15:05, 13 Fevral 2019 (Çərşənbə) 423

Fuad Əhmədli həbsdə qaldı

Fuad Əhmədli həbsdə qaldı
Fevralın 13-də Azərbaycan Ali Məhkəməsi həbsdə olan AXCP fəalı Fuad Əhmədlinin kassasiya şikayətini təmin etməyib.

Bunu F.Əhmədlinin atası Zəfər Əhmədli bildirib. Onun deməsinə görə, kassasiya şikayəti F.Əhmədlinin cəzaçəkmə müəssisəsindən məntəqə tipli müəssisəyə köçürülməsi istəyi ilə bağlı olub: «Amma Ali Məhkəmə şikayəti təmin etmədi və rədd cavabı verdi».

F.Əhmədli 2016-cı il avqustun 17-də saxlanıb. İttihama görə, o, işlədiyi «Azerfon» şirkətində texniki vasitələrdən istifadə etməklə, bir sıra müştərilər haqqında fərdi məlumatları kənar şəxslərə ötürüb.

F.Əhmədli Cinayət Məcəlləsinin 302.1 (əməliyyat-axtarış fəaliyyəti haqqında qanunvericiliyi pozma) və 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə ittiham olunurdu. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə ona 4 il həbs cəzası verilib.

F.Əhmədli ittihamları rədd edir və siyasi sifarişlə həbs olunduğunu bildirir. Rəsmilər isə ölkədə siyasi sifarişlə həbslərin olması haqqında deyilənləri düzgün saymırlar.

Azadlıq Radiosu