11:12, 25 Mart 2019 (Bazar ertəsi) 211

Eldar Sabiroğlunun səhhəti pisləşib

Eldar Sabiroğlunun səhhəti pisləşib
Müdafiə Nazirliyinin mətbuat xidmətinin keçmiş rəhbəri Eldar Sabiroğlu səhhətinin ağırlaşması səbəbindən martın 20-də Türkiyəyə aparılıb. Ancaq ondan əvvəl Gürcüstan paytaxtı Tbilisidə klinikaların birində müayinədən keçib, sonra Ankaraya yola salınıb.

Bunu Azadlıq Radiosuna Eldar Sabiroğlunun oğlu, martın 16-da prezidentin imzaladığı əfv sərəncamı ilə azadlığa çıxan keçmiş müstəntiq Rüfət Səfərov bildirib.

Rüfət Səfərov deyib ki, atasının durumu martın 19-da axşam pisləşib və bir gün sonra Azərbaycanı tərk ediblər:

"Atamda ürək və sinir sistemində problemlər olub, amma mənimlə bağlı işgəncə faktlarını eşidəndən sonra vəziyyəti daha da pisləşdi. Mən atamın səhhətinin ictimailəşməsini istəmirdim, mühacirətdə olan dostlar onunla əlaqə saxlayandan sonra məlumatı yaydılar. Hazırda atam Ankarada klinikalardan birindədir ”.

Rüfət Səfərovun sözlərinə görə, həbsdə olarkən vəkili Bəhruz Bayramovdan xahiş edib ki, işgəncəyə məruz qalması barədə məsələləri atasından gizlətsin:

"O da imkanı daxilində buna nail olmuşdu. Amma atam hansısa yollarla informasiya əldə etmişdi. Ondan sonra səhhətində problemlər intensiv xarakter aldı”.

Rüfət Səfərov azadlığa çıxdıqdan sonra atası Eldar Sabiroğlu oğlu ilə bağlı bəzi açıqlamalar vermişdi. O, oğlunun həbsdə işgəncə və təhqirə məruz qaldığını açıqlamışdı. Həmin açıqlamaya rəsmi qurumlar, hər hansı münasibət bildirməmişdilər. 
Amma Rüfət Səfərov həbsdə olduğu müddətdə də Eldar Sabiroğlu oğlunun təzyiqlərə məruz qaldığını iddia edirdi.O, bu yaxınlardakı açıqlamasında isə oğlunun həbsxana həyatını daha acınacaqlı vəziyyətdə təqdim etmişdi.

Penitensiar Xidmət rəsmiləri isə bir qayda olaraq işgəncəlrlə bağlı şikayətləri təkzib edirlər. Onların demələrinə görə, Azərbaycanın cəzaçəkmə müəssisələrində məhbuslarla yalnız qanun çərçivəsində davranılır.

R.Səfərov 2015-ci il dekabrın 20-də hüquq-mühafizə sistemində vəziyyəti tənqid edərək işdən çıxdığını bəyan edib.Həmin vaxta kimi R.Səfərov Zərdab Rayon Prokurorluğunun müstəntiqi olub.

2015-ci il dekabrın sonunda R.Səfərov saxlanılıb və təkrar rüşvət almaqda təqsirli bilinərək, barəsində 3 aylıq həbs-qətimkan tədbiri seçilib. 2016-cı ilin yanvarında barəsindəki həbs-qətimkan tədbiri ev dustaqlığı ilə əvəz edilib. 2016-cı ilin sentyabrında Lənkəran Ağır Cinayətlər Məhkəməsi R.Səfərov barəsində 9 il müddətinə azadlıqdan məhrumetmə qərarı verib.

R.Səfərov keçmiş YAP-çı deputat, uzun müddət Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəhbəri olmuş Eldar Sabiroğlunun oğludur. O, verilən ittihamı qəbul etmirdi.

Prezident İlham Əliyevin bu il martın 16-da imzaladığı əfv sərəncamı ilə, martın 17-də azadlığa çıxıb.