23:05, 17 Oktyabr 2020 (Şənbə) 76

Gəncə sakini: “Yazırlar ki, gəncəlilər qaçıb, şəhər boşdur. Yalandır”

Gəncə sakini: “Yazırlar ki, gəncəlilər qaçıb, şəhər boşdur. Yalandır”
"O boyda bina sanki yer yarılıb içinə girib”

Oktyabrın 17-də gecə saat 1 radələrində Gəncə növbəti dəfə Ermənistan hərbi qüvvələrinin raket atəşinə məruz qalıb. Nəticədə 14 nəfər həlak olub, 52 nəfər yaralanıb. Münaqişə bölgəsindən uzaqda yerləşən Gəncə şəhəri artıq üçüncü dəfədir ki, vurulur. Partlayış baş verən ərazidəki yaşayış binalarına, iaşə və ticarət obyektlərinə ciddi ziyan dəyib.

"Millət hadisə yerindədir, icra başçısı yoxdur”
Raketin düşdüyü binadan təxminən 20 metr aralıda - İnşaatçılar küçəsi, mənzil 7 ünvanında yaşayan İlahə Adıgözəlova deyir ki, yeni təmir olunmuş fərdi yaşayış mənzili qəzalı vəziyyətə düşüb: "Evi yeni təmir etdirmişdik, bütün pəncərələr sınıb, qapılar qırılıb. Həyətdə çardağın tavan hissəsi uçub. Prezidentə yalvarıram, Ermənistanın bu haqsız əməlinə layiqincə cavab verilsin. Belə zülm, belə vəhşilik olar? 70 yaşım var, gecə yatdığım yerdə evimi başıma uçururlar. Raket düşən əraziyə baxanda adam dəhşətə gəlir, o boyda bina yer yarılıb içinə girib sanki. İcra Hakimiyyətindən üç nəfər gəldi, baxış keçirib, yazıb getdilər. Yazmaq mənim nəyimə lazımdır? Qabaqdan qış gəlir, yağış evin içinə yağacaq. Allah ermənilərin belini qırsın. Soruşuram ki, icra başçısı hanı, hardadır? Müavini deyir ki, yerində. Deyirəm ki, ilin-günün bu vaxtında başçı da yerində oturar? Millət burdadır, başçı yoxdur”.

"Partlayışın gücündən çilçıraq qopub düşdü”
 
Digər Gəncə sakini Günay Məmmədova deyir ki, hadisə baş verən ərazi polislərin ciddi nəzarəti altındadır. Ətrafda olan marketlər və digər mağazalar fəaliyyətini dayandırıb: "Gecə 3 dəfə güclü partlayış səsi eşitdik, hamımız küçəyə qaçdıq. Sanki zəlzələydi. Ev silkələndi, elə bildik, bu dəqiqə başımıza uçacaq. Çilçıraq tavandan qopub yerə düşdü. Əraziyə çox xiyan dəyib, yaşayış binalarının, ticarət obyektlərinin qapı-pəncərələri tamamilə yararsız hala düşüb. Artıq qorxuruq, bacımgilin körpə uşaqları var, onları şəhərdən çıxaracağıq. Evlərdən əsər-əlamət qalmayıb”.
Aynur Əliyevanın sözlərinə görə, atəşkəs  elan olunsa da, ermənilər buna əməl etmirlər:
"Emənilər şəhərimizi mütəmadi atəşə tutur. Amma xəbərlərdə Gəncə haqqında heç nə demirlər. Atılan mərmilər zərərsizləşdirilir, yəqin ona görə... Gəncəlilər öz ev-eşiklərini qoyub heç yerə gedən deyillər. Hamımızın ürəyi orda, Qarabağdadır. Biz ordumuza da,  qələbənin yaxın olduğuna da inanırıq. Tezliklə bu qara buludlar başımızın üzərindən çəkiləcək” - Aynur Əliyeva belə deyir.

