23:07, 07 İyun 2019 (Cümə) 55

Həbsdə olan jurnalistin vəziyyəti ağırlaşıb

Həbsdə olan jurnalistin vəziyyəti ağırlaşıb
İyunun 7-də Xətai Rayon Məhkəməsi "Bakupress" saytının rəhbəri, narkotik maddələrin qanunsuz dövriyyəsində təqsirləndirilən Şəfəq Ağacanın ev dustaqlığı ilə bağlı müraciətini təmin etməyib.

Bu barədə Şəfəq Ağacanın övladı "Facebook" səhifəsində yazıb.

İyunun 5-də axşam saatlarında Kürdəxanı İstintaq Təcridxanasında anasının səhhətinin yenidən ağırlaşıb.

"İyunun 5-də saat 20:00-00:00 arasında səhhəti yenidən ağırlaşan baş redaktor Şəfəq Ağacan saxlanıldığı Kürdəxanı İstintaq Təcridxanasında komaya düşüb. Penitensiar Xidmət həkimlərinin müdaxiləsilə Şəfəq Ağacanı komadan çıxarmaq mümkün olub. Anam Şəfəq Ağacan istintaq müddətində dəfələrlə ölümlə üz-üzə qalsa da, Penitensiar Xidmətin həkimləri onu həyata qaytara bilib. Səhhətinin yaratdığı ağır vəziyyətə görə ev dustaqlığı ilə bağlı təqdim etdiyimiz müraciətə iyunun 7-də saat 11:30-da Xətai Rayon Məhkəməsində baxılacaq", - o yazıb.

Mayın 3-də Xətai Rayon Məhkəməsi narkotik vasitələrin satışı ilə məşğul olmaqda təqsirləndirilən Şəfəq Ağacanın barəsində 3 aylıq həbs qətimkan tədbiri seçib.

Ş. Ağacan mayın 1-də həbs olunub. Polisin onu paytaxtın Nərimanov rayonunda, 5 saylı xəstəxananın qarşısında narkotik maddə satarkən tutduğu açıqlanıb. İddia olunur ki, sayt rəhbəri çəkisi 311 qramdan çox olan qurudulmuş marixuananı 100 ABŞ dolları və 1830 manata satarkən yaxalanıb.

Ş.Ağacan ittihamları qəbul etmir, psixotrop tərkibli dərman satışıyla əlaqədar araşdırmalarına görə şərləndiyini deyir.