21:32, 09 Avqust 2019 (Cümə) 52

Gəncə hadisələrində həbs olunanlardan 4 nəfər azadlığa buraxıldı

Gəncə hadisələrində həbs olunanlardan 4 nəfər azadlığa buraxıldı
Gəncə hadisələrinə görə həbs olunan şəxslərdən 11 nəfərlik qrupun apelyasiya şikayəti üzrə məhkəmə prosesi yekunlaşıb. 

Bu barədə Meydan.Tv xəbər verib.

Xəbərdə deyilir ki, Gəncə Apelyasiya Məhkəməsinin qərarıyla təqsirləndirilən 11 nəfərdən 4-ü məhkəmə zalından azadlığa buraxılıb. Qalan 7 nəfərin cəzası isə azaldılaraq 10 ildən 4 il 6 ay – 6 ilə endirilib.

Azadlığa buraxılan dörd nəfər bunlardır - Kamal Məmmədtağıyev, Rauf Qurbanzadə, Mireşqin Seyidov və Qadir Hüseynov. Prokuror çıxışında Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmüylə onlara təyin edilmiş 6 illik cəzanın 2 ilə endirilmısini istəyib. Məhkəmə isə adları çəkilən şəxslərin hər birinə 1 il cəza təyin edib. Onlar ötən ilin iyulundan – bir ildən də çoxdur ki, həbsdədilər. Ona görə də məhkəmə zalından azadlığa buraxılıblar.

Cəzası azaldılan digər 7 nəfər isə Kamal Quliyev, Raul Süleymanov, Ülvi Həsənov, Vüqar Allahverdiyev, Samir İbrahimov, Əli Rzayev və Xəyal Qafaqovdur. Onlara qarşı Cinayət Məcəlləsinin 220.1 (kütləvi iğtişaşların təşkili), 315.1 (polisə müqavimət) maddələrilə ittiham irəli sürülüb.

Gəncə hadisələri ilə bağlı Baş Prokurorluq, Daxili İşlər Nazirliyi və Dövlət Təhlükəsizlik Xidməti birgə yaymışdı:

"2018-ci il iyulun 10-da, saat 20 radələrində 150-200 nəfərdən ibarət radikal dini yönümlü bir qrup şəxs Gəncə şəhər İcra Hakimiyyətinin inzibati binasının önündəki meydana toplaşaraq asayişi kobud şəkildə pozmağa cəhd göstəriblər.

Xidməti vəzifələrini yerinə yetirən polis əməkdaşlarının xəbərdarlığına məhəl qoymayan qanunazidd hərəkətlərin iştirakçıları özləri ilə gətirdikləri küt və kəsici-deşici alətlərlə asayiş keçşikçilərinə müqavimət göstəriblər.

Polis əməkdaşlarının həyata keçirdikləri qətiyyətli tədbirlərlə onların hüquqazidd əməllərinin qarşısı alınmaqla, 40 nəfəri tutularaq Gəncə Şəhər Baş Polis İdarəsinə gətirilib, qalanları qaçaraq ərazini tərk ediblər.

Görülmüş operativ tədbirlərlə təxminən 30 dəqiqə ərzində şəhərin mərkəzində asayiş tam bərpa edilib.

Təəssüflə qeyd edirik ki, qanunsuz hərəkətlərin qarşısı alınarkən xidməti vəzifələrini yerinə yetirən iki polis zabiti – Gəncə Şəhər Baş Polis İdarəsinin rəis müavini, polis polkovniki İlqar Balakişiyev və Nizami Rayon Polis İdarəsinin rəis müavini, polis polkovnik-leytenantı Səməd Abbasov radikal ünsürlərin kəsici-deşici alətlərlə yetirdikləri zərbələr nəticəsində şəhid olublar.

Fakt üzrə Baş Prokurorluqda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.3, 120.2.7, 220.1, 221.3 və 228.4-cü maddələri ilə cinayət işi başlanılıb.

Cinayətin bütün iştirakçılarının və təşkilatçılarının müəyyən edilib məsuliyyətə cəlb olunmaları məqsədilə zəruri istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri həyata keçirilir.

Görülən işlərin gedişi barədə ictimaiyyətə əlavə məlumat veriləcək”.