11:46, 08 Noyabr 2019 (Cümə) 64

Erdoğan yenə Avropanı qaçqınlarla dolduracağı ilə hədələyib

Erdoğan yenə Avropanı qaçqınlarla dolduracağı ilə hədələyib


/ DÜNYA
Türkiyə prezidenti Recep Tayyip Erdoğan Avropa İttifaqı, onlar üçün əlavə yardım verməzsə "Avropanın qapılarını" Suriya qaçqınları üçün açacağı ilə bir daha hədələyib.

AzadlıqRadiosu xəbər verir ki, noyabrın 7-də Budapeştdə Macarıstanın baş naziri Viktor Orbanla yanaşı çıxış edən Erdoğan deyib ki, Türkiyə qaçqınların evlərlə təminatı yükünü təkbaşına çəkə bilməz.

BMT-nin Qaçqınlarla İş üzrə Ali Komissarlığının məlumatına görə Türkiyə hazırda dünyada ən çox qaçqına sığınacaq vermiş ölkədir.

Türkiyənin oktaybr ayında Suriyanın şimal-şərqinə hərbi müdaxiləsinin məqsədlərindən biri də burada yaradılacaq bufer zonasında 2 milyonadək Suriya qaçqınını yerləşdirmək idi.

Bu plan insan haqları qrupları və Avropa ölkələri tərəfindən bəyənilmir və Türkiyənin NATO müttəfiqlərinin əsasən mənfi reaksiyası ilə qarşılanıb.

2016-cı ildə Avropa İttifaqı ilə imzaladığı razılaşmaya görə Türkiyə Avropa İttifaqına Türkiyədən gəlmiş istənilən sənədsiz qaçqını qəbul etmək öhdəliyi götürüb.

Bunun əvəzində Türkiyə Aİ-dən dərhal 3, 3 milyard dollar təzminat alıb və 2018-ci ilin sonlarında Ankaraya elə bu məbləğdə pul ödənib.

Erdoğanın təxminlərinə görə Türkiyə 7 milyard dollar "qaçqın pulu” alıb.

Türkiyə prezidenti bu rəqəm barədə ötən sentyabrda Türkiyədə keçirilən Suriya sammitində də danışıb. İran və Rusiyanın da iştirak etdiyi bu tədbirdə o Avropa İttifaqını qaçqınları Avropaya göndərəcəyi ilə hədələmişdi.

Erdoğanın dediyinə görə Ankara Türkiyə ərazisindəki qaçqınlara 40 milyard dollar xərcləyib:

"Yardım alıb-almayacağımızdan asılı olmayaraq biz qonaqlarımızı saxlamaqda davam edəcəyik. Amma bunu edə bilməsək qapıları açacağıq”