22:49, 08 Avqust 2019 (Cümə axşamı) 107

"Ermənilər Azərbaycanın reaksiyasını yoxlayırlar" - Politoloq

Avqustun 7-də  Beynəlxalq Qırmızı Xaç komitəsinin İrəvan nümayəndəliyinin rəhbəri Kleyr Meytron və Ermənistan müdafiə naziri David Tonoyan arasındakı müzakirə zamanı Azərbaycan-Ermənistan sərhədinin Naxçıvan hissəsində son vaxtlar artan gərginliyin qarşısını almaq üçün hasarların tikilməsi təklif edilib.  

Kleyr Meytro komitənin Ermənistanın müvafiq strukturları ilə risklərin azaldılmasına dair pilot proqram həyata keçirməyə hazır olduğunu bildirib. 

Layihə çərçivəsində məktəblərin, uşaq bağçalarının və atəş altında qalan digər sahələrin ətrafında müdafiə hasarlarının çəkilməsi nəzərdə tutulub. 

Bu təklif Azərbaycanda necə qəbul olunur? 

Toplum TV bu suala cavab tapmağa çalışıb.

Milli Məclisin üzvü, deputat Fazil Mustafa Toplum Tv- yə bildirib ki, ermənilər öz ərazilərində istədiklərini tikə bilərlər: "Biz başqa ölkəyə göz dikməmişik ki. Onlar işğalçıdırlar. Biz BMT-də qəbul olunan sərhədləri tanıyırıq. Öz ərazilərində nə tikirlər, tiksinlər. Əsas odur ki, bizim ərazilərə toxunmağa çalışmasınlar. Əgər tiksələr, biz onları sökəcəyik və öz torpaqlarımızı azad edəcəyik”.

 

Politoloq Elxan Şahinoğlu isə bu fikri xəyal məhsulu adlandırır: "Bu məsələ bir az fantaziyaya oxşayır, çünki o boyda ərazidə o divarı necə çəkəcəkləri sual doğurur. Buna həm böyük maliyyə, həm də insan qüvvəsi cəlb etmək lazımdır. İnkişaf etmiş, imkanlı dövlət olan ABŞ Meksika ilə sərhəddinə divar çəkmək istəyir, hələ də dəqiq qərar verə bilmir. Sadəcə, bir sözdür, atıblar ortaya. Hazırda Ermənistan hakimiyyətinin verdiyi bir qərar deyil, hansısa bir hərbiçinin ortaya atdığı bir məsələdir. Bunun necə və nə zaman reallaşacağı da bəlli deyil”.

Elxan Şahinoğlu deyir ki, bu qarşı tərəfin Azərbaycan ordusundan ehtiyatlandığını göstərir: "Biz keçən il Naxçıvanda uğurlu hərbi əməliyyatlar həyata keçirdik. Onun nəticələri haqqında açıq danışmasalar da, başa düşürlər ki, Azərbaycan ordusu digər istiqamətlərdə də yenidən hərbi əməliyyatlar həyata keçirə bilər. Belə mövzuları ortaya atıb həm Azərbaycanın reaksiyasını yoxlamaq istəyirlər, həm də erməni cəmiyyətini sakitləşdirməyə çalışırlar”.

Sadəgül Cəfərova