"Uşaqlar partlayış səsindən qorxub ağlayırlar”

"Ermənilər Azərbaycana qarşı torpaq iddiasından, xalqımıza qarşı vəhşiliklərdən əl çəkmir. Uşaq vaxtı bu haqda tarix kitablarında oxuyurduq, indi canlı şahidiyik” - Gəncə sakini Ənvər Mahmudov belə deyir.
O, Qarabağda döyüşlər başlayandan müharibə şəraitində yaşadıqlarını və buna artıq alışdıqlarını qeyd edir:
"Partlayış səsləri artıq bizim üçün adiləşib. Ən çox gecə saatlarında atırlar, yatdığın yerdə başına raket düşə bilər. Bakıdakı dostlarım soruşur ki, niyə çıxıb gəlmirsən. Amma mənim belə bir fikrim yoxdur, proseslər bitənə qədər burada olacam. Sosial şəbəkələrdə xoş olmayan statuslar yazırlar, guya gəncəlilər qaçıblar, şəhər boşdur. Bunlar hamısı şayiədir, yalandır, biz öz yerimizdə, işimizdə-gücümüzdəyik,  Gəncədə həyat davam edir. Ola bilsin, körpə uşaqları olan ailələr gedib, çünki uşaqlar partlayış səsindən qorxub ağlayırlar”.
Vahid Həsənov deyir ki, döyüş bölgəsindən gələn şad xəbərlər onlarda yüksək əhval-ruhiyyə yaradır: "Hamı kimi, biz gəncəlilər də sevinirik. Hər dəfə ölkə başçısı növbəti ərazilərimizin işğaldan azad olunduğunu elan edəndə sevincimiz yerə-göyə sığmır”.
Oktyabrın 5-də səhər saatlarında erməni silahlı qüvvələri Gəncə şəhərinin mülki əhalisinin yaşadığı məntəqələri ağır artilleriyadan atəşə tutub.

Gəncə Beynəlxalq Xəstəxanasının, 34 saylı orta məktəbin, Şah İsmayıl Xətai küçəsində yerləşən mebel fabrikinin yaxınlığına, "Yevlax avtovağzalı” deyilən əraziyə və mərkəzi bazara raket atılması nəticəsində 1 nəfər dinc sakin həlak olub, 3 nəfər  müxtəlif dərəcəli bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib, mülki təyinatlı binalara və şəhər infrastrukturuna külli miqdarda ziyan dəyib.
Oktyabrın 11-də gecə saat 2 radələrində ermənilər ikinci dəfə Gəncəni raket atəşinə tutub. Nəticədə 9 nəfər həlak olub, 35 nəfər yaralanıb, 10-dan artıq çoxmənzilli binaya və 100-dən çox müxtəlif təyinatlı obyektə ziyan dəyib. Təhsil Nazirliyinin məlumatına görə, Gəncədə yaralanan uşaqlardan 2-si ikinci,  2-si üçüncü, digərləri isə 4, 6, 7, 10 və 11-ci sinif şagirdləridir.
Baş Prokurorluğun məlumatına görə, sentyabrın 27-dən etibarən erməni təcavüzü nəticəsində ölkə üzrə 43 mülki şəxs həlak olub, 218 nəfər xəsarət alıb, 1592 fərdi ev, 79 çoxmənzilli yaşayış binası, 290 mülki obyekt yararsız hala düşüb.
Oktyabrın 16-dan 17-nə keçən gecə ermənilər şəhərin mərkəzinə Cenevrə konvensiyasıyla qadağan olunmuş "Elbrus” ballistik raketi atıb. Ərazidəki yaşayış evlərinə və mülki obyektlərə böyük ziyan dəyib. Son məlumatlara görə, 14 mülki şəxs həlak olub, 52 nəfər yaralanıb.
Ermənistan hərbi birləşmələri Azərbaycanın bir sıra şəhər və kəndlərinə raket zərbələri endirməkdə davam edir.

Aytən Həsənova