21:02, 18 Fevral 2020 (Çərşənbə axşamı) 790

Fikrət Cəfərli: "Pozuntularla bağlı bütün hüquqi addımları atacağıq"

Fikrət Cəfərli:
Fevralın 18-də Mərkəzi Seçki Komissiyası (MSK) 32 saylı Suraxanı üçüncü seçki dairəsindən olan 3 məntəqənin – 4, 8, 9 saylı məntəqələrin nəticələrini ləğv edib. 

Verilmiş qərar dairənin ümumi nəticələrinə təsir etməyib. 

32 saylı Suraxanı üçüncü seçki dairəsindən namizəd Fikrət Cəfərli Toplum.Tv-yə bildirib ki, baş vermiş saxtakarlıqlarla bağlı MSK-ya müraciət etsə də, məsələyə hüquqi qiymət verilməyib: 

"Dairəmdə çoxlu sayda saxtakarlıqlar baş verib. Bunlar video görüntülərdə də əksini tapır. Bundan öncə MSK-ya DSK-nın qərarından şikayət vermişdim. Bu zaman açıq 50 protokol təqdim etmişdim. Hansı ki, o protokollarda tək mənim müşahidəçi və vəkillərimin yox, müstəqil müşahidəçilərin də imzaları vardı. Bundan başqa 50 dən çox video təqdim etmişdim, hansı ki həmin videolarda açıq şəkildə baş vermiş saxtakarlıqlar öz əksini tapırdı”. 

"Məsələn, 24-cü məntəqə ilə bağlı videoda sayım zamanı hökumət nümayəndəsi olan namizəd 16, mən isə 57 səs aldığım təqdirdə, MSK-nın rəsmi saytında 88 səslə hökumət nümayəndəsinin qalib olduğu göstərilir. 

6 saylı məntəqədə bülletenlər seçki otağında yox, məktəb direktorunun otağında olub. Videogörüntüdə həmin bülletenlər seçki otağına gətirilir və akt tərtib olunur. 7 saylıda da eyni hal baş verib.

16 saylı məntəqədə məntəqə sədri möhürün dairədə olduğunu bildirərək məntəqəni tərk edir. Lakin mənim vəkillərim onu orada tapa bilmirlər. Amma bu məntəqələrin nəticələrinə MSK hüquqi qiymət verməyib.

10 saylı məntəqədə məntəqə sədri video görüntüdə açıq şəkildə protokol verməyəcəyini bildirir. Həmçinin 11, 12, 22, 26, 29 saylı məntəqələrdə də eyni hallar baş verib və protokol verməkdən imtina edilib. Lakin MSK bunlara da hüquqi qiymət verməkdən boyun qaçırıb”, - o qeyd edib. 

Onun sözlərinə görə, bu kimi hallar baş verdiyi halda, MSK cəmi 3 məntəqənin nəticələrini ləğv etməklə kifayətlənib. 

Fikrət Cəfərli həmçinin bu gün, yəni fevralın 18-də keçirilmiş iclasdan kənarlaşdırılması barədə danışıb: "MSK bu gün mənim hüquqlarımı pozdu və Məzahir Pənahov məni MSK-nın iclasından kənarlaşdırdı. Hansı ki onlar mənim dairəmlə bağlı ekspert qrupunun işində iştirakımı təmin etməmişdilər və həmin qrupun rəyi də mənə verilməmişdi”.

Namizəd məsələ ilə bağlı bütün mümkün addımları atacağını və lazım gələrsə, Avropa İnsan Haqları Məhkəməsinə müraciət edəcəyini deyib: "Mən mümkün olan bütün addımları atıb, həmin videoları da ictimaiyyətə yayacağam ki, qoy xalq nələr baş verdiyini görsün. Qərar təsdiq edildikdən sonra apelyasiya məhkəməsinə müraciət edəcik. Hüquqi prosedurları tam həyata keçirdikdən sonra bir nəticə əldə etməsək, Avropa Məhkəməsinə üz tutacağıq. Bununla bağlı ölkə prezidentinə də xüsusi məktubla müraciət edəcəyəm. Həmçinin MSK-nın nəticələri Konstitusiya Məhkəməsinə getdikdən sonra Konstitusiya Məhkəməsinə də müraciət edəcək və tam hüquqi qiymət verilməsi üçün baş vermiş saxtakarlıqlarda iştirak edənlər cəzalandırılana qədər bütün mümkün addımları atacağam”.

Hələlik 32 saylı Suraxanı üçüncü seçki dairəsindən qalib namizəd Yeni Azərbaycan Partiyasının namizədi və Suraxanı rayon icra hakimiyyəti başçısının müavini Həsənova Afət Əbil qızı göstərilir.

Şəhla Abbas