19:00, 04 Noyabr 2019 (Bazar ertəsi) 75

Ekspertlər televiziyaya ayrılan vəsaiti şərh edir

Ekspertlər televiziyaya ayrılan vəsaiti şərh edir
"2 televiziya birlikdə büdcədən 45 milyon manata qədər vəsait "yeyəcək"".

Bunu Demokratiya və Rifah Hərəkatının sədri, iqtisadçı Qubad İbadoğlu gələn ilin büdcə xərclərini şərh edərkən deyib. 

O, "Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinə və "İctimai Televiziya və Radio” Yayımları Şirkətinə ayrılacaq vəsaitin çox olduğuna diqqət çəkib və yeni doğulan körpəyə ayrılan müavinətlə müqayisə edib:
 
 

"Azərbaycanda yeni doğulan uşağa görə 90 manat birdəfəlik müavinət verilir. İşləyən qadın "analıq məzuniyyəti” dövründə hər ay üçün müavinət alır. Anaya işə çıxmırsa, uşağı 1 yaş yarıma çatanadək 20 manat müavinət, 3 yaşadək isə 15 manat verilir. Hər doğulan uşağa müavinəti 200 manatdan 600 manata necə qaldırmaq olar? Növbəti büdcə ili üçün nəzərdə tutulan 212 milyon manatlıq subsidiyanın Azərbaycan 32 milyon 894 min manatı "Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinə, 11 milyon 994 min manatı "İctimai Televiziya və Radio” Yayımları Şirkətinə ayrılacaq. Göründüyü kimi 2 telekanal birlikdə büdcədən 45 milyon manata qədər vəsait "yeyəcək". Halbuki, həmin telekanallar kommersiya fəaliyyətindən, eləcə də reklam yerləşdirilməsindən kifayət qədər pul qazana bilər. Bu vəsait hesabına uşağın doğulması ilə bağlı müavinəti 3 dəfə artırıb 200 manatdan 600 manata qaldırmaq olardı”.

Media hüququ üzrə mütəxəssis Xalid Ağaliyev isə Toplum TV-yə deyib ki, Azərbaycan Avropa Şurasına üzv olduğu müddətdə üzərinə belə bir öhdəlik götürmüşdü ki, medianın dövlətsizləşdirilməsi sahəsində addımlar atılacaq. Bu, o deməkdir ki, dövlətdən maliyyələşən bütün media qurumları ləğv olunacaq və Azərbaycanda ictimai yayım yaradılacaq:
 
 

"Daha dəqiq desək, o zaman Azərbaycan Dövlət Televiziyasının ləğv olunması və onun əsasında İctimai Televiziyanın yaradılması planlaşdırılırdı. Amma hökumət vəzifə öhdəliklərini icra etmədi. Ayrıca bir İctimai Televiziya yaratdı.  Azərbaycan Dövlət Televiziyasını isə qapalı səhmdar cəmiyyətinə çevirdi. Yəni zahirən elə bir görkəm yaratdı ki, bu, səhmdar cəmiyyətdir, dövlətin nəzarətindən çıxır. Amma AzTV Qapalı Səhmdar Cəmiyyətinə çevrilsə də, onun bütün səlahiyyətləri dövlətin əlində qalır. Biz hər dəfə dövlət büdcəsindən AzTV-yə ayrılan pulları müzakirə edirik. Bunun yolu odur ki, AzTV ictimailəşsin. AzTV-nin səhmləri hökumətin nəzarətindən çıxarılmalıdır. Bu yolla məsələ həll oluna bilər. Mən hesab edirəm ki, hər il milyonlarla pulun ayrılması əlavə məsrəfdir. İTV-nin maliyyələşməsinə gəlincə, mexanizmlər üzərində düşünülməlidir. İTV-nin büdcədən asılı qalması məsələsi aradan qaldırılmalıdır. Cünki büdcədən asılı olan televiziya hükumətdən asılı olur. Hökumətin siyasətinə dəstək verir”.

Şəmsiyyə İbişova