21:38, 17 İyul 2019 (Çərşənbə) 108

Fərdi vəkillik ləğv oluna bilər

Fərdi vəkillik ləğv oluna bilər
İyulun 17-də Vəkillər Kollegiyasının Rəyasət Heyətinin növbəti iclası keçirilib.

Vəkil Elçin Sadıqov da iclasa çağrılıb. Vəkilə Göygöl rayonunda qeydiyyata olduğunu xatırladaraq Bakı şəhərində fəaliyyət göstərməsini irad tutublar.

Bu barədə Elçin Sadıqov feysbuk” səhifəsində yazıb.

Bildirib ki, onun Göygöl rayonunda ofisi olduğu, apardığı işlərin yarıdan çoxu adıçəkilən rayonunda və ətraf rayonların sakinlərinin işləri olduğu qeyd edilib:

"Ancaq bunlar qanunla qadağan olunmayıb. Həmçinin büroda fəaliyyət göstərməli olan vəkillərin əksəriyyəti büroda fəaliyyət göstərmir. Ona görə ki, bürolarda oturmağa, sənədləri saxlamağa, konfidensial ünsiyyət qurmağa texniki imkanlar yoxdur. Eyni zamanda bütün dünyada vəkillərin əksəriyyəti fərdi fəaliyyət göstərirlər. Büroda birləşən vəkillərin sayı çox azdır. Sonra bildirdilər ki, 2018-ci ilədək 0,2 faizlik sığorta fonduna ödənilməli pulu ödəməmisiniz. Bu iradı qəbul etdim, düzdür, bu da intizam icraatının başlanılması üçün əsas olmasa da, artıq bir ildən çox vaxt keçməsinə baxmayaraq hamısını hesablayıb VK-ə ödəyəcəyimi bildirdim”.

E.Sadıqov xatıradıb ki, Vəkillər və Vəkillik Fəaliyyəti Haqqında AR Qanununun 5-ci maddəsinin V hissəsinə əsasən Vəkillik fəaliyyəti fərdi qaydada və ya Azərbaycan Respublikasının qanunvericiliyinin tələblərinə uyğun vəkil (vəkillər) tərəfindən yaradılmış vəkil qurumlarının (hüquq məsləhətxanaları, vəkil büroları, vəkil firmaları və s.) tərkibində həyata keçirilə bilər. Vəkillik fəaliyyətinin təşkilati-hüquqi forması vəkillər tərəfindən könüllü olaraq seçilir:

"Lakin mənim razılığım olmadan qanunsuz olaraq 1 sentyabr tarixdən keçmiş 01 saylı hüquq məsləhətxanasına, hazırkı Mərkəz Hüquq Bürosuna keçiriləcəyimi bildirdilər. Bunu onunla əsaslandırmağa çalışdılar ki, fərdi vəkilliyi ləğv etməyə çalışırlar.1 sentyabr tarixdən qeyri-iş vaxtlarında, qeyri-iş günlərində müqavilə bağlaya bilməyəcəm, əhaliyə pulsuz hüquqi yardım göstərə bilməyəcəm. Onlar ən azı vəkil bürosunun müəyyən etdiyi minimal məbləğləri ödəməlidirlər ki, bu da müdafiə etdiyim aztəminatlı şəxslərin müdafiəsiz qalmasına səbəb olacaq”.

Vəkillər Kollegiyasının sədri Anar Bağırov Meydan TV-yə deyib ki, vəkillər üzərlərinə düşən öhdəlikiləri və fərdi vəkil kimi vəzifələrini yerinə yetirməyibsə, qanun pozuntusuna yol veribsə, deməli, fərdi vəkil kimi özünü doğrultmur. Həm də Elçin Sadıqov rayonda yox, Bakıda işləyir, adı orda gedir, bunu hamı bilir.

Anar Bağırov "fərdi vəkilliyin ləğv olunması barədə yayılan məlumatlar doğrudurmu və Milli Məclisə təıkliflər vermisinizmi” sualına belə cavab verdi:

"Bu yöndə işləyirik, Milli Məclisin əvəzinə cavab verə bilmərəm”.
 
Meydan.Tv