Müsahibə

Elçin Şıxlı: “Kostyum geyinib qalstuk taxanlar dövlət başçısının gələcəklə bağlı layihələrini puç edirlər”

13 Yanvar, 2021
768
Elçin Şıxlı
FOTO: Sputnik.az
 
"Toplum TV”-nin müsahibi Azərbaycan Jurnalistlər Birliyinin sədri, «Ayna-Zerkalo» qəzetinin baş redaktoru Elçin Şıxlıdır.

- Bir müddət öncə Azərbaycanda İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi yaradılmışdı. Bu zaman zərfində iqtisadi islahatlar baxımından köklü dəyişiklik olmadı. İndi də Dördüncü Sənaye İnqilabı təhlili və kommunikasiya mərkəzi yaradılıb.  Bunun ölkəyə nə kimi faydaları olacaq? Əhəmiyyəti nədir?

- 2012-ci ildə prezidentin fərmanı ilə Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyi ləğv edilərək əvəzində eyniadlı dövlət şirkəti yaradılmışdı. Şirkət 2020-ci ilə qədər Azərbaycanda enerjinin müəyyən faizinin alternativ və bərpa olunan enerji hesabına ödənilməsini təmin etməliydi. Nəticədə Quba-Xaçmaz yolu istiqamətində 1-2 yel dəyirmanı qoyuldu. İndi o tərəfdə maksimum 10-15 belə dəyirman var. Günəş batareyaları fabriki açılmışdı… Amma təəssüf ki, şirkət öhdəliklərini yerinə yetirmək üçün heç bir iş görmədi və qoyulan vəsaitlər darmadağın edildiyi üçün ölkə rəhbəri onu ləğv edib başqa qurum yaratdı. Həmin qurum da bizim Energetika Nazirliyinin nəzdindədir. Adı Azərbaycan Respublikasının Energetika Nazirliyi yanında Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyidir. Bu qurum da indiyə kimi heç bir iş görməyib və onlara edilən müraciətlərə də heç bir cavab yoxdur. Yəni dövlət rəhbəri tərəfindən təqdim olunan, irəli sürülən bu işlər bizim məmurcuqların, işdən başı çıxmayan dövlət işçilərinin əlində məhv edilir. Bu da bizim idarəetmə sistemindəki müəyyən problemlərdən irəli gəlir - qohumbazlıq var, yerlibazlıq var, nepotizm baş alıb gedir. Çox təəssüf ki, iş bacaran adamlar qalır qıraqda, işdən başı çıxmayanlar, kostyum geyinib qalstuk taxanlar dövlətin, dövlət başçısının gələcəklə bağlı layihələrini puç edirlər.
Sözün düzü, mən ümid etmək istəyirəm ki, yeni yaradılacaq mərkəz bu məsələlərdən xali olacaq. Əks halda biz ölkə olaraq sənaye malları istehlakçısı və xammal mənbəyi kimi qalacağıq. Məlumdur ki, büdcəmizin 80-90 faizi neft-qaz sektoru hesabına doldurulur. Yerdə qalan qeyri-neft sektoruna nə qədər diqqət yetirilirsə də, hələ ortalıqda bir şey yoxdur. Bu sektor da əsasən kənd təsərrüfatından ibarətdir. Artıq dördüncü sənaye inqilabından söhbət gedir, amma biz heç üşüncüsünü tam yerinə yetirməmişik. Avropanın bir çox ölkəsində bu proses hələ də davam edir. Pandemiya dünyanı innovasiyaların tətbiqinə yaxşı mənada məcbur edir. Məsələn, onlayn təhsili buna misal göstərmək olar. İllər öncə yazdığım məqaləmdə qeyd etmişdim ki, süni intellekt  müharibələrdə də tətbiq olunacaq. Bizim 44 günlük vətən müharibəsi yeni hərbi texnologiyaların tətbiqində, inkişafında süni zəkanın nə qədər əhəmiyyətli rol oynadığını sübut etdi. Məsələn, dronlarda süni zəka elementlərindən də istifadə olunub və nəhayət, biz də yavaş-yavaş o dronlardan istehsal etməyə başlamışıq. Yəni innovasiyalar, texnologiyalar olmasaydı, şəhidlərin sayı bəlkə də 2 dəfə artıq ola bilərdi. Bu baxımdan dördüncü sənaye inqilabı istiqamətində atılacaq addımlar mütləqdir. 

