17:37, 17 Oktyabr 2020 (Şənbə) 190

Fransanın keçmiş prezidenti cinayətkar qruplaşmanın üzvü olmaqda günahlandırılır

Fransanın keçmiş prezidenti cinayətkar qruplaşmanın üzvü olmaqda günahlandırılır
Fransanın keçmiş prezidenti Nikola Sarkoziyə qarşı cinayətkar qruplaşmada iştirak ittihamı irəli sürülüb. "Le Figaro” qəzeti Baş maliyyə prokurorunun bəyanatına istinadən yazır ki, söhbət onun 2007-ci ildə prezident seçkiləri kampaniyasını Liviyanın  maliyələşdirməsi ehtimalından gedir. 

Keçmiş prezident vaxtilə Liviya diktatoru Müəmmər Qəddafidən öz seçki kampaniyasını maliyyələşdirmək üçün pul almaqda hələ 2018-ci ildə günahlandırılmışdı. Sarkozi buni inkar edir və bildirirdi ki, seçkiləri qanunsuz maliyyələşdirmə ilə bağlı şübhələr "onun həyatını cəhənnəmə döndərib”.

Sarkozi bir sıra hökumətlərdə müxtəlif nazir postları tutduqdan sonra 2007-2012-ci illərdə Fransanın 23-cü prezidenti, 2004-cü ildən etibarənsə həmin dövrdə iqtidarda olan konservativ "Xalq hərəkatı uğrunda ittifaq” (2015-ci ildən "Respublikaçılar” adlanır) partiyasının lideri idi. 

"le Monde” qəzetinin b”yazdığına  görə, "Liviya pulları” Sarkoziyə 2007-ci ildə hakimiyyətə gəlməyə imkan verib. Daha əvvəl Müəmmər Qəddafinin oğlu bildirib ki, Sarkozinin 2007-ci ildəki kampaniyasını Liviya hakimiyyəti maliyyələşdirib. Fransanın "Mediapart” portalının xəbərinə görə,  Sarkozi Qəddafidən guya 50 milyon avrodan çox vəsait alıb. 

Bu işin istintaqı 2013-cü ildən davam edir. Vasitəçi Ziyad Takiyəddin 2016-cı ilin noyabrında ifadə verib ki, guya 2006-cı ilin sonlarında – 2007-ci ilin əvvəllərində 5 milyon avro nağd vəsaiti Tripolidən Parisə gətirib, şəxsən Sarkoziyə və Klod Geana (Sarkozinin prezidentliyi dövründə bir müddət daxili işlər naziri olub) verib. Bu pulları polis xarici ölkə nümayəndələrindən alınan rüşvət kimi tövsif edib. Liviyanın yeni hakimiyyəti isə daha əvvəl bəyan etmişdi ki, həmin pulları "dövlət büdcəsinin israfı” sayırlar.


Müəmmər Qəddafi 1969-cu ildə kral I İdrisə qarşı hərbi çevrilişin rəhbəri kimi hakimiyyətə gəlib. O, 2011-ci ildə - ölkəsində başlamış vətəndaş müharibəsinin gedişində öldürülüb. Üsyançılara Sarkozinin Ali baş komandan olduğu Fransa ordusu da yardım edib.