18:08, 27 Noyabr 2019 (Çərşənbə) 216

“Hamıya bərabər şəkildə uşaqpulunun verilməsini məntiqsiz sayıram” - İqtisadçı

“Hamıya bərabər şəkildə uşaqpulunun verilməsini məntiqsiz sayıram” - İqtisadçı
Əmək və Əhalinin sosial müdafiəsi naziri çıxışında uşaqpulunu vermək üçün 3,3 milyard manat tələb olunduğunu qeyd etmişdi və bu qədər vəsaitin bu məqsəd üçün gələn ilin büdcəsindən ayrılmasının mümkünsüz olduğunu bildirmişdi.

İqtisadçı Qubad İbadoğlu isə deyir ki, büdcəni rasionallaşdırmaqla bu pulu ayırmaq mümkündür. 

İqtisadçı feysbuk hesabında məsələni şərh edərkən bildirib ki, növbəti ilin dövlət büdcəsində iqtisadi təsnifat üzrə "Malların satınalması” bölməsi 28,2 faizlik xüsusi çəki ilə 7,6 milyard manat məbləğində nəzərdə tutulub: ""Büdcə zərfi”nə daxil edilmiş məlumatlar əsasında aparılmış təhlil həmin vəsaitin 45,6 faizinin "Sair xərclər” və "İstehlakyönümlü xərclər” üzrə proqnozlaşdırıldığını göstərir. Bu o deməkdir ki, 3,5 milyard manatlıq vəsait "Sair xərclər” və "İstehlakyönümlü xərclər” adı ilə qapalı saxlanılır, yəni bu xərc maddəsi üzrə 3,5 milyard manat hələ bölüşdürülməyib.

Hesablama Palatasının hesablamalarına görə, 2020-ci ilin dövlət büdcəsinin layihəsində birdəfəlik təyinatlı xərclər üzrə 4602,1 milyon manat nəzərdə tutulmuşdur ki, bu da 2018-cı ilin icra göstəricisindən 1534,5 milyon manat və ya 50 faiz çoxdur”.

Qubad İbadoğlu qeyd edib ki, 2020-ci il üçün nəzərdə tutulmuş birdəfəlik təyinatlı xərclərin dövlət büdcəsinin xərclərində xüsusi çəkisi 17,1 faiz təşkil edir: "Birdəfəlik təyinatlı xərclər üzərində son təyinatı icra hakimiyyəti müəyyənləşdirir. Bu xərc maddəsi də bölüşdürülməyib. Odur ki, rəhbərlər istəsəydilər uşaq pullarının ödənilməsi üçün 2020-ci ilin büdcəsini rasionallaşdırıb, vəsait ayıra bilərlər”. 

İqtisadçı Natiq Cəfərli isə hamının eyni qaydada, bərabərləşdirilmiş şəkildə uşaqpulu almasına qarşıdır: "Mən diferensial yanaşmağın tərəfdarıyam. Yəni aztəminatlı çoxuşaqlı ailələr, ailəsində əngəlli uşağı olanlar, doğurdan da sosial müavinət, uşaqpulu və ünvanlı yardım almalıdır. Uşağı var deyə hamıya ucdantutma  uşaqpulunun verilməsi utopik  sosialist yanaşmasıdır. Bir sosial problemin utopik təzahürüdür. Azərbaycanda elə ailələr var ki, onların heç birinin uşaqpuluna ehtiyacı yoxdur. Niyə onlar almalıdırlar? Niyə ehtiyacı olmayanlara da eyni vəsait verilməlidir? Yəni bu, doğru yanaşma deyil. Ona görə də dövlətin bir strateji yol xəritəsi olmalıdır və bu yol xəritəsinə uyğun olaraq düzgün indikatorlar vasitəsilə təsbit edilməlidir ki, doğrudan da, ehtiyacı olan insanlara sosial müavinət və uşaqpulu ünvanlı şəkildə verilmələdir. Burada bərabərlik prinsipinin düzgün olmadığını düşünürəm. Ucdantutma hamıya uşaq pulunun verilməsi vəziyyətdən çıxış yolu deyil”.

Natiq Cəfərlinin sözlərinə görə ölkədə 18 yaşına qədər olan uşaqların sayı nəzərə alınsa, dövlət büdcəsi  hər il bu qədər böyük vəsaitin qəbul olmasında böyük problemlərlə qarşılaşa bilər: "Hazırda neftin qiyməti normal vəziyyətdədir, neft gəlirlərimiz var. Bəs sabah nə olacaq? Sabahı da düşünmək lazımdır. Ona görə də bu məsələdə populizmə qarşıyam. Ünvanlı sosial yardımlar isə artırılmalıdır. Bərabər şəkildə hamıya uşaqpulunun verilməsini məntiqsiz sayıram. 100-200 manat verilsə, bu milyardlarla vəsait edəcək. Məhz verilən pulun həmin uşağa xərcləndiyinə dövlət tərəfindən nəzarət olunmalıdır. Xarici ölkələrdə bununla bağlı praktika belədir ki, uşaq pulu verilən ailələrə qəflətən yoxlamalar tətbiq olunur  və uşağa istifadə olunan pulların çeki tələb olunur. Doğurdan da, dövlətdən alınan vəsait uşağa xərclənir. Ola bilər ki, uşağa verilən vəsait başqa yerlərə xərclənib. Buna nəzarət mexanizmi olmalıdır. Ona görə də bu məsələyə daha ciddi  elmi-populizmdən kənar yanaşmağın tərəfindəyəm”.

Şəmsiyyə İbişova