14:17, 15 Oktyabr 2019 (Çərşənbə axşamı) 603

"Ərdoğan rejimi faktiki olaraq Bəşər Əsəd rejiminə xidmət edir"

Türkiyə Suriyanın şimalında PKK/YPG-PYD qruplaşmasının təmizlənməsi üçün əməliyyat keçirir.

"Barış pınarı” (Sülh çeşməsi) adlanan əməliyyat nəticəsində türk qüvvələri Suriyanın şimalında kürdlərin əlində olan bölgələrə havadan və qurudan hücum edib.

Ankaranın bu addımı Donald Trampın ABŞ qoşunlarını kürdlərin çoxluq təşkil etdiyi Suriyanın şimalından çıxarmaq qərarından sonraya təsadüf edir.

Türkiyə öz ərazisindəki bir çox suriyalı qaçqın üçün sərhəddə "təhlükəsiz bölgə" yaratmaq istədiyini qeyd edib. 

 Artıq Türkiyə Silahlı Qüvvələri "Barış bulağı” hərəkatı çərçivəsində Suriyanın şimalında 2 rayon, 1 qəsəbə və 56 kəndi nəzarətə götürüb.

Politoloq Zərdüşt Əlizadə Toplum.Tv-yə deyir ki, əslində bu vəziyyət Bəşər Əsəd üçün də xeyirlidir: "Müstəqil Suriya dövlətinin ərazi bütövlüyü baxımından hər hansı bir etnik azlığın, silahlı qüvvələrin olması böyük  təhlükədir. Yəni mərkəzi hakimiyyətin legitimliyini sarsıdan bir amildir. Baxmayaraq ki, Bəşər Əsəd hökuməti  Türkiyənin hərbi əməliyyatina rəsmən etiraz edir. Bu, onun vəzifəsidir, çünki türk ordusu Suriya hökumətindən icazə almadan əraziyə daxil olub. Ərdoğan rejimi faktiki olaraq Bəşər Əsəd rejiminə xidmət edir".

Politoloq məsələdə Rusiya amilinə də toxunub. Çünki Rusiya Bəşər Əsəd rejimini müdafiə etdiyi halda Türkiyə ilə də dostluq münasibətlərini saxlayır: "Bu məsələdə Rusiya hökumətinin mövqeyi həm Suriyanın, həm də Türkiyənin mövqeyi ilə üst-üstə düşür. Rusiya bu məsələdə ortaq mövqe tutur. Birləşmiş Millətlər Təşkilatında Türkiyəyə qarşı yönələn qətnaməni Rusiyanın vetosu ilə qəbul etməyə qoymadılar. Yəni bu əməliyyatın keçirilməsində Türkiyə Rusiya ilə razılaşıb və onun razılığı ilə əməliyyat aparır. Nəinki Rusiyanın, hətta Bəşər Əsədin də bu məsələ ilə bağlı razılığı var".

Zərdüşt Əlizadə hesab edir ki, Türkiyənin atdığı bu addım gələcəkdə heç bir problem yaratmayacaq: "Türkiyə Suriyani separatçı dəstələrdən təmizləyib çıxacaq və Suriyanın ərazi bütövlüyünə hörmət edəcək".

Şəmsiyyə İbişova