21:25, 11 Sentyabr 2019 (Çərşənbə) 182

Əli Kərimli: “Bu, iqtidar-müxalifət dialoqu deyil”

Əli Kərimli: “Bu, iqtidar-müxalifət dialoqu deyil”
"Düzgün olaraq məni dəvət etməyiblər. Çünki belə bir absurd mövzuda və tədbirdə iştirak etməzdim”.

Bunu Toplum.Tv-yə Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri Əli Kərimli bəzi siyasi partiyaların keçirdiyi dəyirmi masaya münasibət bildirərkən deyib.

Əli Kərimli qeyd edib ki, Azərbaycanın daxili siyasətinə, xüsusilə də, seçkilərə heç bir xarici müdaxilə yoxdur: "Deyirlər ki, ölkənin daxili siyasətinə, seçkilərə xarici təsir var. Əsassız yanaşmadır. Dəyirmi masada müzakirə edilən mövzu, ümumiyyətlə, absurddur. Ona görə də bu, heç bir halda iqtidar-müxalifət dialoqu hesab oluna bilməz. Mən bildiyimə görə, iştirakçılar özləri də ictimai rəyin təpkisini nəzərə alaraq  bunun dialoq olduğunu deməyə cəhd etməyiblər”.
 
Mühacirlərlə bağlı iddialara gəlincə, AXCP sədri bildirib ki, Azərbaycan siyasi mühacirətinin böyük əksəriyyəti ölkədə məhz demokratik dəyişikliklər istəyir və bunun üçün də çalışır: "Mühacirətlə bağlı birmənalı şəkildə münasibət bildirmək, mühacirəti bütövlükdə az qala xarici qüvvələrin əlində vasitə kimi qiymətləndirmək, hamını ucdantutma söyüşcül elan etmək həddindən artıq məntiqsiz və saxta yanaşmadır. Mühacirətdən yayılan televiziyaların əksəriyyəti ölkədə demokratik dəyişikliklərə informasiya dəstəyi verir. Mühacirətdə olan insanların mütləq əksəriyyəti sivil və mədəni mübarizənin və Azərbaycanın demokratikləşib Avropaya inteqrasiya etməsinin tərəfdarıdır”. 

"Biz istənilən halda söyüşün əleyhinəyik”

Əli Kərimli qeyd edib ki, ölkənin daxilində də hökumətin himayəsində söyüş söyənlər var: "Təəssüf ki, xaricdə də hakimiyyətə yaxın belə adamlar çoxdur. Həmin adamlara biz öz mövqeyimizi birmənalı nümayiş etdirmişik. Bizim üçün söyüşün daxildən və ya xaricdən səsləndirilməsinin fərqi yoxdur. İstənilən halda biz söyüşün əleyhinəyik. Amma bunu bəhanə gətirib bütövlükdə mühacirətdəki minlərlə demokratiya və dəyişiklik uğrunda mubarizə aparan insanları bu şəkildə qaralamaq, əlbəttə ki, saxta bir işdir və özləri də bilirdilər ki, biz bu tədbirdə iştirak etmərik”.

Sentyabrın 11-də Bakıda siyasi partiyalar, media və vətəndaş cəmiyyəti nümayəndələrinin iştirakı ilə "Siyasi partiyalar siyasi proseslərə xarici müdaxilə cəhdlərinə qarşı” mövzusunda "dəyirmi masa" keçirilib.

Ana Vətən Partiyasının sədri Fəzail Ağamalı bildirib ki, görüşə AXCP sədri Əli Kərimlidən başqa bütün müxalifət partiyaları dəvət edilib.

Hakim Yeni Azərbaycan Partiyasının iştirak etdiyi tədbirdə Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu, Azərbaycan Xalq Partiyasının sədri Pənah Hüseyn, AĞ Partiyanın sədri Tural Abbaslı, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Qüdrət Həsənquliyev, Böyük Quruluş Partiyasının sədri Fazil Mustafa, Vəhdət Partiyasının sədri Tahir Kərimli, Vətəndaş və İnkişaf Partiyasının sədri Əli Əliyev, habelə Sosial Tədqiqatlar Mərkəzinin rəhbəri Zahid Oruc, Dilarə Əliyeva adına Qadın Hüquqlarını Müdafiə Cəmiyyətinin sədri Novella Cəfəroğlu, "Konstitusiya" Araşdırmalar Fondunun prezidenti Əliməmməd Nuriyev, Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz, REAL TV-nin rəhbəri Mirşahin Ağayev və başqaları iştirak ediblər.

"Dəyirmi Masa" bitdikdən sonra ortaq bəyanat qəbul edilib.

Uğur Fərzəli