- Xaricdə süni intellektli sistemlər vasitəsilə su və gübrə ehtiyatlarından az istifadə edərək məhsuldarlığı artırmaq təcrübəsi var. Azərbaycanda kənd təsərrüfatında yeni texnologiyaların tətbiqindən danışmaq olarmı?

- Yeni texnologiyalar tətbiq edilmədən kənd təsərrüfatının özü də xeyirlə işləməyəcək. Məsələn, damcı üsulu ilə suvarma var. İsraildə bəlkə 40 ildir bundan istifadə edirlər və bu üsulla suvarma nəticəsində qupquru yəhudilər səhrada – ciddi su problemi olan israildə meşə salıblar. Biz bir çox əmtəələri xaricdən gətiririk, satdığımız isə ancaq neft və qazdır. İndi bir az kənd təsərrüfatını inkişaf etdirmək istəyirik, amma məhsulumuz heç özümüzə də çatmır. Taxılı alırıq, digər dənli bitkiləri alırıq. Məsələn, bizdə istehsal olunan dənli bitkilərin bir çoxu ancaq yem üçündür, yüksək keyfiyyətli deyil. Pambıqla da dünya bazarında rəqabət aparmaq çox çətindir, çünki miqdarı azdır və Pakistan, Hindistan, Misir, Qazaxıstan, Özbəkistandakı miqd
ara çata bilmirik. Pambıq becərə bilərik, amma bu, çıxış yolu deyil. Bizə innovasiya və texnologiyalar, bunları da idarə edə bilmək üçün təhsil lazımdır.

- Qeyd etdiniz ki, Azərbaycanda hələ üçüncü sənaye inqilabı bitməyib. Dördüncü sənaye inqilabına keçid üçün Azərbaycan ilkin olaraq haradan başlamalıdır ki, dünya ilə ayaqlaşa bilsin?

- Məncə, burada ən birinci məsələ təhsildir. Təhsilin səviyyəsini yüksəltməsək, təkmilləşdirməsək dünya ilə ayaqlaşmağımız çox çətin olacaq. Hər şey faciəvi ola bilər. Nə mənada faciəvi ola biləcəyini izah edim. Bizdə populyar olan peşələr hansılardır? Əvvəllər hamı hüquq fakültəsinə girirdi, böyük əksəriyyət polis olmaq istəyirdi. Yəni heç nə etmirsən və SSRİ-dən qalma bir ənənə olan rüşvət yolu ilə kef içində yaşayırsan. Təxminən son 15-20 ildə bizim ideologiyaya baxanlar cəmiyyəti elə bir vəziyyətə saldılar ki, hamı ancaq mahnı oxumaq, oynamaq, hoppanıb-düşmək istəyir. Təhsil almaq istəyən yoxdur. Özlərinə müğənni deyənlərin böyük əksəriyyəti heç notun nə olduğunu bilmirlər. Biri diskə üç-dörd mahnı yazdırır, sonra o diski qoltuğuna vurub başlayır toyxanaları gəzməyə. Nəticədə bir-iki ildən sonra xeyli pul qazanır, özünə ev tikdirir, bağ, maşın alır və gənclər də baxır ki, təhsil alanlar, oxuyanlar, elm dalınca gedənlər bütün bu maddi nemətlərdən heç birinə çata bilmir. Təbii ki, beyni işləyən, zəkası, intellekti olanlar belə etmirlər, amma təəssüf ki, çoxluq asan yol axtarır. Azərbaycanın üçüncü, dördüncü sənaye inqilabı ilə ayaqlaşması üçün mütləq və mütləq təhsilin səviyyəsini qaldırmaq lazımdır. Eyni zamanda biz xaricə gedib orada süni intellekt sahəsində işləyən, bizdə zəif tədris olunan texniki predmetlər üzrə təhsil almış gəncləri Azərbaycandan uzaqlaşdırmamalıyıq. Beyin axınının qarşısını almalıyıq. Biz, tutalım, yüz adamdan heç olmasa, əlli-altmışını Azərbaycanda saxlamalı və onlara şərait yaratmalıyıq ki, dövləti, hökuməti, milləti irəliyə aparsınlar. 

