21:21, 05 Sentyabr 2019 (Cümə axşamı) 103

"Gəncə işi" ilə bağlı növbəti məhkəmə keçirildi - VİDEO

"Gəncə işi” üzrə növbəti 8 nəfərlik qrupa prokuror iş istəyib.

Sentyabrın 5-də Bakıda Sabunçu Rayon Məhkəməsinin binasında Gəncə Ağır Cinayətlər Məhkəməsinin "Gəncə işi” üzrə keçirdiyi növbəti 8 nəfərlik qrupun məhkəmə prosesində çıxış edib. 

Dövlət ittihamçısı  həbsdə olan Bəkrəm Əliyevə 16 il, Həbib Qurbanova 15 il, Mirzə Hüseynova 8 il, Asif Cavadova 7 il, Şahin Verddiyevə 6 il, Elmir Hüseynzadəyə 7 il, Vüqar Yusifova 6 il, Emil Məmmədova 5 il azadlıqdan məhrumetmə cəzası istəyib.

Bundan başqa, dövlət ittihamçısı ibtidai istintaq zamanı həbsdə olan şəxslərə qarşı kütləvi iğtişaşların təşkili və hakimiyyət nümayəndəsinə qarşı zorakılıq və digər ittihamların təsdiqini tapdığını bildirib.

Sentyabrın 6-da məhkəmədə  müdafiə tərəfi çıxış edəcək.

Ötən il iyulun 3-də Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevə (artıq həmin vəzifədə çalışmır) və bir polis serjantına silahlı sui-qəsd olub, onlar xəsarət alıblar. Sui-qəsdi törətdiyi bildirilən Yunis Səfərov həbs edilib. Hüquq-mühafizə qurumları bunu terror əməli sayır və Yunis Səfərovun əsas məqsədinin Azərbaycanda şəriət qanunları ilə yönəldilən islam dövləti qurmaq olduğunu iddia edir. Səfərovun məhkəməsi başlamadığından o bu iddialara münasibətini hələ ictimaiyyətə açıqlaya bilməyib.

Rəsmi məlumata görə, iyulun 10-da Gəncədə 150-200 nəfərlik radikal dini qrupun keçirmək istədiyi aksiyada yüksək rütbəli polis zabitləri - İlqar Balakişiyev və Səməd Abbasov qətlə yetiriliblər.

Gəncə hadisələrinə görə həbs olunan 80-ə yaxın şəxsin işi bir neçə qrupa ayrılıb. Bəzilərinə hökm oxunub, bəzi işlər hazırda apellyasiya məhkəməsində araşdırılır. Apellyasiya instansiyasında 6 nəfər azadlığa buraxılıb, digəırlərinin isə həbs müddəti azaldılıb. 

Məhkəmələrə çıxışışları zamanı həbs olunanlar saxlanılarkən və ondan sonra bir neçə gün işgəncələrə məruz qaldıqlarını, təzyiq altında ifadələrə imza atdıqlarını bildiriblər.

Daxili İşlər Nazirliyi isə saxlanılan şəxslərə işgəncə verilməsi barədə deyilənləri təkzib edib. Bildirilib ki, məsuliyyətdən yayınmaq və özünümüdafiə məqsədilə məhkəmədə həqiqətə uyğun olmayan ifadələr verirlər.
 
Hazırladı:
Nərgiz Absalamova