21:06, 11 Yanvar 2021 (Bazar ertəsi) 51

Əliyev münaqişənin arxada qalmasından, Paşinyan Dağlıq Qarabağın statusundan danışdı

Əliyev münaqişənin arxada qalmasından, Paşinyan Dağlıq Qarabağın statusundan danışdı
FOTO: "RİA Novosti 
 
Yanvarın 11-də Rusiya Prezidenti, Azərbaycan Prezidenti və Ermənistanın Baş naziri arasında baş tutan görüşdən sonra tərəflər mətbuata bəyanatla çıxış ediblər.

"RİA Novosti"nin yanvarın 11-də verdiyi xəbərə görə, Putin bugünkü görüşü istisnasız olaraq vacib və faydalı hesab etdiyini bildirib. O, İlham Əliyev və Nikol Paşinyanla danışıqların yekununda regionun inkişafına dair birgə bəyanatın imzalandığını söyləyib.

V. Putin birgə bəyanatda iqtisadi əlaqələrin və infrastruktur layihələrinin inkişafının nəzərdə tutulduğunu vurğulayıb: "Bu məqsədlə üç ölkənin baş nazir müavinlərinin başçılıq edəcəyi işçi qrup yaradılacaq. Yaxın vaxtlarda həmin işçi qrup regionun nəqliyyat infrastrukturu və iqtisadiyyatının inkişafı ilə bağlı konkret planlar təqdim edəcəklər. Əminəm ki, bu razılaşmalarının reallaşması Azərbaycan və erməni xalqlarının xeyrinə olacaq. Heç şübhəsiz bütün regionun xeyrinə olacaq, bu isə Rusiya Federasiyasının maraqlarına uyğundur”.

Azərbaycan Prezidenti İlham Əliyev isə bildirib ki, regionun bundan sonrakı dayanıqlı, təhlükəsiz inkişafının təmin olunması üçün bugünkü görüş çox vacib idi.

"Biz bundan sonra da tez effekt verə biləcək və nəticələrə hədəflənmiş fəaliyyət sahələrini müəyyənləşdirməyə cəhd etməliyik”.

Noyabr sülh bəyanatının uğurla icra olunduğunu deyən prezident Rusiya sülhməramlı qüvvələrin öz işini effektiv yerinə yetirdiyini, həmçinin ilk iki ay ərzində kiçik insidentlər istisna olmaqla, narahatlıq üçün ciddi əsas olmadığını da bildirib.

Ermənistanın Baş naziri Nikol Paşinyan isə bildirib ki, Qarabağdakı münaqişə hələ də həll olunmayıb: "Qarabağın statusu məsələsi hələ müəyyənləşdirilməlidir. Bu gün əsirlərlə bağlı məsələni həll edə bilmədik. Müzakirələr davam edəcək. Ermənistan ATƏT-in Minsk Qrupu çərçivəsində gələcək nizamlanmanı müzakirə etməyə hazırdır”.

Baz nazir həmçinin əlavə edib ki, bugünkü görüşdə imzalanan bəyanat çox vacibdir: "Bu bəyanatın icra olunması bizim regionun iqtisadi simasını və obrazını dəyişə, iqtisadi yenilik və daha etibarlı təhlükəsizliyə zəmanət verə bilər. Biz bu istiqamətdə konstruktiv işə hazırıq. Lakin bir görüşlə bütün məsələləri həll etmək olmaz”.