16:51, 14 May 2018 (Bazar ertəsi) 900

Gənc müəllimin istəyi: İstilik, işıq, internet...

Gənc müəllimin istəyi: İstilik, işıq, internet...
"İki seçim arasında qalmışdım, müəllimliyi seçdim”.  

Bu sözləri gənc müəllim Aysel Səfərzadə Toplum.tv-yə deyib.

Aysel Səfərzadənin 24 yaşı var, Şəki şəhəri Baş Göynük kəndi 1 nömrəli tam orta məktəbdə informatika fənnindən dərs deyir. 

"Müəllimliyə həvəsim özümdən 8 yaş balaca qardaşıma dərslərində kömək edərkən yarandı. Onda "sənə muəllimlik çox yaraşar” - deyirdilər, iki secim arasında qalmışdım, muəllimliyi seçdim. Madiyyatı düşünmədim, işə başlayanda isə "maaşım nə qədər olacaq”,- deyə sual vermədim, neçə sinf  və uşaq olacaq deyə maraqlandım”,- həvəslə danışır.
 
 

Gənc müəllim 6 sinfə və təxminən 115 uşağa İnformatika fənnindən dərs deyir:
"Uşaqlar həmişə mənə maraqlı gəlib, onların istəkləri, düşüncələri və s. Müəllim olmaq çətindi, bəzi valideynlərlə anlasmaq və yaxşı mənada şagirdləri "razı salmaq" isə lap çətindi”. 

"Kənddə vəziyyət başqadır”

"Kənddə yeniliyi çətin və gec qəbul edirlər, hətta bəzən heç qəbul etmirlər. Şagirdlərlə işləmək asandır mənim üçün, ancaq etiraf etməliyəm ki, valideynlərlə çətindir. Valideynlərdə müəllimə qarşı bir növ qorxu, soyuqluq var. Ən sevdiyim cəhətləri isə əsla qiymət üçün mənə müraciət etməmələridir.
Şagirdlərimdə həvəs yaranması üçün yoxlama yazı işlərində hər dəfə yüksək nəticə göstərənlərə hədiyyə və fəxri fərman verirəm, buna görə çox həvəslənirlər. Düşünürəm ki, şagirdlərim daha çox oxuya bilərlər, həm özlərində, həm də valideynlərində laqeydlik çoxdu”, - müəllim gileylənir. 

"Kənd şagirdlərinə dəstək daha çox lazımdır”

Aysel Səfərzadə deyir ki, məktəbdə kompüter, işıq və internet problemi var. 

Ona görə də şagirdlər bilik və bacarıqlarını ortaya qoya bilmirlər, çətinlik çəkirlər, çünki onlar üçün imkanlar azdı: "Kompüter var, amma bəziləri işləmir, işləyən kompüterlərdə də lazım olan proqramlar yoxdur. Data kartım, kompüterim və proyektorum köməyimə çatır, o da işıq olanda. Olmayanda isə oyunlarla keçirəm, təlimlərdə, konfranslarda öyrəndiyim üsullardan istifadə edirəm. Bəzən onlara maraqlı olsun deyə açıq havada belə dərs keçirəm”.

"100-dən çox məktubum var”
 
"Şağirdlərimə gələcəkdə seçəcəkləri peşə ilə bağlı məktublar yazdırıram, 100-dən çox məktubum var. Aralarında qeyri-adi peşə istəyən yoxdur, ancaq ən əsası odur ki, informatika müəllimi olmaq istəyənlər var.
 
 

Düzü, hamısının belə bir arzusu yoxdu, ancaq çox istərdim ki, olsun. Çünki valideynlərin bəziləri laqeyid, bəziləri isə imkansızdır. Özü oxumaq istəyib ailəsinin narazılığı ilə üzləşənlər də var, ən çox da qızlar”. 
 
 

Həvəslə davam edir: "Dərs desəm başqa, amma deməsəm də, indi dərs dediyim şagirdlərimin son zənglərinə gedəcəm, ən yüksək nəticə göstərən şagirdlərimə hədiyyə alacam. Çox istəyirəm ki, tanınmış şəxsiyyət olsunlar. Ana balasını sevdiyi kimi sevirəm hər birini. Seçdikləri peşədə daima uğurlu olsunlar. Müəllim kimi isə istəklərim istilik, işıq, internet və ən əsası valideyn diqqəti, birliyidir”.

Lalə İsgəndərli 
Toplum.Tv