15:40, 05 Yanvar 2021 (Çərşənbə axşamı) 63

Füzuli-Şuşa avtomobil yolunun açılacağı tarix məlum oldu

Füzuli-Şuşa avtomobil yolunun açılacağı tarix məlum oldu
Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunun tikinti layihəsinin uzunluğu ilkin hesablamalara əsasən 101.5 km təşkil edir. Yeni avtomobil yolunun ümumi eni isə 37.7 m təşkil edəcək.

Bu barədə yanvarın 5-də Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən məlumat verilib. 

Məlumata görə, Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunun əsas hissəsinin eni 21.5 olmaqla 4 hərəkət zolağından ibarət olacaq. Bundan başqa, layihə üzrə relyefin imkan verdiyi ərazilərə qədər hər bir istiqamətdə əlavə geniş hərəkət hissəsinə malik 1 ehtiyat zolağın inşası da nəzərdə tutulub. Ehtiyat zolaqlarla birgə yol 6 hərəkət zolağından ibarət olacaq.

Yeni Füzuli-Şuşa magistral avtomobil yolu başlanğıcını M6 Hacıqabul- Bəhrəmtəpə-Mincivan-Ermənistan Respublikası ilə dövlət sərhədi magistral yolunun Füzuli rayonunun Əhmədbəyli kəndindən keçən hissəsindən götürməklə, işğaldan azad edilmiş Füzuli, Xocavənd, Xocalı və Şuşa rayonlarının ərazisindən keçir. Avtomobil yolu sözügedən rayonların 20-dən artıq yaşayış məntəqəsini əhatə edir.

Füzuli-Şuşa yeni avtomobil yolu ilə avtonəqliyyat vasitələrinin rahat və təhlükəsiz hərəkətinin təmin olunması üçün qısa müddət ərzində müvəqqəti olaraq 2 hərəkət zolaqlı və çınqıl örtüklü olmaqla yeni yolun inşa edilərək istifadəyə verilməsi planlaşdırılır. 

Verilən məlumata görə, buna paralel olaraq layihə üzrə tikinti işləri də davam etdirilir və təyin olunmuş qrafikə uyğun inşaat işlərinin bu ilin sonu, növbəti ilin əvvəlinədək yekunlaşdırılması nəzərdə tutulur.

Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolu sayəsində paytaxt Bakıdan Şuşa şəhərinədək olan məsafənin qısalaraq, təqribən 363 km təşkil edəcəyi bildirilib.