12:18, 27 Oktyabr 2020 (Çərşənbə axşamı) 139

Geridə qalan bir ay

Geridə qalan bir ay
Oktyabrın 27-də Qarabağda hərbi əməliyyatarın başlamasından bir ay tamam olur. Bu müddət ərzində  Azərbaycan hansı qazancı əldə etdi, hansı itkilərə məruz qaldı? "Toplum TV” bu suala cavab axtarıb.

Bu günədək Azərbaycan ordusu Cəbrayıl, Füzuli, Zəngilan və Qubadlı şəhərlərini, bir neçə qəsəbəni, 100-dən artıq kəndi, əhəmiyyətli yüksəklikləri işğaldan azad edib.

Bundan başqa, Ermənistanın silahlı qüvvələrinə aid çox sayda silah-sursat, hərbi texnika ya sıradan çıxarılıb, ya da qənimət kimi götürülüb. Həm Azərbaycan, həm də Ermənistan qarşı tərəfin xeyli sayda canlı qüvvəsini məhv etdiyini desə də, bu haqda dəqiq informasiya verilmir. Azərbaycan prezidenti İlham Əliyev həlak olan hərbçilərin sayının döyüşlər başa çatdıqdan sonra açıqlanacağını bəyan edib. Rusiya prezidemti Valdimir Putinsə ötən həftə hər iki tərəfin 5 min nəfər itki verdiyini bildirib. 

Keçmiş diplomat Hikmət Hacızadə deyir ki, müharibədə itki vermək qaçılmazdır: "Təəssüf ki, şəhidlərimiz, hərbi texnika baxımdan itkilərimiz var”.
 
"Qələbəyə 10 km qalıb!” 

H.Hacızadə Azərbaycanın bir ayda böyük uğurlar qazandığını düşünür: "Ordumuz tarix yazıb, tarixi uğurclar əldə edib. Qələbəyə on kilometr qalıb! Bu, bizim üçün böyük tarixi hadisədir”. 

O deyir, Azərbaycan bundan sonra diplomatik həmlələrə hazır olmalıdır: "Yəqin ki, ordumuz Xankəndinə yaxınlaşanda təzyiqlər başlayacaq. Deyəcəklər ki, ora girməyin, danışıqlar aparın, ermənilərə muxtariyyət verin və sairə. Ölkə başçısı bugünkü çıxışında artıq ona təzyiqlər olduğunu dedi. İndi o təzyiqlər güclənəcək. Azərbaycan-Türkiyə birliyi buna hazır olmalıdır. Yaxşı işləməlidirlər, daha yaxşı hazırlaşmalıdırlar. Diplomatik davranmaq lazımdır, aqressiv çıxışlara, yuxarıdan danışmaqlara ehtiyac yoxdur. Həm işimizi görməli, həm də sülhpərvər nitqlər söyləməliyik”.
 
"Əsas qazancımız psixoloji olaraq "məğlub xalq” sindromundan qurtulmağımızdır”

Siyasi şərhçi Şahin Hacıyevə görə, son bir ayda başlıca qazanc psixoloji olaraq "məğlub xalq” sindromundan qurtulmaqdır. 

"İkinci qazancımız işğaldan azad olunan ərazilərimizdir. Düşmənin zəifləməsi, geri çəkilməsi - bunların hamısı nəticədir”.

S.Hacıyev bəzi məsələlərin hələ də problem olaraq qaldığını deyir: "Məsələn, beynəlxalq təzyiq, erməniləri dəstəkləyən qüvvələrin aktivləşməsi və geosiyasi vəziyyət... Böyük dövlətlər Azərbaycanı birmənalı dəstəkləmirlər. Hazırda erməniləri də açıq dəstəkləmirlər. Amma onların məğlub olmasını da istəmirlər. Faktiki olaraq ermənilərin tərəfindədirlər. Ən böyük problem də elə budur”. 

"Artıq biz də status-kvonu hərbi yolla müəyyənləşdirdik” 

Keşmiş döyüşçü Tofiq Yaqublu da ötən ayın hərbi əməliyyatlar baxımından uğurlu olduğunu söyləyir: "Birincisi, torpaqlarımızın xeyli hissəsi azad olunub, bu, çox böyük qazancdır. Buna sevinməmək olmaz. Son bir ayda üç-dörd ildə döyüşə-döyüşə verdiyimiz torpaqların bir hissəsini geri qaytarmışıq. Üstəlik, bu məsələ aktuallaşdı, dünya həqiqəti gördü. İndiyədək deyirdilər ki, bu məsələnin hərbi yolla həlli mümkün deyil. Məlum oldu ki, hərbi yolla həll var imiş. Birinci Qarabağ savaşında status-kvonu Ermənistan tərəfi hərbi uğurlarla müəyyənləşdirmişdi, indi də biz status-kvonu hərbi yolla müəyyənləşdirdik”. 

T. Yaqublu son bir ayda Türkiyə-Azərbaycan münasibətlərindəki səmimilyin, yaxınlığın əyani hal aldığını  deyir: "Daha bir qazancımız ondan ibarətdir ki, illərlə danışılan "bir millət iki dövlət”, Türkiyə-Azərbaycan qardaşlığı faktik olaraq özünü göstərir, Türkiyə diplomatik sahədə, hərbi-texniki yardım sahəsində və digər məsələlərdə tam bizim yanımızdadır. Türkiyənin dəstəyi olmadan biz vəziyyətin necə olacağını deyə bilmərik”. 

 T. Yaqublu regionda Rusiyanın təsirinin azalmasını da vacib hadisə kimi qeyd edib və bunu Azərbaycanın uğuru adlandırıb. 

 Azərbaycanın iddiasına görə, sentyabrın 27-də Ermənistan cəbhə xəttində təxribat törədib və buna cavab olaraq Azərbaycan ordusu əks hücuma keçib.

Döyüşlər nəticəsində Azərbaycan ordusunun Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı şəhərlərini, eləcə də onlarla digər kənd və yüksəkliyi işğaldan azad etdiyi bildirir. 
 
Oktyabrın 10-da və 18-də Moskvada, oktyabrın 26-da AB-da Azərbaycan və Ermənistan XİN rəhbərləri arasında humanitar atəşkəs razılaşması əldə olunub.
 
Qızılgül Abdinova