16:41, 18 Sentyabr 2018 (Çərşənbə axşamı) 827

Fonddan dövlət büdcəsinə edilən transferlər

Fonddan dövlət büdcəsinə edilən transferlər
Bakı Araşdırmalar İnstitutu son 3 ilin (2016-2018-ci illər) yanvar-avqust aylarında Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) daxili bazarda həyata keçirdiyi valyuta satışlarının müqayisəli infoqrafikasını təqdim edib. 

Qrafik təsvirdən görünür ki, 2016-cı illə müqayisədə 2017-ci ilin bütün 8 ayında Fondun həyata keçirdiyi valyuta satışlarının məbləği azaldığı halda, 2018-ci ildə aylar üzrə valyuta satışlarında kəskin artım baş verib. 

Bəs belə kəskin artımlar bu il manatın məzənnəsi ilə bağlı hər hansı problemlər yaradacaqmı?

İqtisadçı-ekspert Azər Mehtiyev Toplum TV-yə deyir ki, Dövlət Neft Fondunun valyuta satışları manatın məzənnəsinin tənzimlənməsi məqsədinə xidmət etməsə də məzənnənin tənzimlənməsinə təsirini göstərir: "Burada vurğulamaq vacibdir ki, manatın məzənnəsinin tənzimlənməsi məqsədi ilə valyuta bazarlarında əməliyyatlar (alış və satış) həyata keçirmək Mərkəzi Bankın funksiyasına aiddir. ARDNF-in valyuta satışları manatın məzənnəsinin tənzimlənməsi məqsədinə xidmət etmir, amma təbii ki, məzənnənin tənzimlənməsinə təsir göstərir. Fond yaranandan bəri yalnız 1 dəfə - 2017-ci ildə -  ölkədə maliyyə sabitliyinin təmin edilməsi məqsədi ilə ARDNF-dən birbaşa Mərkəzi Banka təqribən 2.3 mlrd ABŞ dolları transfer edilib ki, bu vəsaitin məqsədi məhz manatın məzənnəsinin qorunması olub”.

Ekspert bildirir ki, fond heç də bütün xərcləri üçün yox, yalnız manatla həyata keçirəcəyi xərclər üçün valyuta satışını həyata keçirir: "Dövlət Neft Fondundan dövlət büdcəsinə edilən transfertlər, habelə Fonddan birbaşa  maliyyələşdirilən ölkədaxili layihələrə (məsələn, qaçqın və məcburi köçkünlərin sosial-məişət və məskunlaşma məsələləri ilə bağlı tədbirlərin, Samur-Abşeron suvarma sisteminin yenidən qurulması layihəsinə, Fondun idarə edilməsi ilə bağlı xərclərə və s.) yönəldilən vəsaitlər manatla ayrıldığından, Fond dollarla əldə etdiyi gəlirlərinin müvafiq hissəsini valyuta bazarında satmalı və manat əldə etməli olur. Yəni Fondun daxili bazarda valyuta satışları dövlət büdcəsinə transferin təmin edilməsi, habelə Fonddan birbaşa maliyyələşdirilən layihələr üzrə manatla aparılan əməliyyatlara xidmət etmək məqsədi ilə aparılır. Buna görə də Fondun aylar üzrə valyuta satışlarının məbləği əsasən il ərzində dövlət büdcəsinə ediləcək transferin ümumi məbləğindən, bu məbləğin aylar üzrə necə bölünməsindən, habelə Fonddan birbaşa maliyyələşdirilən layihələrə manatla ayrılacaq vəsaitin aylar üzrə icrası məbləğindən asılı olaraq dəyişir. Neft Fondundan birbaşa maliyyələşdirilən layihələrin bir hissəsi  birbaşa dollar ifadəsində həyata keçirilir (məsələn, Cənub Qaz Dəhlizi layihələrində Azərbaycan Respublikasının iştirak payının maliyyələşdirilməsi və s.)”.

İqtisadçı qeyd edib ki, keçən ildə Fondun ümumi xərcləri 2016 və 2018-ci illərlə müqayisədə aşağı olub. 

Ekspert həmçinin 2018-ci il üçün nəzərdə tutulan Fondun ümumi xərclər rəqəmlərini açıqlayıb: "Belə ki, ümumi Fondun xərcləri 2016-cı ildə 5.44 mlrd. ABŞ dolları, 2017-ci ildə isə 6.37 mlrd. dollar olub, lakin 2017-ci ildə Fondun xərclərinin təqribən 2.3 mlrd. dolları (elə dollar ifadəsində) Mərkəzi Banka köçürülüb. Başqa sözlə, MB-a transfer nəzərə alınmasa, Fondun illik xərcləri həmin il 4.1 mlrd. dolara yaxın olub. 2018-ci ildə isə Fondun ümumi xərclərinin təqribən 6.75 mlrd. dollar nəzərdə tutulub”.

Azər Mehtiyev Neft Fondunun xərclərinin əksər hissəsinin hər zaman dövlət büdcəsinə transfertlərdən ibarət olduğunu bildirib: "2016-cı ildə Fondun 5.44 mlrd. dollarlıq ümumi xərclərinin təqribən 4.6 mlrd. dolları (7615.0 mln. manat) yaxud 84.4%-i dövlət büdcəsinə transfer edilib. Qrafikdən aydın olur ki, həmin ilin 8 ayında Neft Fondu valyuta bazarında 3.26 mlrd. ABŞ dolları məbləğində satışlar həyata keçirib. Aydındır ki, bu satışlardan əldə edilən vəsaitin əksər hissəsi dövlət büdcəsinə transfer edilib.  2017-ci ildə Fonddan dövlət büdcəsinə 6.1 milyard manat (təqribən 3.53 mlrd. ABŞ dolları) transfer edilib ki, bu da Mərkəzi Banka köçürülən vəsait nəzərə alınmadan Fondun xərclərinin 86.1%-i deməkdir. 2017-ci ilin 8 ayında Fondun valyuta satışlaırnın məbləği 2.23 mlrd. dollar olub. 

2018-ci ildə isə Fonddan dövlət büdcəsinə 10966.0 mln. manat transfer nəzərdə tutulur ki, bu da təqribən 6.45 mlrd. dollar (ümumi xərclərin 95.5%-i) deməkdir. Bu ilin 8 ayında Fondun valyuta satışlaırnın məbləği isə 4.24 mlrd. dollar olub”.

İqtisadçı yekun olaraq qeyd edib ki, Fondun manat ifadəsində xərcləri artdıqda onun valyuta satışları da müvafiq olaraq artır. Ekspertin sözlərinə görə, Fondun daxili bazarda satdığı valyuta vəsaitinin alıcısı həm kommersiya bankları, həm də Mərkəzi Bank ola bilər.

Samirə Əliyeva
Toplum.Tv