- Universitetlərdə hansı ixtisaslar əlavə edilməlidir ki, dördüncü sənaye inqilabına keçid edə bilək?

- Təbii ki, bunlar texniki fənlərdir, amma gərək bunların da dünya konyunkturasını əməlli-başlı öyrənək. Bilməliyik ki, dünyada hansı yeni peşələrə ehtiyac duyulur. Məsələn, Skandinaviya ölkələrində çox adam heç də ali təhsil almağa çalışmır. Orada peşə təhsili üstünlük təşkil edir. Biz də dünyada gedən texnoloji prosesləri yaxşı öyrənməliyik və peşə konyunkturasının nədən ibarət olduğunu aydınlaşdırmalıyıq. Bundan sonra strateji proqramlar hazırlayıb işə başlamalıyıq və gecikməməliyik. Məsələn, üçüncü sənaye inqilabı haqqında çox danışan, onun haqqında əsər yazan, bir çox ölkələrə mütəxəssis kimi dəvət olunan amerikalı futuroloq və alim Ceremi Rifkin 2017-ci ildə Qazaxıstanda keçirilən ekspo-sərgidə əsas aparıcılardan biri idi. Qazaxıstan hökuməti Ceremi Rifkin kimi aparıcı mütəxəssisi ölkəyə gətirib orada mühazirələr oxutdurdu, o da sərgi iştirakşılarına, xüsusən də Qazaxıstan məmurlarına üçüncü sənaye inqilabının nə demək olduğunu izah etdi. Demirəm ki, Qazaxıstan artıq o inqilabı yekunlaşdırıb, amma hər halda onlar 2017-ci ildə artıq bu barədə düşünürdülər və biz də prosesdən geri qalmamalıyıq.
Biz hansı peşələrə daha çox tələbat olduğunu dəqiqləşdirməliyik və bu istiqamətdə işləməliyik. Amma burada belə bir məqam da var ki, o sahələrdə çalışmağı seçənlərin məişət problemləri olmamalıdır. Yəni  məvacibləri kifayət qədər olmalıdır ki, çörək pulunu hardan tapım deyə baş sındırmasınlar.

- 3 il əvvəlki müsahibənizdə demisiz ki, istehsal sənayesi olmayan ölkələr nəinki müstəqilliyini, hətta dövlətçiliyini itirəcək və qlobal korporasiyalar tərəfindən idarə olunan ərazilərə çevriləcək. 

- Bu proseslərdən irəli gələn bir fikirdir, özümdən uydurmamışam. Bunu üçüncü və dördüncü sənaye inqilabı barədə yazan, onun elementlərini, ünsürlərini təsnif edən insanlar deyirlər. Biz anlamalıyıq ki, artıq dünya üçün xammal əlavəsi olmamalıyıq. Biz ancaq xammal istehsal edirik və başqalarına ötürürük. Bir çox başqa şeyləri isə biz ancaq istehlak edirik. Rusiyanı götürək. Əttrafında böyük siyasi qalmaqal olan "Şimal axını 2” layihəsi üzrə qaz kəmə
rinin Baltik dənizinin dibindən çəkilən hissələri hazırdır. Amma Amerikanın sanksiyalarına görə bütün qərb ölkələri dənizinin təxminən 150-200 km-lik ərazisində o borunu çəkməkdən imtina etdilər. Putin də dedi ki, özümüz çəkəcəyik. Ona elə gəlirdi ki, Rusiyada hər şey var. Amma sonradan məlum oldu ki, lazım olan dərinlikdə boru kəmərini quraşdıra biləcək texnologiyalar, gəmilər, xüsusi qurğular yoxdur. Beləliklə də milyardlarla investisiya qoyulmuş "Şimal axını 2” yarımçıq qaldı. Dediyim odur ki, öz texnologiyan yoxdursa, başqalarından asılı olursan. Ona görə də biz bu texnologiyalardan baş açmalıyıq. Məsələn, Azərbaycana neft və qaz yataqlarının istismarı üçün xarici  şirkətləri dəvət etmişik, amma burada söhbət təkcə investisiyalardan getmir. Söhbət həm də texnologiyalardan gedir. Rusiyanın OPEC ölkələrində problemi nədən ibarətdir? Səudiyyə Ərəbistanındakı neft daha keyfiyyətlidir, həm də Rusiyadakıyla müqayisədə daha az dərinlikdədir, maya dəyəri xeyli azdır. Sibirdə şaxta olduğundan torpaq donur və bunun texnoloji problemləri var, həm də orda neft yerin dərin qatlarındadır. Onu çıxartmaq üçün isə bir çox hallarda Rusiyanın texnologiyası yoxdur. Ona görə də onların neftinin maya dəyəri yüksəkdir. Rusiya inkişafa getməsə, innovasiyalardan istifadə etməsə, xammal əlavəsinə çevriləcək və artıq çevrilməkdədir. Rusiya buna görə siyasi cəhətdən bütün qonşularına və həmsərhəd olduğu ölkələrə qarşı çox eksponsianist siyasət yürüdür. Çünki öz ərazisində olan sərvətlərdən istifadə etmək üçün onun nə kifayət qədər zəkası var, nə də texnologiyası. Demirəm ki, orada alimlər yoxdur. Var, amma onların Covid-19 əleyhinə  "Sputnik V” peyvəndini dünyada heç kim qəbul etmir. Rusiya öz daxili standartlarına uyğun olaraq deyir ki, bu peyvənd yaxşıdır və Covid-19-un qarşısını alır. Hərçənd sabah Avropa Birliyi ölkələri sərhədləri açanda o peyvəndi vurduranları öz ölkələrinə buraxmayacaqlar. 

