20:10, 10 May 2019 (Cümə) 55

"Gülüstan" sarayı ətrafında ağaclar niyə kəsilib?

ETSN: Ağaclar başqa əraziyə köçürülür

Bakıda "Gülüstan" sarayı ətrafında inşaatçılar onlarla çoxillik iynəyarpaqlı ağacı kəsib.

Məlumatı mayın 9-da "Turan” Agentliyi yayıb.

 Məlumata görə, Bakıda, Şəhidlər xiyabanı ərazisində  yerləşən Gülüstan sarayının ətrafında bir sıra çoxillik ağaclar inşaatçı fəhlələr tərəfindən kəsilib. 

Məsələ ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyindən (ETSN) Ekoloji maarifləndirmə və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Səyyarə Məmmədova  "Report”a  açıqlama verib. 

Açıqlamada bildirilir ki, ağacların başqa əraziyə köçürülməsi ilə bağlı iş aparılır.

Onun sözlərinə görə, ərazidə elektrik yarımstansiyası tikildiyinə görə ağaclar qouma altına alınıb.

"Tikinti başa çatdıqdan sonra həmin ərazidə Nazirliyin əməkdaşlarının nəzarəti ilə yeni ağacların əkilməsi təmin ediləcək. Yaşıllıqların qorunması ilə bağlı sayıqlıq göstərərək  Nazirliyə müraciət etmiş ictimaiyyət nümayəndələrinə minnətdarlıq bildiririk”, - o bildirib. 

Şəhla Abbas