Siyasət

"Formula 1"-dən nə qazandıq, nə itirdik?

29 Aprel, 2019
940
Artıq 4 ildir Azərbaycanda keçirilən Formula 1 yarışının müsbət və mənfi tərəfləri müzakirə obyektinə çevrilib. Rəsmilər yarışın faydalı olduğunu bildirsə də, müstəqil və müxalif iqtisadçılar fərqli yanaşma sərgiləyirlər.

"Növbəti illərdə...”

İqtisadçı Vüqar Bayramov rəsmi statistikaya əsaslanaraq bildirib ki, Formula 1 yarışından gəlir əldə edilir: "Əlbəttə, bu, rəsmi məlumatdır. Yarışın iqtisadi baxımdan müsbət tərəflərinə diqqət yetirilsə, əsas məqamlardan biri odur ki, Formula 1 artıq gəlirin əldə edilməsinə imkan yaradır. Eyni zamanda, ölkənin təqdimatı və tanıdılması baxımından çox vacibdir. Amma bu yarışın özəlliyi ondan ibarətdir ki, statistikaya görə, ölkə gəlir əldə edə bilir, çünki ilkin olaraq infrastruktur xərcləri ilk illərdə həyata keçirilib. Növbəti illərdə xərclərin qarşılanması və gəlirlərin əldə edilməsi müşahidə olunur. Həm də Formula 1 dünyada ən çox baxılan üçüncü idman növüdür. Bu amil də Azərbaycanın qlobal tanıdılması baxımından çox vacibdir”.

Amma Vüqar Bayramov düşünür ki, Formula 1 yarışının keçirilməsinə yenidən baxmaq lazımdır. O qeyd edib ki, Bakı tıxaclar və çox məskunlaşmış şəhərdir: "Biz ona görə təklif edirik ki, Formula 1 Bakıda deyil, digər şəhərlərdə keçirilsin. Məsələn, Gəncə, yaxud Qəbələdə keçirilməsi mümkündür. Bu, Azərbaycanın bölgələrinin tanıdılması baxımından vacibdir. İkinci, həmin bölgələrin infrastruktur və təşkili imkanları var. Ona görə növbəti illərdə Formula 1 yarışının bölgələrə transfer olunması daha məqsədəuyğundur. Belə olarsa, yarış bölgələrdə texniki problem yaratmır və nəticə etibarı ilə əyalətlər tanınır”.

"Bəs bu itkiləri kim hesablayacaq?”​

İqtisadçı Rövşən Ağayev isə Rusiyada son (2018-ci il) futbol üzrə dünya çempionatını xatırladaraq bildirib ki, müxtəlif qurumlar Rusiyaya gələn insanların neçə faizinin geri qayıtmasını araşdırırlar: "Niyə bu məsələnin üzərində dayandım. Adətən hökumətin bir arqumenti ondan ibarətdir ki, idman və ya musiqi yarışları insanları Azərbaycana gətirir, gələnlər ölkəni tanıyır, turist kimi bir də gəlir. Əgər idman yarışlarının ölkəni turistlik məkan tanıtımdan söhbət gedirsə, bunu araşdırıb isbatlamaq lazımdır. Ola bilər, yarışlara gəlməyənlər də internet və televiziyalar vasitəsilə prosesi izləyib gələ də bilər. Amma bunun ölçülməlidir və bu, hökumətin işidir. Qoyulan vəsaitin turistlərin ölkəyə gəlməsinə təsir etməsini iki sualla araşdırmaq lazımdır. Birinci, yarışlara tamaşa etməyə gələnlər növbəti illərdə ölkəyə bir də gəlirlərmi? İkinci, tədbirlərə gəlməyib, amma beynəlxalq mediada yarışı izləməklə ölkəylə tanış olub turist kimi gələnlər varmı? Bu cür obyektiv sorğular və araşdırmalar olmadığından kimsə iddia edə bilməz ki, bu cür tədbirlərin Azərbaycanın turistlik ölkə kimi tanınmasına faydası var. İqtisadi faydasına gəlincə, bu gedişatda itkiləri də ölçmək lazımdır. Bilirsiniz ki, yarışların keçirildiyi zaman ətrafda olan ticarət və digər biznes obyektləri dayanır, insanların ərazidə hərəkəti məhdudlaşır, nəticədə itkilər yaşanır. Bəs bu itkiləri kim hesablayacaq? Ona görə qazanclarla bərabər itkiləri də ölçüb ardınca tərəzinin gözünə qoymaq lazımdır. Amma bu məsələ də qiymətləndirilmir”.

​Rövşən Ağayev hesab edir ki, bu cür tədbirlər ölkənin turistik ölkə kimi beynəlxalq aləmdə təqdimatı baxımdan olsaydı, ciddi faydası mümkün idi: "Amma 2018-ci ildə 2017-ci illə müqayisədə Azərbaycanda turizm gəlirləri 500 milyon dollar azalıb. Məntiqlə azalmamalıydı. Normalda bu cür tədbirlər bir il üçün hesablanmır, belə tədbirlərdə ölkənin təqdimatı olur və turistlərin gəlişi davam edir. Önəmli olan idman, yaxud musiqi yarışına gələnlər növbəti il də turist kimi gələcəkmi? Amma biz onu görürük ki, 2017-ci ildə xarici turistlərdən 3,1 milyard dollar qazanc olmuşdu, 2018-ci ildə 500 milyon dollar düşdü. Onda keçirilən tədbirlərin faydası nə oldu? Məsələyə bu cür yanaşmağın tərəfdarıyam. Yəni təqdimat ölkəyə davamlı pul gətirmirsə, deməli, qoyulan vəsait itirilib”.

​Rəsmilər nə deyirdi?

