15:22, 16 Oktyabr 2019 (Çərşənbə) 940

Fuad Qəhrəmanlıya qarşı cinayət işi açılıb

Fuad Qəhrəmanlıya qarşı cinayət işi açılıb
Azərbaycan Xalq Cəbhəsi Partiyasının keçmiş sədr müavini Fuad Qəhrəmanlıya qarşı cinayət işi açılıb.
 
Bu barədə məlumatı Baş Prokurorluğun mətbuat xidməti yayıb. 

Məlumatda bildirilir ki, F.Qəhrəmanlının qızı Selcan Qəhrəmanlının bu ilin 19 sentiyabrında öz feysbuk hesabında atası ilə bağlı yaydığı açıqlamadan sonra araşdırma başladılıb.

Baş Prokurorluğun mətbuat xidməti deyir ki, Abşeron rayon sakini Fuad Əli oğlu Qəhrəmalının yetkinlik yaşına çatmayan qızları Sənay və Selcan Qəhrəmanlıya, eləcə də arvadı Zümrüd Qəhrəmanlıya qarşı zorakılıq edərək onlara iztirablar verməsi barədə Selcan Qəhrəmanlının sosial şəbəkə hesabında və kütləvi informasiya vasitələrində yayılan məlumatlar geniş ictimai rezonansa səbəb olub. Məlumatda Fuad Qəhramanlının təxminən 40 dəfə öz ailəsinə qarşı zorakı hərəkətlər etməsi qeyd edilib.

Həmçinin, Zümrüd Qəhrəmanlı "YouTube”da yerləşdirilən müsahibəsində əri Fuad Qəhrəmanlının 2010-cu ildə ağır şüşə stəkanla azyaşlı qızı Sənayın dizini sındırdığını, 2013-cü ilin yayında onun barmağını sındırdığını, 2015-ci ilin noyabrında isə ona digər xəsarətlər yetirdiyini, azadlıqda, hətta həbsdə olarkən belə onlara qarşı psixi iztirablar verdiyini bildirib. Z.Qəhrəmanlı qızı Sənayın xəsarətlərini təsdiq edən sənədlərin və fotoşəkillərin olduğunu qeyd edib, həmin hadisələrdən Fuad Qəhrəmanlının təmsil olunduğu partiyanın sədri Əli Kərimli və rəhbərliyində təmsil olunan digərlərinin məlumatlı olmasına baxmayaraq, onlar tərəfindən bu şiddətin qarşısının alınması üçün heç bir tədbir görülməməsi, yol verilmiş məişət zorakılığının üstünün ört-basdır edilməsinə cəhd göstərilməsi barədə məlumat verib.

Faktla bağlı Baş Prokurorluq Cinayət Məcəlləsinin 133.2.1-ci (iki və ya daha çox şəxsə qarşı döyməklə və ya sair zorakı hərəkətlərlə güclü fiziki ağrı və ya psixi iztirablar vermə) və 133.2.4-cü (təqsirkar şəxs üçün aşkar surətdə yetkinlik yaşına çatmayan, habelə köməksiz vəziyyətdə olan şəxsə qarşı döyməklə və ya sair zorakı hərəkətlərlə güclü fiziki ağrı və ya psixi iztirablar vermə) maddələri ilə cinayət işi başladıb.

Açılan cinayət işinin istintaqı Abşeron Rayon Prokurorluğuna həvalə olunub. Hazırda faktla bağlı istintaq tədbirləri davam edir.

Fuad Qəhrəmanlı məsələyə öz feysbuk hesabında münasibət bildirib: "Aydın oldu ki, mənə qarşı aparılan kampanıyanın arxasında hansı qüvvələr və maraqlar dayanırmış. Uydurma ittihamlar əsasında məni linç edənlər indi bildilərmi ki, özləri də bilmədən hansı planın tərkib hissəsinə çevriliblər? Sadəcə mən qüruruma sığışdırıb haqsız ittihamlarla bağlı danısmadım və bundan da sonra da danışmayacağam. Mənim bu cinayət işinə verəcəyim bir cavab var: 19 oktyabrda meydanda görüşərik”.

Zümrüd Yağmur da öz feysbuk hesabından məsələyə münasibət bildirib:
"Sən demə, Zakir Qaralovun ədalət damarı tutub və "dediyim dedikdi” deyib bir ailədə baş verən hadisə ilə bağlı cinayət işi acıb. Hətta şiddətin nə qədər olduğunu da müəyyən ediblər, nə az, nə çox... Sən demə, 40 dəfə olub... Hətta Sənayın 7 yaşı olanda ayağının sınmasına dair araşdırma da aparıblar, 2018-ci ildə təkrar və hər il tələb olunan müayinəni də araşdırıb ortaya çıxarıblar. (Bunların belə araşdırama "qabiliyyəti” vardısa, niyə Tərtər, Gəncə işindəki işgəncə faktlarını aradırmırlar?)

Mən keçən dəfə də demişdim. Görünür anlamaq istəmirlər, o üzdən bir daha deyirəm. Hər kəs öz siyasi oyununu oynayır. Amma mən və qızlarım kiminsə məkrli oyunlarında ucuz şahmat taxtası deyilik. Mənim nə İlham Əliyevin, nə Mehriban Əliyevanın, nə Zakir Qaralovun, nə DTX-nın, nə də DİN-in ədalətinə ehtiyacım yoxdu. Və onların siyasi qisas oyunlarında və ya başqa məkrli planlarında da alət olmaq niyyətində deyiləm. Belə ədalətlidirlərsə, bir zəhmət, istefa verib getsinlər, ədalətsiz əməlləri ucbatından boğulan ölkə rahat nəfəs alsın. Bu gün Elinanın məhkəməsi bitdi. Onu intihara sürükləyənlərə cəza verməyənlərin ədalət axtarışı gülünc görünür”.

Roza Məmmədova