15:55, 07 Noyabr 2019 (Cümə axşamı) 73

Həbsdə olan Qarabağ qazisinin qızı ilə bağlı açıqlama verildi

Həbsdə olan Qarabağ qazisinin qızı ilə bağlı açıqlama verildi
Həbsdə olan AXCP üzvü, Qarabağ müharibəsi əlili Asif Yusiflinin şəkərdən əziyyət çəkən qızı Esmira Yusifovanın durumu ilə bağlı açıqlama verilib.
 
Bakıdakı 6 saylı Birləşmiş Şəhər Xəstəxanasının baş həkimi Bəyalı Məmmədov noyabrın 7-də Report.az-a deyib ki, 1998-ci il təvəllüdlü Esmira Yusifova ötən gün saat 15:45 radələrində təcili tibbi yardım maşını ilə bu tibb ocağına gətirilib: "Esmira Yusifova anadangəlmə şəkər xəstəsidir, daim insulindən istifadə etməlidir. Görünən odur ki, müalicəsini düzgün aparmayıb. Dünən qanda şəkəri yüksəlib və xəstəxanamıza gətirilib, dərhal reanimasiya şöbəsinə yerləşdirilib, lazımi adekvat tibbi tədbirlər aparılıb, vəziyyəti sabitləşib. Nə dünən, nə bu gün komada olub, huşu aydındır.

Xəstədə ciddi narahatlıq, müalicə dinamik müşahidə altında davam edir. Bir müddət nəzarətimiz altında qalmalıdır. Səhhəti tam sabitləşdikdən sonra xəstəliyinə uyğun tibb müəssisəsinə köçürəcəyik”.

Bildirilir ki, noyabrın 6-da 5 saylı Şəhər Kliniki Xəstəxanasına aparılan Esmira Yusifova orada yaxşı olduğunu əsas gətirərək təklif olunan müayinə və müalicədən imtina edib və iltizamnamə yazaraq evə gedib.

AXCP Ali Məclisi Rəyasət Heyətinin üzvü olan Asif Yusifli 2014-cü il noyabrın 25-dən həbsdədir. 2015-ci il iyulunda məhkəmə onu dələduzluqda və sənədlərin saxtalaşdırılmasında təqsirli bilərək 7 il 6 ay müddətinə azadlıqdan məhrum edib. 2016-cı il mayın 4-də Ali Məhkəmə cəzanı 6 ilə, 2017-ci il martın 2-də 5 ilə endirib.

Bir çox yerli və beynəlxalq hüquq müdafiə təşkilatı Asif Yusiflini siyasi məhbus sayır.

Azadliq.info noyabrın 7-də yazıb ki, Asif Yusiflinin qızı Esmira şəkərdən komaya düşüb, poliklinika onun paytaxtdakı 22 saylı Birləşmiş Şəhər Xəstəxanasına aparılmasına göndəriş versə də, həmin xəstəxana, o cümlədən təcili yardımla aparıldığı 5 saylı Şəhər Kliniki Xəstəxanası Esmiranı qəbul etməyib.

Qeyd olunub ki, xəstənin yaxınlarının Azərbaycan Tibb Universitetinin Tədris Terapevtik Klinikasına giriş haqqını ödəməyə imkanı olmadığı üçün Esmira 6 saylı Birləşmiş Şəhər Xəstəxanasına yerləşdirilib, həmin tibb ocağı isə onun komadan çıxarılması üçün uyğun deyil.

Esmiranın şəkər xəstəliyinə atası həbs olunan gün evlərinə polislərin basqını zamanı qorxduğu üçün tutulduğunu bildirilir.

AXCP sədri Əli Kərimli özünün feysbuk səhifəsində Səhiyyə Nazirliyini Esmiranın müalicəsi üçün təcili tədbir görməyə çağırıb.