Prezidentin köməkçisi Əli Həsənov bu günlərdə yazdığı məqalədə Formula 1 yarışmasının faydalarına toxunmuşdu.

Əli Həsənov bildirmişdi ki, Formula 1 onlarla ölkədə nümayiş etdirilir, bütün dünyada 500 milyonluq izləyici auditoriyasına malikdir: "Təbii ki, ildən-ilə ölkəmizə gələn turistlərin sayının artmasında bu yarışmanın böyük payı vardır. Bundan başqa, Bakı Şəhər Halqası Əməliyyat Şirkətində 113 daimi işçi çalışır, yarışlar yaxınlaşdıqca işə cəlb olunanların sayı artır və təxminən min nəfəri ötür...”

Prezidentin köməkçisi sonra da yazırdı ki, 2018-ci ildə "Formula 1” Azərbaycan Qran- prisində ümumilikdə 94 min tamaşaçı iştirak edib: "...Statistikaya əsasən, 2016-cı ildə bu yarışlara 5 min, sonrakı illərdə isə 3 min könüllü cəlb edilib. Sevindirici haldır ki, gənclərimiz könüllülük hərəkatına böyük həvəslə qoşulur və ötən 4 il ərzində könüllü olmaq üçün müraciət edənlərin sayı 50 min nəfəri ötüb. Onu da qeyd etmək istərdim ki, Formula 1-i izləmək üçün ölkəmizə gələn xarici turistlərin, avtomobilsevərlərin sayında da ildən-ilə ciddi artım müşahidə olunur. Builki yarışmanı izləmək üçün 78 ölkədən avtoidman həvəskarı Azərbaycana təşrif buyurub”.

Əli Həsənov "PricewaterhouseCoopers” (Pwc) beynəlxalq audit şirkətinin 2017-ci ilin sonlarında apardığı araşdırmanın nəticələrini əsas gətirərək yazıb ki, ilk iki "Formula 1” yarışı ölkə iqtisadiyyatına ümumilikdə 277.3 milyon dollar gəlir gətirib. Yəni onun fikrincə, yarışların iki ilinə yatırılan 100 milyon dollar iki dəfədən çox qazanc verib.

Azərbaycanda Formula-1 yarışları 2016-cı ildən keçirilir.

Razılaşmaya əsasən, Azərbaycan bu yarışlara hələ 2023-cü ilə qədər ev sahibliyi edəcək. Rəsmilər Azərbaycanda Formula-1 yarışlarına ümumilikdə çəkilən xərcləri açıqlamır. Bu da müxalifətin tənqidlərinə səbəb olub. 
Aprelin 28-i Formula 1 SOCAR Azərbaycan Qran-Prisinin sonuncu günüdür.Yarış apreıin 26-da başlayıb. Qalib bu gün, aprelin 28-də müəyyən ediləcək.
 
Azadliq.org

Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.

Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.

Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplum.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplumtv/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06

Siyasət

Bakı Moskva ilə əlaqələri daha da gücləndirmək istəyir

6 Mart 2024

Rəsmi səhifə

Martın 5-də Bakıda Azərbaycan və Rusiya arasında turizm və mədəniyyət, həmçinin Azərbaycan-Rusiya dövlət sərhədindən keçid məntəqələrinin və avtomobil yolu infrastrukturunun inkişafına dair ikitərəfli əməkdaşlığın gücləndirilməsi üzrə bir sıra sənədlər imzalanıb. Toplum TV xəbər verir ki, bu barədə Azərbaycan Nazirlər Kabinetinin Mətbuat xidməti məlumat yayıb.  Bildirilir ki, Rusiya Hökumətinin sədri Mixail Mişustin Bakıya iki günlük səfəri çərçivəsində Azərbaycan Baş naziri Əli Əsədov ilə görüş keçirilib. Görüş vaxtı tərəflər Azərbaycan-Rusiya strateji tərəfdaşlığının müxtəlif sahələrdə yüksək səviyyədə olduğunu bildiriblər. Həmçinin 2023-cü ildə qarşılıqlı ticarətin əldə olunmuş 4,3 milyard ABŞ dolları həcmində rekord səviyyəsindən məmnunluq ifadə ediblər.  "Nəqliyyat-tranzit sahəsi Azərbaycan-Rusiya əməkdaşlığının əsas istiqaməti kimi...
Siyasət

İranla münasibətlər bərpa olunur, azərbaycanlı diplomatlar qayıdacaq

6 Mart 2024

Açıq mənbələrdən götürülüb

Azərbaycan diplomatlarının tezliklə İrana qayıtmasına dair razılıq əldə olunub. Toplum TV xəbər verir ki, martın 5-də Ciddədə Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov iranlı həmkarı Hüseyn Əmir Abdullahian ilə görüşüb.  Görüş zamanı Azərbaycanın İrandakı Səfirliyinin əməkdaşını qətlə yetirən şəxsin məhkəməsinin nəticəsi ilə bağlı müzakirənin aparıldığı bildirilib.  https://toplum.tv/siyaset/piranda-azerbaycan-sefirliyine-huumlcum-etmis-sexs-edam-edilecekp Müzakirələrdən sonra Azərbaycan Respublikasının diplomatik nümayəndə heyətinin yaxın vaxtlarda İrana göndərilməsi ilə bağlı qərar qəbul edilib.  Xatırladaq ki, ötən il yanvarın 27-də Azərbaycan Respublikasının İran İslam Respublikasındakı Səfirliyinə silahlı hücum olub. Hücum edən şəxs “Kalaşnikov” markalı avtomat silahla mühafizə postunu yararaq, mühafizə xidmətinin rəisi Orxan Əsgərovu qətlə yetirib. Səfirliyin mühafizə xidmətinin iki əməkdaşı...

Seçilmiş Videolar

Toplum TV loqo