- Bəziləri hesab edir ki, xərclərin azaldılmasına yönəldilmiş strategiyalar innovasiyanın inkişafını nəzərdə tutan strategiyaya nisbətən daha az effektiv olacaq. Bu haqda siz nə düşünürsünüz?

- Əvvəllər yeddi-səkkiz, maksimum on ildən bir qlobal iqtisadiyyatda geriləmə olurdu, böhran yaşanırdı. Bir il, il yarımdan sonra dünya iqtisadiyyatı həmin böhrandan yavaş-yavaş çıxırdı, ancaq əvvəlki tempə qayıda bilmirdi. Köhnə, ənənəvi üsullarla qlobal böhranı aradan qaldırır, onu sabitləşdirirdilər, amma bu proses get-gedə tezləşir. Bu gedişlə sənayedə, istehsalda yeni innovativ metodlardan istifadə olunmasa, köhnələrə istinad edilsə, həmişə böhran içində qalacağıq. Trampı bəyənməsəm də o, gələn kimi Amerikada işsizliyin sayını azaltdı. Nəyin hesabına? Amerika şirkətlərinin Çində, uzaq Şərq ölkələrində, şərqi Asiya ölkələrində açdıqları müəssisələri, fabrik və zavodları, istehsalatı yenidən Amerika Birləşmiş Ştatlarına qaytardı. Nəyə görə? 15-20 il bundan əvvəl Avropada, Amerikada işləyən fəhləyə 5 avro və ya  5 dollar ödənilirdisə, Çində çalışanlar 50 sentə işləyirdi. Buraxılan məhsulun maya dəyəri aşağı olsun deyə bütün istehsalat zəif inkişaf etmiş ölkələrə köçürülmüşdü, amma indi Çində və digər üçüncü dünya ölkələrində də 50 sentə işləmək istəyən yoxdur. Oradakılar da 5 avro, yaxud dollar istəyir. Ona görə də həmin ölkələrdə istehsal olunan malların maya dəyəri Amerika və Avropadakına çatır. Bunun daşınma pulunu da üstünə gələndə əmtəənin maya dəyəri artır. Satıcılar da öz faizlərini əlavə edəndə əmtəə daha da bahalaşır, istehlakçının onu almağa maddi imkanı olmur və inkişaf dayanır. Hansısa bir əmtəəni istehsal edəndə, o maliyyə dövr etməlidir. Yəni istehsalata qoyulan vəsait istehsalçıya xeyir gətirməlidir. Yaxşı satış olmayanda, mənfəət az olur və həmin istehsalat çökür. Bu nöqteyi-nəzərdən Tramp o fabrik, zavodların bir qismini Amerikaya gətirdi və həm yerli camaatın işi oldu, həm də daşınmaya verilən pullar azaldı, əmtəənin maya dəyəri də bir o qədər baha olmadı.

