13:39, 13 Mart 2019 (Çərşənbə) 297

Elçin Şıxlı məhkəmədə ifadə verib

Elçin Şıxlı məhkəmədə ifadə verib
Azərbaycan Jurnalistlər Birliyinin sədri Elçin Şıxlı rəhbərlik etdiyi "Ayna” və "Zerkalo” qəzetlərinin redaksiyasında "Teref.info” saytının yerləşməsinə imkan verdiyinə görə Bakı Ağır Cinayətlər Məhkəməsində dindirilib.

Martın 13-də hakim Zeynal Ağayevin sədrliyilə "Teref.info” saytının baş redaktoru, Qarabağ müharibəsinin iştirakçısı, "Bozqurd” batalyonunun komandiri Nurəddin İsmayılovun (Xoca) işi üzrə məhkəmə prosesi davam etdirilib.

Şahid qismində ifadə verən E.Şıxlı bildirib ki, onu N.Xocanın işi üzrə istintaq vaxtı prokurorluqda da dindiriblər. Orada verdiyi ifadəni təsdiqləyir. E.Şıxlı həmin ifadəsində bildirib ki, N.Xocanın işləməyə yeri olmadığına görə öz redaksiyasında ona yer verib.

N.Xoca Gəncə şəhər İcra Hakimiyyətinin sabiq başçısı Elmar Vəliyevin güllələnməsi və Mingəçevir Su Elektrik Stansiyasındakı qəzalar barədə "Teref.info” saytında yayımlanan yazılara görə Cinayət Məcəlləsinin 281 (dövlət əleyhinə çağırışlar), 309 (vəzifə səlahiyyətlərini aşma) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham olunur.

N.Xocanın vəkili Elçin Sadıqov həmin yazılara rəy vermiş ekspert Bəxtiyar Əliyevin məhkəmədə dindirilməsi barədə vəsatət qaldırıb. Ekspertiza rəyində iş materiallarına əlavə olunmuş yazılarda dövlət əleyhinə çağırışlar olduğu iddia edilir.

Vəkil bildirib ki, B.Əliyev gəlsin, rəyini əsaslandırsın: "Çünki həmin yazılarda dövlət əleyhinə heç bir çağırış yoxdur”.

Məhkəmənin vəsatətlə bağlı qərarı növbəti məhkəmə iclasında açıqlanacaq. Proses martın 18-nə qədər təxirə salınıb.

N.Xoca özünü təqsirli bilmir və rəhbərlik etdiyi saytdakı yazılarda dövlət əleyhinə çağırışlar olmadığını bildirir. Onun sözlərinə görə, yazılar başqa saytlardan, o cümlədən "musavat.com”dan götürülüb: "Mənim saytımda sadəcə, harın məmurlar tənqid olunub”.

Meydan Tv