00:18, 14 May 2019 (Çərşənbə axşamı) 129

Elmar Məmmədyarov: “Bir-birimizdən çox şey öyrənirik”

Elmar Məmmədyarov: “Bir-birimizdən çox şey öyrənirik”
"Azərbaycan hökuməti vətəndaşlarının bütün insan hüquq və fundamental azadlıqlarından tam yararlanmasını təmin etmək üçün genişmiqyaslı proqramlar həyata keçirməkdə davam edir”.

Bunu mayın 13-də Xarici işlər naziri Elmar Məmmədyarov "Şərq Tərəfdaşlığı" çərçivəsində xarici işlər nazirlərinin Brüssel görüşündə deyib. 

"Biz Avropa İttifaqı ilə yeni ikitərəfli saziş ilə bağlı keyfiyyətəyönümlü danışıqlar vasitəsilə ikitərəfli münasibətlərdə uğur əldə etməkdə maraqlıyıq. Mən davam edən danışıqların müsbət ruhunu yüksək qiymətləndirirəm. Biz bir-birimizdən və bir-birimiz barədə çox şey öyrənirik", - Məmmədyarov qeyd edib.

Elmar Məmmədyarov Ermənistan-Azərbaycan münaqişəsi məsələsinin yaratdığı problemlər barədə  də danışıb: "Ermənistan tərəfindən davam etdirilən Azərbaycan ərazilərinin işğalı bütün bölgəmizin daha yüksək əməkdaşlıq səviyyəsinə keçməsinə maneələr törədir. Əgər biz birlikdə ŞT vasitəsilə irəliləyiriksə, onda Aİ-nin qonşuluq siyasətinin məqsədlərinə nail olmaq üçün münaqişələrin nizamlanması və işğalın aradan qaldırılması məsələləri öz həllini tapmalıdır. Avropa Parlamenti tərəfindən 2013-cü ilin oktyabrında qəbul edilmiş qətnamədə bəyan edildiyi kimi, Aİ-nin bir tərəfdaşı digər tərəfdaşının ərazisini işğal edə bilməz. Beləliklə, burada təkcə BMT Təhlükəsizlik Şurası, BMT Nizamnaməsi və ya ATƏT sənədləri deyil – Aİ-nin qanunverici qurumu hər şeyi öz adı ilə adlandırmışdır. İnanırıq ki, ŞT-nin gələcəyi və uğuru məhz bölgədə təhlükəsizlik və sabitliyin qoruna biləcəyindən asılıdır”.

Nazir Azərbaycan vətəndaşlarının hüquq və azadlıqlarının qorunması məsələsinə də toxunub: "Azərbaycan Hökuməti vətəndaşlarının bütün insan hüquq və fundamental azadlıqlarından tam yararlanmasını təmin etmək üçün genişmiqyaslı proqramlar həyata keçirməkdə davam edir. Bu xüsusda, 2019-2023-cü illərdə ədliyyə sisteminin təkmilləşdirilməsinə dair əlavə qanunvericilik və struktur tədbirlərini nəzərdə tutan ədliyyənin inkişafı ilə bağlı qəbul edilmiş Dövlət Proqramını qeyd etmək lazımdır”.

"Avropa İttifaqı ilə tərəfdaşlıq Azərbaycanın xarici siyasətinin əsas prioritetlərindən biridir.  Bu gün Azərbaycan, demək olar ki, bütün qonşuları ilə çox yaxşı, bəzilərilə isə strateji xarakterli münasibətlərindən məmnunluq duyur. Qonşularla münasibətlər də prioritetdir", - deyə nazir Azərbaycanın qonşuluq münasibətlərindən bəhs edib.

Şəhla Abbas