16:46, 20 Fevral 2018 (Çərşənbə axşamı) 1238

Flora Kərimova: “Zəmanəni yaltaqlar yaradır”

Flora Kərimova: “Zəmanəni yaltaqlar yaradır”
O, təkcə estrada və opera müğənnisi deyil, həm də Milli Azadlıq Hərəkatının fəallarından olub. 

Ömrünün bir neçə ilini meydanlarda keçirib, ədalət, haqq uğrunda mübarizə apardığını deyib. Amma xeyli müddətdir ki, hər şeydən uzaqlaşıb. 

Söhbət  Azərbaycan Respublikasının xalq artisti Flora Kərimovadan gedir. 

Toplum.Tv xalq artisti ilə müsahibəni təqdim edir:

- 77 illik ömür və 65 illik səhnə həyatı sizə nə öyrətdi? 

- İnsan yüz il yaşasa da, dünyadan naşı gedir...

- Adi insan ömrü ilə sənətkar ömrünün nə kimi fərqləri var? 

- Hər bir insan özünə kənardan baxmağı bacarmalıdır. Sənəti ilə seçilmiş insan üzdədir. Xüsusən də, incəsənət aləmində olanda ona pərəstiş edənlər dediyi sözü, atdığı addımı bəyənib ona bənzəmək istəyirlər. Vay o günə ki, hansı sənət olursa olsun, onu təmsil edən insan savadsız, tərbiyəsiz, kobud, mədəniyyəti axsaq, başı gic olsun. "Mənəm-mənəm” deyib özündən  başqa heç kimi bəyənməyən və görmək istəməyən adam millətinə, xalqına, yurduna hörmət gətirə bilməz. Millətini sevən, xalqı ilə hesablaşan, onu uca tutan şəxs hörmət, sevgi qazanıb, öz xalqı arasında söz sahibi ola bilər. O insanların devizi, "hər şey mənə yox, millətimə” olmalıdır. İncəsənətdə çox az adam var ki, özünə kənardan baxıb, qüsurlarını görüb, ona tənqidi yanaşıb, nəyisə dəyişmək istəyir. "Mənəm-mənəm” deyənlər eyforiyaya qapılıb, mənəvi dəyərdən bixəbərdirlər. Pərəstişkarlar isə o bədbəxtin sürünə-sürünə qazandığı rifahı uğur kimi qəbul edib, ona bənzəmək istəyirlər. Özləri də hiss etmədən heçliyə yuvarlanırlar. Maddi ehtiyacın quluna çevrilirlər və cəmiyyəti də yoluxdururlar”.

- Sənətkar vətəndaş mövqeyi sərgiləməlidirmi? 

- Sənətkar vətəndaş mövqeyini ortaya qoymağa borcludur. Sənət adamları, xüsusən də, postsovet ölkələrinin şərqində siyasi mövsümün proqnozları ilə həyatlarını tənzimləyirlər. Bizim peşədə ürəkli adamlar barmaqla sayılır. Onların gücü ancaq mətbəxtdə pıçhapıça çatır.

- İnsan necə yaşamalıdır ki, özünə və cəmiyyətə xeyri olsun? 

- Əsl vətəndaş olmaq təbiətdir, mərdlikdir, istedaddır. Onu da yaradan ya verir, ya da vermir. Cəmiyyətimiz saxta vətənpərvərlə doludur. İnsanın məzmunu onun təbiətidir. Amma xasiyyətlə təbiət arasında böyük fərq, məsafə var. Təbiət Allahdan, özündən xəbərsiz gəlir. Çoxu  təbiətlə xasiyyəti qarışdırır. Xasiyyət onun görünən tərəfidir, insan hədəfdən asılı olaraq, qoyduğu məqsədi əldə etmək üçün mövcud şəraitə uyğunlaşdırılır. Ancaq keçə bilmədiyi sınaqlar o insanın gizlətdiyi xislətini ortaya qoyur.

- Əvvəlki zəmanə insanları ilə indiki zəmanə insanlarının fərqi varmı, yoxsa elə zəmanə fərqlidir? 

- Əvvəl də, indi də zəmanəni yaltaqlar yaradır. Cəmiyyətin xasiyyətini formalaşdırır. Allah biz bu faciədən qorusun. İnşallah, buna da çarə tapılar.

Gülzar N. Məmmədli
Toplum Tv