15:19, 16 İyul 2019 (Çərşənbə axşamı) 86

"Günəşli" yatağından ölüm xəbəri gəlib

İyulun 16-da Xəzər dənizindəki "Günəşli" yatağında ölüm baş verib.

Bu barədə  Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) məlumat yayıb.

Məlumatda bildirilir ki, iyulun 15-də saat 18:50 radələrində «Günəşli» yatağındakı 14 saylı dərin dəniz özülündə Elmi təhqiqat işləri istehsalat sahəsinin operatoru, 39-yaşlı Seymur Vəlixanov hamamda yıxıldığı vəziyyətdə aşkar edilib. Açıqlamada onun vəfat etdiyi bildirilir.

"İlkin rəyə əsasən, ölümə baş nahiyəsinin xəsarəti və beyinə qan sızması səbəb olub. Hadisənin baş vermə səbəbləri «Azneft» İstehsalat Birliyinin baş direktorunun əmri ilə yaradılmış komissiya tərəfindən yerində araşdırılır...".

Məsələ ilə bağlı mərhumun yaxınlarından, hələlik, açıqlama almaq mümkün olmayıb.

"Günəşli"  Xəzər dənizində, Bakının 120 km şərqində «Azəri-Çıraq-Günəşli» platformasında neft yatağıdır. Bu yataq ötən əsrin 60-cı illərində tapılıb.

4 il öncə Xəzərdəki «Günəşli» neft yatağında ağır faciəli hadisə baş vermişdi. Həmin vaxt yanğın olmuşdu. Oradakı 64 neftçidən yalnız 34-ü xilas edilmişdi.