15:33, 01 Dekabr 2019 (Bazar) 2059

Evə sığınmaq belə onları yağışdan qorumur - REPORTAJ

Evə sığınmaq belə onları yağışdan qorumur - REPORTAJ
Hövsanda 7-ci Sahil döngəsi 12-də yerləşən 3 nömrəli yataqxana yararsız vəziyyətdədir. 

20-dən çox məcburi köçkün ailəsinin sığındığı yataqxanada şəraitin dözülməz olduğuna baxmayaraq, burada bir neçə evsiz yerli sakin də məskunlaşıb.
 


Yataqxana Sovet dövründə "Nord" Elmi İstehsalat Birliyinə məxsus olub.

Yataqxanda əsasən Laçın, Qubadlı, Ağdam, Cəbrayıl rayonlarından olan məcburi köçkünlər yaşayır. Onlar 27 ildir ki, buarada sığınacaq tapıblar. 

Bina sanki zəlzələdən sonra tərk edilmiş bir sığınacağı xatırladır.  
 


Laçın rayon, Güləbird kəndindən olan məcburi köçkün Mətanət Şirinova elektrik, qaz, su xətlərinin yararsız, binanın dam örtüyünün və döşəməsinin təhlükəli olduğunu deyir. 
 
 

Ümumi işlədilən mətbəxtdə isə hərəkət etmək olduqca təhlükəlidir: "Görürsünüz, mətbəxdə yerimək mümkün deyil, hər an uçub 1-ci mərtəbəyə düşmə təhlükəsi var. Dəfələrlə şikayət etsək də, heç bir nəticə yoxdur". 
 


Yataqxanada hər ailə 1 otağa yerləşdirilib. Binanın dam örtüyü sıradan çıxdığı üçün yağış sularının qarşısını da almaq olmur.  

Mətanət Şirinova Toplum.Tv-yə deyir ki, otaqlarda yağış sularının yaratdığı nəmişlik uşaqların tez xəstələnməsinə səbəb olur. 
 



Güclü yağış yağanda qorunmaq üçün girdikləri ev də onları qorumur. "Yağışdan çıxıb yağmura düşdük” ifadəsi sanki 3 nömrəli yataqxananın sakinləri üçün deyilib. 

"Köhnə hamam, köhnə tas”
 


        
Sakinlərin ən çox şikayətləndiyi problemlərdən biri də ümumi hamamla bağlıdır. Onlar deyirlər ki, ailələrin çoxluğundan və şəraitsizlikdən müntəzəm olaraq hamamdan istifadə edə bilmirlər: "Növbə ilə çimirik. Vaxt olur ki, 20-dən çox ailənin bir hamamdan istifadə etməsi öz aramızda da problem yaradır. Ailələr arasında narazılıqlar olur". 

Köhnə qaz sobalarının isə vintləri işəmir, söndürüb-yandırmaq mümkün olmadığından çox zaman açıq qalır: "Bircə soba işləmir. Bəzən qazı ümumi xətdən bağlayırıq. Çox vaxt isə açıq qalır. Qaz kəsilib qəfil veriləndə hər cür təhlükə ola bilər".
 



Laçının Malıbəy kəndindən olan Orxan Eyvazovun ailəsi isə 1 otaqlı mənzildə, rütubətli şəraitdə yeni doğulmuş körpə böyüdür. Ailə mənzili isitmək üçün eletrik sobasından istifadə etsə də, bunun yetərli olmadığını deyir".
 

 


"Səhər durub görürük ki, otaq şeh qoyub. Rütubət o həddədir ki, hətta pal-paltara da hopur. Küləkli havalarda isə toz-duman içəri daxil olur, çünki pəncərələr köhnədir. Biz bu şəraitdə uşaq böyüdürük". 

Yataqxananın eyvanın da uçma ehtimalı var. 
 
Sakinlər deyirlər ki, "balkon"dan istifadə etmirik, çünki qorxuruq. Hər an dağılıb tökülə bilər.  

"Siçanlar və arılar..." 
 
 

Onların sözlərinə görə, yataqxananın ümumi vəziyyəti sadəcə həşəratları özünə cəlb edir: "Əvvəl siçanlar, indi isə arılar yataqxananı basıb". 

Qubadlı rayon, Xanlıq kəndindən olan Adilə Cahangirovanın dediyinə görə, mətbəxdə iş görərkən qolunu arı sancıb: "Arı sancmaları artıq adi hala çevrilib".

Laçının Qarıqışlaq kəndindən olan Gülgəz Həsənova isə işğaldan sonra bu yataqxanada tək yaşayır. 
 


Sakinlər 27 ildir ki, mənzil gözlədiklərini deyirlər. 

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi mətbuat xidmətinin rəhbəri İbrahim Mirzəyev isə bildirib ki, məcburi köçkünlərin dövlət yaşayış fonduna məxsus yeni yaşayış sahələrinə köçürülməsi mərhələli şəkildə həyata keçirilir: "Prezident İlham Əliyevin 2004-cü ildə təsdiq etdiyi "Qaçqınların  və məcburi   köçkünlərin  yaşayış şəraitinin yaxşılaşdırılması və məşğulluğunun artırılması üzrə Dövlət Proqramı”na, bu proqrama 2007 və 2011-ci illərdə edilmiş əlavələrə uyğun olaraq məcburi köçkünlər üçün yeni yaşayış kompleksləri inşa edilir. Bundan başqa, Azərbaycan Respublikasının Birinci Vitse-prezidenti xanım Mehriban Əliyevanın təşəbbüsü və müraciəti əsasında ölkəmizin özəl sektoru da bu problemin həllinə dəstək verməkdədir".  

"Köçürülmə prosesi mərhələli şəkildə aparıldığından qeyd etdiyiniz ünvanda müvəqqəti məskunlaşmış məcburi köçkün ailələri də mərhələli şəkildə yeni mənzillərlə təmin olunacaqlar", - o bildirib.

Sevinc Miralızadə
Toplum.tv