15:50, 11 Fevral 2020 (Çərşənbə axşamı) 75

Əziz Orucovun şərti məhkumluğu ləğv edildi

Əziz Orucovun şərti məhkumluğu ləğv edildi
Bakı Apelyasiya Məhkəməsi "Kanal-13”ün təsisçisinin şikayətini təmin edib.

MeydanTV xəbər verir ki, "Kanal-13” internet televiziyasının təsisçilərindən Əziz Orucovun vaxtından əvvəl şərti cəzasının ləğvi barədə şikayətinə baxılıb.
 
Fevralın 11-də Bakı Apelyasiya Məhkəməsində hakim Mirzəli Abbasovun sədrliyilə keçirilən prosesdə jurnalistin şikayəti təmin edilib. Ə.Orucovun 2021-ci ilin fevralında başa çatmalı olan şərti cəzası bir il əvvəl götürülüb, məhkumluğu ləğv olunub.

Ə.Orucov bundan əvvəl məhkumluğunun ləğvi üçün Nəsimi Rayon Məhkəməsinə müraciət etsə də, ərizəsi təmin olunmamışdı. O, Nəsimi Rayon Məhkəməsinin 5 noyabr 2019-cu il tarixli həmin qərarından apelyasiya şikayəti vermişdi.

Apelyasiya məhkəməsində bir neçə iclas idi ki, Nəsimi rayon İcra və Probasiya Şöbəsinin əməkdaşı gəlmirdi, bu üzdən proses təxirə salınırdı. Fevralın 11-də bu qurumun əməkdaşı gələrək təsdiqləyib ki, Ə.Orucov şərti cəza altında olanda bütün üzərindəki öhdəlikləri yerinə yetirib, qaydalara əməl edib. Söhbət icra şöbəsinin çağırışlarına vaxtında getmək, harasa gedəndə bu haqda şöbəni məlumatlandırmaq və s. gedir.

Ə.Orucov bildirib ki, onun həbs olunması da, haqqındakı məhkəmə hökmü də qanunsuz idi. Həmin qanunsuz hökmə görə indi də məhdudiyyətlərlə üzləşir. Məsələn, müalicə üçün xaricə getməyə ehtiyacı olsa da, üzərindəki şərti cəzaya görə ölkədən çıxa bilmir.

Mirzəli Abbasovun sədrlik etdiyi hakimlər kollegiyası şikayəti təmin edərək, onun şərti cəzasının bundan sonrakı hissəsindən azad edilməsi barədə qərar çıxarıb.

Ə.Orucov 2017-ci ilin mayında əvvəlcə 30 gün inzibati həbs cəzası almışdı. Bu cəza bitdiyi gün - iyunun 1-də onun barəsində cinayət işi başlanmış, Cinayət Məcəlləsinin 192 (qanunsuz sahibkarlıq) və 308-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə ittiham irəli sürülmüşdü. Ona bu ittihamlarla 6 il azadlıqdan məhrumetmə cəzası verilsə də, Ali Məhkəmənin qərarıyla 2018-ci ilin aprelində şərti cəza ilə həbsdən buraxılıb.

Ə.Orucov ittihamları qəbul etmir, rəhbərlik etdiyi internet televiziyasının tənqidçi fəaliyyətinə görə cəzalandırıldığını bildirir.