16:05, 24 Oktyabr 2019 (Cümə axşamı) 959

Əlilliyi olan şəxslər prezidentə müraciət ediblər

Əlilliyi olan şəxslər prezidentə müraciət ediblər
Ümumi səbəbdən əlilliyi olan şəxslər mənzil şəraitlərinin yaxşılaşdırılmasını istəyirlər. Onlar bu məqsədlə Prezident İlham Əliyevə müraciət ediblər. 

Müraciətdə bildirilir ki, onlar və əlilliyi olan uşaqların ailələri sanki yoxmuş kimi heç bir dövlət mənzil proqramında nəzərə alınmayıblar.

Müraciətdə vurğulanır ki, ümumi səbəbdən əlilliyi olan şəxslər və əlilliyi olan uşaqların ailələri cəmiyyətin ən aztəminatlı və sosial müdafiəyə ən çox ehtiyacı olan təbəqəsidir: "Son illərdə bu təbəqənin həyat keyfiyyətinin yaxşılaşdırılması istiqamətində müavinətlərin artırılması və Prezident təqaüdlərinin təyin edilməsi kimi uğurlu addımlar atılıb. Bu da bizdə gələcəyimizlə bağlı xoş ümidlər yaradır. Həmin mənzillərdə kreslo-araba ilə hamam otaqları və ayaqyollarından istifadə demək olar ki mümkünsüzdür. Kreslo-araba və hərəkət məhdudiyyətli şəxsə lazım olan digər avadanlıqlar mənzildə xeyli yer tutur. Bundan başqa, çoxmərtəbəli yaşayış binalarının əksəriyyətində liftlərin girişi ensiz olduğundan ora kreslo-araba ilə daxil olmaq mümkün olmur. Bu liftlərin çoxu mərtəbələr arasında yerləşdiyindən mənzildən çıxıb həmin liftə daxil olmaq üçün pilləkənlərlə ya yarım mərtəbə aşağı enmək, ya da yuxarı qalxmaq lazımdır. Mənzildən  müəyyən köməklə çıxa bilsək də, həmin pilləkənlərdən enmək mümkünsüz olur. Bunun üçün ən az 3-4 nəfər qüvvəli adamın köməyinə ehtiyacımız olur. Əlilliyi olan uşaqların valideynləri də eyni çətinliklərlə üzləşir. Uşaqlar kiçik olanda qucaqda daşına bilsələr də, yaşları artdıqca, bunu etmək xüsusi güc tələb edir. Bu işi daim görən ananın da sonradan səhhətində problem yaranır ki, bu da onun özünün və övladının gələcək həyatını daha da ağırlaşdırır”.

Həmçinin qeyd olunur ki, bu kateqoriyadan olan insanlar çox vaxt yoxsul vəziyyətdə  yaşayırlar. Bu səbəbdən, onların mənzil sahibi olmaq və ya mənzil şəraitlərini yaxşılaşdırmaq imkanları olmur: "Bundan əlavə, milli qanunvericilikdə müəyyən imtiyazlar malik əlilliyi olan şəxslərin mənzil təminatı ilə bağlı müvafiq güzəştlər olsa da, imtiyazı olmayan əlillərin mənzil təminatı ilə bağlı heç bir hal nəzərdə tutulmayıb. Son illərdə "sosial evlər” deyilən layihəyə ümid bağlasaq da, həmin layihə "güzəştli mənzil” olaraq davam etdirildi. Təəssüf ki, biz həmin güzəştli mənzil almaq hüququ olanlar sırasına daxil edilmədik. Bu, son nəticədə, Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsinin (Mənzil hüququ) II bəndinə ("Dövlət yaşayış binalarının və evlərin tikintisinə rəvac verir, insanların mənzil hüququnu gerçəkləşdirmək üçün xüsusi tədbirlər görür”) və dövlətimizin qarşısında öhdəlik götürdüyü "BMT-nin Əlillərin hüquqları haqqında Konvensiya”nın, Maddə 28-də nəzərdə tutulmuş müddəalarına ziddir”. 

Həmin müddəalar əlillərin dövlət mənzil proqramlarından istifadə etmək imkanının təmin edilməsini, öz yaşayış yerini, harada və kiminlə yaşamağı seçmək imkanına malik olmasını ehtiva edir.

Müraciət müəllifləri istəyir ki, ümumi səbəbdən əlilliyi olan şəxslərin və əlilliyi olan uşaqların ailələrinin mənzillə təminatı ilə bağlı Dövlət Proqramı işlənib-hazırlansın və təsdiq edilsin. Ümumi səbəbdən əlilliyi olan şəxslərin və əlilliyi olan uşaqların ailələrinin mənzillə təminatı ilə bağlı Mənzil Məcəlləsinə müvafiq maddələr əlavə edilsin.

"Ümumi səbəbdən əlilliyi olan şəxslərin və əlilliyi olan uşaqların ailələrinin cəmiyyətdən təcrid edilməsinin qarşısını almaq və cəmiyyətə sürətli inteqrasiya etməsinə şərait yaratmaq üçün bu məqsədlə ayrılan mənzillərin sayı müxtəlif yaşayış binalarında mövcud mənzillərin 10-20% nisbətində olmaqla müəyyən edilsin. 10-20% nisbətinin özündə də müxtəlif əlilliyi olan şəxslər nəzərdə tutulmalıdır”, - deyə müraciətdə bildirilib. 

Şəmsiyyə İbişova