19:48, 13 İyun 2019 (Cümə axşamı) 99

Ərdoğanı tənqid edən jurnalist həbs edilib

Ərdoğanı tənqid edən jurnalist həbs edilib
Türkiyədə "Yeniçağ" qəzetinin jurnalisti Yavuz Səlim Dəmirağ prezident Rəcəb Tayyib Ərdoğanı tənqid etdiyi üçün həbs edilib. 

Bu barədə "Yeniçağ"a jurnalist özü xəbər verib.

Dəmirağ deyib ki, ona 11 ay və 20 gün həbs cəzası verilib: "Daha əvvəl yazdım. "FƏTO"çu polislər danışıq mətninin kasetini mənə vermədilər. Montajsız video göstərilmədi. Qərar iştirakım olmadan verildi. Hakim dinləmədi belə. Təlimatla alınan ifadəni yetərli saydı. Apelyasiya Məhkəməsi heç bir araştırma aparılmadan təsdiqlədi. Bununla yanaşı davam edən çoxlu məhkəmələr də var".

Jurnalist bildirib ki, hazırda Türkiyədə aralarında  jurnalistlərin də olduğu 250 mindən çox insan həbs edilib. 

Dəmirağ həbsxanaya 5-dən artıq kitab aparıla bilmədiyini də qeyd edib: "Mənim məhbus çantamda Atatürkün "Nutuq", Həsən İzzəttin Dinamonun "Müqəddəs üsyan"ının  5 cildliyini də yanıma alacağam". 

Dəmirağ yazının sonunda hüququn aliliyinin yenidən qurulacağına, ədalətin bərqərar olacağını vurğulayıb. 

Dəmirağ bu il may 11-də "TürkiyəmTv"də qatıldığı proqramdan çıxıb evinə gələndə 7 nəfər tərəfindən hücuma məruz qalmışdı. 

Hücum edən şəxslər jurnalisti beyzbol ağacı ilə döyüblər. 

Hadisədən sonra o, dərhal xəstəxanaya yerləşdirilib. Hadisəni törədən 6 nəfər sərbəst buraxılıb. 

Əbülfət Baxşəli