11:19, 05 İyul 2019 (Cümə) 151

"Fironun başı" 6 milyon dollara satılıb



/ DÜNYA
Qahirənin dəfələrlə bu abidənin qaytarılması tələblərinə rəğmən Misir fironu Tutanxamunun kvarsitdən hazırlanmış başının fiquru London auksionuna çıxarılaraq 6 milyon dollara satılıb.

Bu barədə Azadlıq Radiosu xəbər verib.

Xəbərdə deyilənə görə, Christie's auksionu iyulun 4-də 28, 5 santimetrlik fiquru adı çəkilməyən alıcıya 5 milyon 970 min dollara satıb.

Fiqurun 3 min il əvvəl hazırlandığı düşünülür.

Auksionun ən ziddiyyətli hərraclarından birində satılmış bu baş fiquru vaxtilə Resandro şəxsi kolleksiyasına mənsub olub.

Hərrac keçirilərkən 20-dək etirazçı auksion binasının qarşında sakitcə piket keçirirdi. Onların əllərindəki plakatlarda "Misir tarixi satlıq deyil” yazılmışdı.

Misir rəsmiləri bu hərracın dayandırlmasını və eksponatın qaytarılmasını tələb edirdilər.

Misirin Qədim İncəsənət Nazirliyi bildirib ki, bu satışı müzakirə etmək məqsədilə gələn həftə təcili yığıncaq keçirəcək.

Nazirliyin bəyanatında deyilir ki, Misir hökuməti Misirdən qanunsuz çıxarılmış qədim abidələrin ölkəyə qaytarılması üçün bütün lazımi tədbirlərə əl atacaq.

Ötən iyun ayında Qahirə Christie's və UNESCO-ya müraciət edərək satışın dayandırılmasını xahiş etmişdi. Misir rəsmiləri bu fiqurun Misirdən oğurlandığını iddia edirdilər.

Christie's isə bildirir ki, fiquru 1985-ci ildə münhenli dəllal Heinz Herzerdən alıb.

Bundan əvvəl avstriyalı antik əşyalar dəllalı Joseph Messina bu fiquru 1973-1974-cü illərdə əldə etmişdi.

Deyilənə görə bu qədim sənət nümunəsi 1960-cı illərədək Almaniya əsilzadəsi Wilhelm Von Thurn und Taxis-in kolleksiyasında saxlanıb.