15:14, 20 Oktyabr 2020 (Çərşənbə axşamı) 230

"Füzulinin azad olunması xəbərini eşidəndə hamımız ağladıq”

"Füzulinin azad olunmasını xəbərini eşidəndə yataqxanadkıların hamısı ağladıq”.

Əslən Füzulinin Yuxarı Seyidəhmədli kəndindən olan Yusif Yusifov belə deyir. O, doğma şəhərinin azad olunması xəbərini 27 il sonra - yaşadığı yataqxanada eşidib.

"Bu bayrağı da Füzulinin azad olunduğunu eşidəndə çəkmişəm" - divardakı rəsmi göstərir.

Y.Yusifov əvvəlcə Gəncədən gələn bəd xəbərdən, 14 azərbaycanlının ölümündən, evləri dağılan gəncəlilərin üzü qışa evsiz-eşiksiz qalmalarından necə məyus olduqlarından danışır: "Gəncəyə yatmış insanların üstünə raket atılması xəbərini eşitdik, köhnə yaralarımız təzələndi. Eynisi Füzulidə bizim də başımıza gəlmişdi".

Onun sözlərinə görə, hər şeyini Füzulidə qoyub gəlib, burda sadəcə boş cismini gəzdirir. Bibisinin oğulları Füzuli uğrunda döyüşlərdə həlak olub, bacısı oğlu isə Murovda itkin düşüb: "Onu sonra tapdıq, tanınası halda deyildi. Anası dedi ki, kürəyində xalı var, eləcə buna görə onun oğlu kimi basdırdıq. Ondan sonra bacım bir az sakitləşdi".

Yusif Yusifovun həyat yoldaşı Sevinc Yusiofova da söhbətə qarışır: "15 avqustda kənddə toydaydıq - Füzulinin Şükürbəyli kəndində. Qəfildən toyu kəsdilər. Dedilər ki, ermənilər Füzuliyə girir. Heç bilmədim yoldaşım harda qaldı. 4 uşaqla qoşuldum baldızımgilə, qaçdım".

O danışır ki, 4 uşağı ilə birgə İran sərhədinə qaçıb, kürəyinə bağladığı 4 aylıq körpəsi az qala Arazın sularında boğulacaqnış.

"Oğlumun indi 28 yaşı var, onda 4 aylıq idi, kürəyimdə idi. Suyun içində qızımın biri yıxıldı, əl atıb qızımı çıxaranda balaca 4 aylıq uşağım düşdü Araza. Axıb gedirdi uşaq, qışqırdmağa başladım. Sağ olsunlar, iki oğlan tutub gətirdi. Mənə dedilər ki, uşaq ölüb, burda qoy, çıxaq gedək. Dedim yox, haracan getsəm, oracan aparacam. Uşaq qucağımda ölü kimiydi, bir xeyli sinəsindən basdım, süni nəfəs verdim, birdən mədəsindəki suyu qaytardı və özünə gəldi. Mənim balaca oğlum beləcə yenidən dünyaya gəldi..."

Sevinc Yusifova yoldaşını 2 ay sonra İmişlidə tapıb.

Söhbətin getdikcə daha kədərli məcraya yönəldiyini görən qonşular mövzunu dəyişirlərr: "Deyin də, hamı çəkir, paylaşır, siz də deyin ki, biz daha qaçqın deyilik".

Füzulinin azad edilməsi Azərbaycana nə vəd edir?

"Bu 30 il ərzində düşmən təmas xəttində o qədər möhkəm istehkam qurub ki, bəziləri hesab edirdi ki, Füzuli şəhərini işğaldan azad etmək mümkün deyil. Hətta ən tanınmış hərbi mütəxəssislər də belə fikirdə idi ki, Füzulini götürmək, onu işğaldan azad etmək üçün bəlkə aylarla vaxt lazım olacaq. Bu əməliyyat uğurla nəticələnəcək-nəticələnməyəcək – bu, böyük sual altında idi” - prezident İlham Əliyev oktyabrın 17-də xalqa müraciəti zamanı, Füzuli şəhərinin işğaldan azad olunduğunu xəbər verərkən belə deyib. O, həmçinin qeyd edib ki, Füzuli ətrafındakı bir neçə müdafiə xəttinin yarılması Azərbaycana növbəti strateji üstünlüklər verir.

Bu üstünlüklər nədən ibarətdir?

"Exo Baku” saytının və eyni adlı "Youtube” kanalının redaktoru, siyasi şərhşi Rauf Mirqədirov bundan sonrakı mərhələnin asan olmayacağı qənaətindədir: "Hadrutu çıxmaq şərtilə, keçmiş Dağlıq Qarabağ Muxtar vilayəti ərazisində dərinə getməmişik. Şuşa və Xankəndinə çox yaxınıq, amma rayonları azad etmək o qədər də asan deyil. Məsafənin azlığı heç də onu qət etməyin asan olması demək deyil”.

R.Mirqədirov döyüşlərdə Azərbaycan üçün iki vacib strateji hədəfin olduğunu vurğulayır. O hesab edir ki, bunlardan biri Laçın dəhlizinin bağlanması, digəri isə İranla sərhəd ərazilərdə nəzarətin bərpasıdır. Laçın dəhlizinın alınmasının hələlik çətin olduğunu deyən şərhçi ikinci istiqamətdə daha çox uğur qazanıldığını deyir: "Füzuli və Cəbrayıl azad olunub. İranla sərhədin bir hissəsi azad olub, qalıb Zəngilan. Müstəqil dövlətin və onun dayanıqlığının ən vacib şərtlərindən biri sərhədlərə nəzarət etməkdir, bu baxımdan Füzulinin alınmasını ciddi nailiyyətdir”.

R.Mirqədirov bildirir ki, BMT Təhlükəsizlik Şurasının qətnamələrinə tamamilə zidd sülh şərtlərinin qəbul olunması Azərbaycan diplomatiyasının ən böyük məğubiyyəti idi: "İndiyə qədər bizə deyirdilər ki, bəylər, xanımlar, hörmətli azərbaycanlılar, biz sizi çox istəyirik, çünki sizin neftiniz var; biz sizinlə əməkdaşlıq etməkdə maraqlıyıq, amma reallıqlar var. Ermənilər nəinki Dağlıq Qarabağı nəzarətdə saxlayır, eyni zamanda, Dağlıq Qarabağ ətrafında 7 rayona da nəzarət edir. Azərbaycan diplomatiyasının 1990-ci illərdən başlayan məğubiyyəti son dövrlərədək eyni xətt üzrə davam edirdi".
R.Mirqədirov hesab edir ki, cəbhədəki son uğurlardan sonra şərtlər Azərbaycanın xeyrinə dəyişəcək.
Yusifovlar ailəsi isə intizarla Füzuliyə qayıda biləcəkləri günü gözləyirlər: "Mən Füzulidə 22 il yaşamışam. Lap bircə gün də yaşasamış olsaydım, ora mənim torpağımdı, elim-obamdı. Necə deyərlər, gəzməyə qərib ölkə, ölməyə vətən yaxşı. Vətənimin bir qarış torpağına da qurban olum".

Aytac Məmmədova