10:17, 16 Aprel 2019 (Çərşənbə axşamı) 158

Ermənistanda #YalançıNikol qrafitisi peyda olub

Ermənistanda #YalançıNikol qrafitisi peyda olub


/ DÜNYA
Ermənistanda vətəndaş cəmiyyəti fəalları Baş nazir Nikol Pashinyana qarşı qrafiti aksiyası təşkil ediblər.
 
Məlumatı Ermənistandan Interfax agentliyi yayıb.

#SutNikol (Yalançı Nikol) həştəqi ilə çəkilmiş qrafiti Yerevanın mərkəzi küçələrində peyda olub. Aksiyanın təşkilatçılarından olan bloqqer Artur Danielyanın sözlərinə görə, qrafiti Ermənistanın 9 şəhərində çəkilib.

Ancaq bircə Yerevanda bazar ertəsi səhərdən fəallar saxlanıb. Doqquz fəalın hamısı gün ərzində polisdən buraxılıb.

"Pashinian hakimiyyəti yalanla ələ keçirib. Onun bütün bəyanatları yalana söykənir. Biz qərara gəldik ki, Ermənistanda heç də hamının ona gözüqapalı inanmadığını göstərək. Aksiyalarımız davam edəcək”, – Danielyan bazar ertəsi keçirdiyi mətbuat konfransında deyib.

Nikol Pashinyan ötən il mayın 8-də, antihökumət etirazları nəticəsində hakimiyyətə gəlib. Sentyabrda Yerevanda Ağsaqqal Şurasına seçkilərdən onun "Mənim addımım” partiyası səslərin 80 faizindən çoxunu yığıb.

Ötən oktyabrda Pashinyan növbədənkənar parlament seçkisinə nail olmaqdan ötrü istefaya gedib. O, 2019-cu ilin yanvarında yenidən hökumətin başına keçib.

ABŞ-ın Gallup International Association ictimai rəy mərkəzinin məlumatına görə, hazırda Ermənistanda Pashinyanın partiyasına dəstək 69,5 faizdir.
 
Azadliq.org