12:22, 11 Aprel 2019 (Cümə axşamı) 160

Həbsdəki cəbhəçi: “Əvvəl məhkəmələr yalançı şahidləri də olsa, çağırırdılar, indi buna da ehtiyac duymurlar”

Həbsdəki cəbhəçi: “Əvvəl məhkəmələr yalançı şahidləri də olsa, çağırırdılar, indi buna da ehtiyac duymurlar”
Milli Şuranın aprelin 6-na təyin etdiyi mitinq öncəsi AXCP-nin dörd üzvü həbs olunub ki, onlardan biri də Paşa Umudovdur. Martın 29-da Xətai Rayon Məhkəməsinin qərarıyla ona 15 sutka inzibati həbs verilib.
 
P.Umudov küçədə ünvansız söyüş söyməkdə və onu intizama dəvət edən polis əməkdaşına müqavimət göstərməkdə ittiham olunub.

P.Umudovun 15 günlük həbsi haqda qərardan apelyasiya şikayəti verilib. Aprelin 10-da Bakı Apelyasiya Məhkəməsində həmin şikayətə hakim Rəşad Abdulov baxıb. P.Umudovun vəkili Zibeydə Sadıqova bildirib ki, Xətai Rayon Məhkəməsi ancaq polislərin dediklərinə əsaslanaraq qərar çıxarıb. AXCP fəalı orada nə küçədə söyüş söydüyünü, nə də polisə müqavimət göstərdiyini desə də, hakim əhəmiyyət verməyib: "Paşa Umudov müxalifət partiyasının üzvüdür. Eyni vaxtda müxtəlif yerlərdə bu partiyanın daha üç üzvü həbs olunub və eyni maddə ilə cəzalandırılıb. Hüquqlarını müdafiə etdiyim şəxs bildirir ki, onların həbsinin səbəbi siyasi fəaliyyətlərilə bağlıdır. Hətta Paşa Umudov təəccübləndi ki, nə əcəb ona 30 sutka yox, 15 sutka veriblər. O, saxlanılarkən üstündə su sayğacına balans yükləmək üçün kart olub. Dediyinə görə, polislər özləri həyətə gəlib, onu aparmaq istəyəndə xahiş edib ki, imkan yaradın, kartı çatdırım, ailəm susuz qalmasın. Buna da imkan verməyiblər. Onu həyətdən polislərin gəlib apardığını qonşular da görüb. Amma məhkəmə Paşa Umudovun xeyrinə ifadə verə biləcək şahidlərin heç birini dindirməyib, videogörüntülərə baxmayıb”.

Vəkil P.Umudov haqqında Xətai Rayon Məhkəməsinin çıxardığı qərarın ləğvini, bəraətverici əsaslarla bu işə xitam verilməsini, onun hüquqlarını pozaraq qanunsuz saxlamış polislər haqqında isə xüsusi qərar çıxarılmasını istəyib.

Daha sonra P.Umudov özü çıxış edib. Bildirib ki, martın 28-də su kartına pul yükləmək və çörək almaq üçün evdən çıxmışdı. Geri qayıdanda həyətdə "Prado” markalı bir maşın, yanında da iki nəfər mülkigeyimli görüb: "Mənə baxırdılar, yaxınlaşıb soruşdular ki, "Paşa sənsən?” Dedim ki, hə. Bildirdilər ki, "bizimlə getməlisən”. Nə baş verdiyini başa düşdüm. Başına gələn başmaqçı olar. Bundan əvvəl də eyni maddə ilə məni tutmuşdular. Heç onda da polisə müqavimət göstərməmişdim. Mən özüm də vaxtilə polisdə işləmişəm. Nə isə, onlara dedim ki, biriniz mənimlə çıxaq, çörəyi və su kartını evə verim, sonra gedək. Çünki evdə susuz qalmışdılar. Buna da razılaşmadılar”.

P.Umudovun sözlərinə görə, ona deyiblər ki, on dəqiqəyə buraxacaqlar, amma polis idarəsinin müvəqqəti saxlama yerinə aparıb, kəmərini çıxartdıranda həbs olunduğunu başa düşüb: "Səhərə qədər şəraitsiz kamerada, stulun üstündə oturub mürgülədim. Səhər protokol tərtib elədilər. Nə qədər təkif elədim ki, yaxınlarıma xəbər verin, heç olmasa, su kartını evə çatdırın, bunu da eləmədilər. Əvvəl məhkəmələr yalançı şahidləri də olsa, çağırırdılar, indi buna da ehtiyac duymurlar. Söyüş söydüyümü iddia edən polisləri həm də şahid qismində dindirib, onların sözlərinə əsaslanıb 15 sutka verdilər”.
 
Meydan.tv