11:22, 21 May 2019 (Çərşənbə axşamı) 65

Fotomüxbir Əziz Kərimova akkreditasiya qadağası qoyulub

Fotomüxbir Əziz Kərimova akkreditasiya qadağası qoyulub
Mayın 29-da Avropa Liqasının "Arsenal" və "Çelsi" klubları arasında final maçını işıqlandırmaq üçün UEFA-dan akkreditasiya alan "Turan” İnformasiya Agentliyinin fotomüxbiri Əziz Kərimova Azərbaycan hakimiyyəti qadağa tətbiq edib.

Məlumatı "Turan” yayıb.

Belə ki, UEFA mayın 15-də rəsmi bildiriş göndərərək, Kərimova akkreditasiya verib. Amma mayın 18-də onlar səbəbini izah etmədən, Kərimova imtina cavabı göndəriblər. Elə həmin gün Kərimov UEFA-ya imtina cavabının səbəbini izah etmək xahişi ilə sorğu göndərib. UEFA cavab vermişdi ki, hüquq-mühafizə və yerli hakimiyyət orqanları Kərimova akkreditasiya etməsindən imtina ediblər.

Məlumatda bildirilir ki, 2019-cu ilin aprelində "Formula-1" Azərbaycan Qran-pri keçirildiyi zaman da, demək olar ki, belə bir vəziyyət olub. "Baku City Circuit” əməliyyat şirkəti "Turan” Agentliyini bu yarışlarda akkreditasiya etməkdən imtina edib, baxmayaraq ki, "Formula-1"dən akkreditasiya var idi.

"Baku City Circuit”-in marketinq və kommunikasiyalar şöbəsinin rəhbəri Nigar Arpadarai "Turan”-ın imtinanın səbəbləri haqqında sorğusunu cavabsız qoyub.

Əməliyyat şirkətinin əməkdaşları şəxsi söhbətlərdə qadağanın hüquq-mühafizə orqanları tərəfindən qoyulduğunu bildiriblər.

"Təşkilatçısı beynəlxalq təşkilatlar, həmçinin səfirliklər olsa belə, ölkə hakimiyyəti əksər rəsmi tədbirlərin işıqlandırılmasında "Turan”-a qadağa qoyub.

Formula-1-də olduğu kimi, "Arsenal" - "Çelsi" maçında da akkreditasiyadan imtinanı açıq-aşkar ayrı-seçkilik və Agentliyin peşə fəaliyyətinin qəsdən məhdudlaşdırılması, Azərbaycanda söz azadlığının məhdudlaşdırılması üzrə dövlət siyasətinin davamı kimi qiymətləndiririk,”- agentliyin məlumatında deyilir.

Agentlik Azərbaycan prezidentini bu ayrı-seçkiliyə və onlara qarşı uzun illərdir həyata keçirilən təzyiq siyasətinə son qoyulması üçün tədbirlər görməyə çağırır. Bu təzyiqlərin ən yüksək nöqtəsi 2017-ci ilin avqustunda Agentliyə qarşı açılmış saxta cinayət işi və agentliyin direktorunun həbs edilməsi olub.