11:51, 20 İyun 2019 (Cümə axşamı) 80

Gəncə məhbusu: ''Belimə nə qədər vurdular, amma sındıra bilmədilər''

Gəncə məhbusu: ''Belimə nə qədər vurdular, amma sındıra bilmədilər''
"Mənə elə işgəncə verdilər ki, dəqiq bilirəm, ermənilər azərbaycanlı əsirlərə elə işgəncə verməyib”.

Bu sözləri məhkəmədə Gəncə hadisələrinə görə həbs olunanlardan Vüqar Xudiyev deyib.

Gəncə hadisələrinə görə həbs olunanların işi bir neçə qrupa bölünüb. Elvin Nəzərov, Elman Rüstəmov, Elvin Allahverdiyev, Nemət Heydərli, Renat Məmmədov və Vüqar Xudiyevdən ibarət altı nəfərlik qrupa artıq hökm də oxunub. Lakin onlar özlərini təqsirli bilmirlər və hökmdən apelyasiya şikayəti veriblər. Onların şikayətinə Bakı Apelyasiya Məhkəməsinin binasında Gəncə Apelyasiya Məhkəməsinin hakimləri baxır.

İyunun 19-da məhkəmədə təqsirləndirilən şəxslər çıxış ediblər.

Vüqar Xudiyev bildirib ki, Gəncədəki 10 iyul aksiyasında iştirakda təqsirləndirilir, halbuki, onu həmin aksiyadan bir xeyli əvvəl tutublar. Onun sözlərinə görə, həmin gün digər təqsirləndirilən Elvin Nəzərovun xahişilə onun Gəncəyə gələn dostlarını İmamzadə ziyarətgahına aparıb. Daha sonra birlikdə Xan bağına gedib, orada çayxanada çay içərkən polislər onları tutub aparıb. V.Xudiyev bildirir ki, aksiya axşamçağı olub, onları isə günorta saxlayıblar: "Həmin gün səhər saat 8-9 arası Elvinin dostları Eyruz və Səbuhi Mingəçevirdən gəlmişdi. Onlarla (həbs olunublar, başqa qrupun tərkibində mühakimə olunurlar) İmamzadəni ziyarət edəndən sonra Daşkəsənə - Xoşbulağa dincəlməyə gedəcəkdik. Çay içmək üçün oturmuşduq. Polislər gəlib onlarla birlikdə idarəyə getməyimizi istədilər”.

V.Xudiyev bildirir ki, əvvəlcə idarədə onlara səbəbini izah etmədən 15 sutka inzibati cəza veriləcəyini deyiblər. Barələrində belə bir məhkəmə qərarı da çıxarılıb. Lakin V.Xudiyev deyir ki, onları məhkəməyə aparmayıblar: "Dedilər ki, göstəriş var, saxlanılıb gətirilmisənsə, mütləq sutka verilməlidir”.

V.Xudiyevin sözlərinə görə, o, daha sonra polis idarəsində ağlasığmaz işgəncələrə məruz qalıb:

"Belimə nə qədər vurdular, amma sındıra bilmədilər. Məni stula bağlayıb, hara gəldi, atırdılar. Soruşurdular ki, Rəşadı (Gəncədə polisləri qətlə yetirməkdə təqsirləndirilən) tanıyırsan? Deyirdim ki, tanımıram. O qədər döydülər ki, qabırğalarım sındı, iki ay yerdən qalxa bilmədim”.

V.Xudiyev istintaq təcridxanasında həkimlərin ona lazımi tibbi yardım göstərməməsindən də şikayətlənib. Lakin hakim Salman Hüseynov onun çıxışını kəsərək, işin mahiyyətindən danışmağı tələb edib.

"Mahiyyət budur da. Kəpəz Rayon Polis İdarəsində məni dayanmadan döydülər. Amma DTX-da mənimlə normal rəftar etdilər”, - deyə V.Xudiyev cavabında bildirib.

O əlavə edib ki, saxlanılandan dərhal sonra – 10 iyul günorta saat 1 radələrində telefonu alınıb. Lakin cinayət işinin materiallarında onun telefonuna həmin gün gecə saat 11-də zəng gəldiyi yazılıb: "Onda mən polis idarəsində olmuşam, gecə saat 11-də mənim telefonumdan icra hakimiyyətinin yaxınlığında kim istifadə edib? Bunu araşdırmaq lazımdır”.

Təqsirləndirilən Elvin Nəzərov da ittihamın uydurma olduğunu, onlara böhtan atıldığını bildirib: "Allahdan niyə qorxmursunuz? Olmayan şeyləri niyə üstümə qoyursunuz?”

Təqsirləndirilən Nemət Heydərli 10 iyul aksiyasında iştirakını təsdiqləyən sübut – videogörüntü ortaya qoyulmasını tələb edib. Onun vəkili Nazim Musayev isə bildirib ki, həmin gün Nemətlə birlikdə Elvin Mehdizadə də saxlanılıb, lakin o, sonradan buraxılıb: "Elvin Mehdizadənin dindirlməsini istəyirik”.

Prokuror bildirib ki, təqsirləndirilən şəxslərin işgəncə haqda dedikləri əsassızdır. Bu zaman E.Nəzərov bildirib ki, işgəncə izləri hələ də əllərində, bədənində qalır. O, prokurordan yaxına gəlib həmin izlərə baxmasını istəyib.

Məhkəmə prosesi iyunun 24-nə qədər təxirə salınıb.

Bu təqsirləndirilən şəxslərə martın 1-də hökm oxunub. Hakim Xaqani Səmədovun sədrliyilə çıxarılan hökmə əsasən, təqsirləndirilən şəxslərdən dördü Cinayət Məcəlləsinin 220-ci (kütləvi iğtişaşların təşkili və ya iştirak) maddəsilə təqsirli bilinib, Renat Məmmədov 6 il, Elvin Allahverdiyev, Elvin Nəzərov və Vüqar Xuliyev isə 7 il azadlıqdan məhrum edilib. Daha iki nəfərə - Elman Rüstəmov və Nemət Heydərliyə Cinayət Məcəlləsinin 220-ci maddəsindən əlavə 315-ci (polisə müqavimət göstərmə və ya zor tətbiq etmə) maddəsilə də ittiham irəli sürülüb. Onlara isə 8 il həbs cəzası kəsilib.

Onların heç biri özlərini təqsirli bilmir, ağır işgəncələr altında törətmədikləri əmələ görə etiraf ifadələrinə imza atdıqlarını deyirlər.

Daxili İşlər Nazirliyi isə işgəncə iddialarını təkzib edir və bu barədə səslənən şikayətlərin həqiqətə uyğun olmadığını bildirir.

Meydan.Tv