21:10, 21 İyun 2019 (Cümə) 72

"Gürcüstandakı qarşıdurma Rusiyanın mənafeyinə uyğundur" - Politoloq

İyunun 20-də Tbilisidə parlamentin qarşısında aksiyalar başlayıb. 

Aksiyalara səbəb Parlamentlərarası Pravoslav Assambleyasının (PPA) Tbilisidə keçirilən 26-cı Baş Assambleyası zamanı Assambleyanın sədri, Rusiya Federasiyasının deputatı Sergey Qavrilovun parlament spikeri kürsüsündən nitq söyləməsi olub. 

Qavrilovun çıxışı qalmaqal yaradıb. 

Gürcüstan parlamentinin müxalifətçi üzvləri toplantını pozublar. 

"Gürcüstan Xəyalı Partiyası” da toplantıya sədrliyin rusiyalı deputatlara yox, qurumun yunanıstanlı baş katibinə həvalə olunmasını tələb ediblər. 

İyunun 21-də Gürcüstan parlamentinin sədri İrakli Kobaxidze Azərbaycana rəsmi səfərini yarımçıq dayandırıb. 

Tbilisiyə geri dönən sədr istefa verib. 

Onun yerinə isə  parlamentinin birinci vitse-spikeri Tamar Çuqoşvili müvəqqəti olaraq spiker səlahiyyətlərini yerinə yetirəcək.

Keçirilən etiraz aksiyalarında 240 nəfər xəsarət alıb, onlardan 102-si klinikalara yerləşdirilib.

Gürcüstanın səhiyyə nazirinin birinci müavini Zaza Boxua xəsarət alanları ziyarət etmək üçün getdiyi İnqorokva klinikasında xəsarət alanlar barəsində məlumat verib.

Onun sözlərinə görə, xəsarət alanlardan birinin vəziyyəti ağırdır, ikisi isə əməliyyat olunur.

Bundan əlavə, parlament binası qarşısındakı etiraz aksiyalarında xəsarət alan iki nəfərin gözü cərrahi müdaxilə ilə götürülüb.

Aksiya zamanı 305 iştirakçı saxlanılıb.

 Baş verənləri şərh edən siyasi ekspert Şahin Cəfərli "ToplumTv”yə deyib ki, qarşıdurma ancaq Rusiyanın mənafeyinə uyğundur: "Gürcüstanda vətəndaş qarşıdurması yaransa, sabitlik pozulsa, bundan ancaq Rusiya fayda götürəcək”.
 
 
Şahin Cəfərli

Şahin Cəfərli baş verən aksiyalar haqqında danışarkən bildirib ki, Gürcüstanda seçki qabağı inqilab həm iqtidarın, həm də müxalifətin işinə yaramır. 

Müxalifət olanları seçki ərəfəsində hakimiyyətə qarşı istifadə edib, iqtidarı nüfuzdan salmağa çalışacaq: "Dünənki hadisədən, yəni rusiyalı deputatın parlamentə gəlib şef kimi yuxarı başda oturmasından müxalifət mümkün qədər faydalanacaq. Təbii ki, bu hadisələr " Gürcü Arsuzu”nun mövqelərinə zərbə vuracaq. Müxalifət də bundan maksimum istifadə etməyə çalışır ki, seçkiyə qədər iqtidarı zəiflətsin”. 

Ekspert iyunun 20-də, aksiyalar başladıqdan sonra sabiq prezident Saakaşvilinin sosial platforma üzərindən çağırışı haqqında da danışıb: "Son illər Gürcüstanda keçirilən hər seçkidən əvvəl Saakaşvilinin fəallaşması və özünü müxalifətin lideri kimi cəmiyyətə təqdim etməsi hesab edirəm ki, hər zaman müxalifətin əleyhinə işləyir. Düzdür, Saakaşvili Gürcüstanda çox müsbət addımlar atdı. Ciddi islahatlar apardı. Gürcüstanı inkişaf yoluna çıxardı. Bunlarla yanaşı hakimiyyəti dövründə onun radikal islahatlarından zərər çəkmiş çox geniş təbəqələr var və bu təbəqələr Saakaşvilinin qayıtmasını istəmir. Saakaşvili fəallaşdığı anlarda hakimiyyət də bundan istifadə edir, ondan narazı qalan təbəqələri yenidən qorxutmağa başlayır. Deyir ki, bizi dəstəkləməsəniz, Saakaşvili qayıdacaq və sizə yenidən divan tutacaq”.

Şahin Cəfərli deyir ki, Saakaşvili meydana çıxanda bütün müxalifətin oyunu pozulur: "Dünən aksiyada polis ilk vaxtlar onlara müqavimət göstərməyib. Saakaşvili yenidən internet vasitəsilə müraciət elədi ki, mən polisləri hakimiyyətə tabe olmamağa çağırıram. Konkret olaraq inqilab ssenarisi təşkil elədi. Beləliklə, müxalifətin dünənki aksiyası pozuldu. Hakimiyyət bundan sonra radikallaşmağa başladı. Xüsusi təyinatlıları aksiya ərazisinə göndərdilər və insanlara güc tətbiq olundu”. 

Ekspertin fikrincə, Qərb bu olanlar qarşısında sakit qalmayacaq: "Avropa Gürcüstanda olanlara dünən ilk reaksiyasını verdi, tərəfləri təmkinli olmağa çağırdı. Qərb Gürcüstanda sabitliyin olmasında maraqlıdır. Hakimiyyətin ifrat şəkildə güc tətbiq etməsinə və insan hüquqlarını pozmasına təbii ki, Qərb öz iradını bildirəcək”.

Əbülfət Baxşəli