12:26, 09 Mart 2020 (Bazar ertəsi) 119

Gürcüstan müxalifəti aksiyalarını dayandırıb

Gürcüstan müxalifəti aksiyalarını dayandırıb
Gürcüstan müxalifəti hakim partiyaya qarşı etiraz aksiyalarını dayandırdığını bəyan edib. 

Bu barədə müxalif Yeni Gürcüstan Partiyasının lideri Giorgi Vaşadze bildirib. O deyib ki, ötən gün hakim "Gürcü Arzusu” Partiyası ilə razılığın əldə edilməsindən sonra müxalifət etiraz aksiyalarına moratorium elan ediləcək.

Qeyd edək ki, ötən il iyunun 21-dən Tbilisidə keçirilən genişmiqyaslı etiraz aksiyalarında 2020-ci ildə parlament seçkilərinin proporsional (partiya siyahısı) sistemlə keçirilməsi tələb edilib. Ötən gün ABŞ-ın bu ölkədəki səfirliyində müxalifətlə hakim partiya arasında keçirilən görüşdən sonra 2020-ci ilin payızında keçiriləcək seçkilərin 120 yer proporsional və 30 yer majoritar olmaqla, 1% baryerlə keçirilməsi barədə razılığa gəlinib. Razılığa əsasən, ümumi səslərin 40%-dən çoxunu toplaya bilməyən partiya parlament çoxluğu sayılmayacaq.

APA