər arasında sağlam rəqabətə və təcrübə mübadiləsinə xidmət edə, eləcə də valideynlərə və şagirdlərə də istiqamət verə bilər”.

Hazırladı: Zərifə Novruz