- Yəni devalvasiya qaçılmaz olacaq deyirsiniz?

- Təbii. Amma dördüncü sənaye inqilabının məntiqi bundan ibarətdir ki, istehsal tələbə uyğun olmalıdır. Məsələn, bizim indi qolumuzda ağıllı sa
atlarımız var. Mən baxıram ki, bu gün neçə kilometr getdim, stressin səviyyəsi nədir, qanımdakı oksigenin faizi nədir və sairə. Hər dəfə proqramlar yenilənir və təsəvvür edin ki, dördüncü sənaye inqilabı hərtərəfli oturuşandan sonra saat məndən xəbərsiz onu istehsal edən fabrikə xəbər göndərəcək ki, proqramı yeniləməyin xeyri yoxdur, mən köhnəlmişəm, əvəzimə yenisi göndərin. Bu, həmin süni intellektdir və saatın ötürdüyü xəbərə əsasən onu istehsal edən zavod və ya fabrik tələbata uyğun sayda saat istehsal edir, sonra da özü mənə xəbər göndərir ki, al, bu sənin üçün təzə saat, köhnəni mən götürdüm. Təbii ki, əlavə pul ödəməli olacaqsan. Məsələn, Elon Maskın "Tesla”sı süni intellektə malikdir, sizin həmişə getdiyiniz yolda bir çökək varsa, yaxud sürəti artırmamaq üçün yolda xüsusi maneələr quraşdırılıbsa, həmin yeri yadında saxlayır və sürücü unutmuş olsa belə, avtomobil həmin yerin qarşısında əyləci basaraq sürəti azaldır. Bundan başqa, hazırda 3D printerlər vasitəsilə hansısa əşyalar yaradılırsa, lap yaxın gələcəkdə yeni nəsil additiv printerlərdə hətta insan əzaları və orqanları da hazırlana biləcək, donor axtarmağa ehtiyac qalmayacaq. Dünya bu istiqamətdə inkişaf edir. 


Mira Rəcəbli

Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.

Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.

Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplum.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplumtv/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06

Müsahibə

İH şöbə müdiri: Problem müharibə iştirakçılarının işsizliyidir

17 İyul 2022

Toplum TV

Qazi Elvin Cəfərovun Sabirabad rayon İcra Hakimiyyəti qarşısında özünü yandırmasından sonra Toplum TV icra başçısı Siraqəddin Cabbarova  iki  dəfə müsahibə üçün müraciət edib, ancaq başçı hər dəfə çox məşğul olduğunu bildirərək müsahibə verməyib. Suallara  Sabirabad rayon İcra Hakimiyyəti yanında Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Müslüm Rzayev cavab verib. -Elvin Cəfərovdan başqa da Sabirabadda qazi intiharları olub. Sizcə niyə qazilər etiraz üçün son varianatı - intiharı seçirlər? - Özünü asan qazini nəzərdə tutursunuz yəqin. Onun da ailəsi intiharın səbəbi ilə bağlı müraciət edib, bizim rəhbərlik onları qəbul edib, dinləyib. Kim bu barədə soruşursa, öyrənmək istəyirsə,...
Müsahibə

Rasim Balayev AKİ-yə sədr seçildi

31 May 2022

açıq mənbədən götürülüb

Azərbaycan Kinematoqrafçılar İttifaqının (AKİ) İdarə Heyətinin ümumi yığıncağı baş tutub. Report-un xəbərinə görə, Xalq artisti Rasim Balayev ittifaqın sədri seçilib. Toplantını Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anar Rzayev açıb və ittifaqın sədrliyinə Rasim Balayev namizədliyinin irəli sürüldüyünü deyib. Anar Rzayev seçkinin açıq səsvermə ilə keçirilməsini təklif edib və onun təklifi qəbul olunub. Açıq səsvermə ilə Rasim Balayev Azərbaycan Kinematoqrafçılar İttifaqının yeni sədri seçilib. İttifaqın əvvəlki sədri Xalq yazıçısı Rüstəm İbrahimbəyov martın 10-da Rusiyada vəfat edib. O, Birinci Fəxri Xiyabanda dəfn olunub.

Seçilmiş Videolar

Toplum TV loqo