19:33, 25 Sentyabr 2019 (Çərşənbə) 101

Elinanın məhkəməsi: “Əgər direktor bizi daha əvvəl məlumatlandırsaydı...”

Elinanın məhkəməsi: “Əgər direktor bizi daha əvvəl məlumatlandırsaydı...”
İntihar edən 8-ci sinif şagirdi Elina Hacıyevanın növbəti məhkəməsi keçirilib.

Məhkəmə prosesi bu gün, sentyabrın 25-də, səhər saat 10-dan 18:00-a qədər davam edib. 
Elinanın ölümündə təqsirləndirilən direktor intihar hadisəsinə görə, özünü deyil, şagirdin valideynlərini günahlandırıb.
Direktorun jurnalistlərə açıqlama verərkən gülməsi zərərçəkmiş tərəfin etirazına səbəb olub.

Onlar Elinanın ölümündə direktoru və Sabail Rayon İcra Hakimiyyəti başçısının müavini Xalidə Bayramovanı günahkar sayırlar.
Onlar deyirlər ki, direktor sonuncu məhkəmə prosesindən əvvəl, şahidlərlə yönləndirici söhbətlər edib. 

Zərərçəkmiş tərəf məktəb direktorunun ev dustaqlığını yüngül cəza hesab edərək, onun haqqında həbs-qətimkan tədbirinin seçilməsini tələb edib. Ancaq Hacıyevanın ailəsinin tələbi əsassız hesab edildiyindən qəbul edilməyib.

Dindirilmədə Elinanın sinif yoldaşları və həmyaşıdları Hacıyev Oqtay, Əlizadə Cahad, Xədicə Mədətova, Zeynalova Aysel iştirak ediblər. 
Şahidlər bildiriblər ki, Elina Hacıyeva ürəyiyumşaq, səmimi biri olduğundan həm də fərqli geyim və saç düzümü etdiyinə görə məktəbdə lağa qoyulurmuş. 
 
Rəfiqəsi Xədicə Mədətovanın sözlərinə görə,  məktəbdə qolunu kəsən tək Elina olmayıb, digər şagirdlərin bir qismi də daha cəsarətli görünmək, eyni zamanda diqqəti özünə çəkmək üçün bu addımı atıblar.

Həmin gün hadisə yerinə çağrılan tibbi yardım işçisi Vaqif Rzayev bildirib ki, ilk yardım zamanı Elina süst vəziyyətdə olub. 
Onun sözlərinə görə, Elina deyib ki, məni  evdə də, məktəbdə də istəmirlər: "Elina dedi ki, 15 gündür intihar etmək qərarına gəlmişəm”, - o bildirib.

Rzayev deyib ki, təcili yardım çağrılarkən: " Yuxarı sinif şagirdinin vəziyyəti pisdir”, - deyə çağrı qəbul ediblər.
1 saylı Kliniki Mərkəzi Xəstəxananın həkimlərindən Faiq Süleymanov, Vaqif Rəhimov, Əkrəm Çovdarov da şahid qismində ifadə veriblər. Onlar xəstəninin kəskin tənəffüs çatışmazlığından və ağciyər zədələnməsindən keçindiyini təsdiqləyiblər. 

Toksikoloqun sözlərinə görə, Elina 60 "ketotifen” tableti qəbul etdiyini desə də, analizlər zamanı yüksək miqdarda doza dərman atıldığı üzə çıxmayıb:  "Əgər qız dediyi qədər dərman qəbul etsəydi, o ya şoka düşər, ya da yuxudan ayılmazdı”.

Bakı Təhsil İdarəsinin nümayəndəsi Sərxan Rzayev isə deyib ki, hadisə zamanı direktor zəng edib, belə bir məlumat aldığını bildirib. 
Şahidin sözlərinə görə, nazirlik 162 nömrəli məktəbdə daha əvvəl intihara cəhd, zorakılıq hallarının olması ilə bağlı məlumat almayıb: "Əgər direktor bizi daha əvvəl məlumatlandırsaydı, biz  məsələyə psixoloq cəlb edib, xüsusi tədbirlər görə bilərdik. Bəlkə də, o zaman belə halın olmasının qarşısı alınardı”, - şahid belə deyib.

Dəstək üçün  bir qrup fəal Elinanın şəkillərini məhkəmə divarlarına yapışdırıb, etirazlarını bu cür ifadə ediblər. 
Onlar günahkarların cəzalandırılması üçün yetəri qədər ictimai qınağın olmadığını da bildirib və daha çox insanı dəstəyə çağırıblar.
Növbəti məhkəmə prosesi 27 sentiyabır 14:30-a təyin edilib.

Roza Məmmədova