16:39, 30 Sentyabr 2019 (Bazar ertəsi) 154

Fədayə Laçının cəzası endirilib

Fədayə Laçının cəzası endirilib
Bakı Apellyasiya Məhkəməsində məhbusların qaçmasına kömək göstərməkdə təqsirləndirilən müğənni Fədayə Laçın və digərlərinin barəsində olan hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.

Bu barədə "Report.az" xəbər verib.

Xəbərdə deyilir  ki, hakim Elmar Rəhimovun sədrlik etdiyi prosesdə qərar elan olunub.

Qərara əsasən, Fədayə Laçının cəzası 2 ilə endirilib. Konvoy Taborunun komandiri Bəhruz Abdullayevin cəzası 3 ilə, Fuad Hacıyevin cəzası 4 ilə, Günay Atakişiyevanın cəzası 5 ilə endirilib.

Məhkəmə digər şəxslərin də cəzasını azaldıb.

Xatırladaq ki, 2017-ci il oktyabrın 23-də Bakıda məhbusların qaçması ilə bağlı cinayət işi üzrə Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə müğənni Fədayə Laçın 5 il, Penitensiar xidmətin tabor komandiri Bəhruz Abdullayev 9 il, qarovul rəisi Ceyhun Səmədov 9 il, müavinləri - Tural Poladxanov 8 il 6 ay, Fuad Hacıyev 8 il 6 ay, taksi sürücüsü Məhəmməd Hacıyev 7 il, Günay Atakişiyeva 6 il, Aqil Nəcəfov 9 il, İsrafil Soltanov 7 il, Şahmar Bəyəlizadə 7 il, Tərlan Zeynalov 7 il, Anar Əsgərov 7 il və Əli Ağami (cəzaları birləşdirilib) 20 il müddətinə azadlıqdan məhrum edilib.

Hökmə əsasən, B.Abdullayevin ittiham olunduğu Cinayət Məcəlləsinin 179-cu (mənimsəmə) maddəsinə bəraət verilib və 311-ci (rüşvətalma) maddəsi isə ittihamdan xaric olunub. Hökmdən narazı qalan F.Laçın və digərləri apellyasiya şikayəti veriblər.